22 Dekabr 2024, Bazar

Torpaq silahla qorunmaqla yanaşı, milli ruhla da sevilməlidir ki, VƏTƏN olsun


Bu dəfə yolumuz Ordubadın ən səfalı yerlərindən biri Üstüpüyədir. Əslində, bu kəndə gəlməyimiz təsadüfi deyil. Bu yay bir neçə dəfə yanından ötdüyümüz Üstüpü kəndinin zəhmətkeş insanları ilə həmsöhbət olmaq arzusu bizi yenidən bu kəndə gətirdi. Naxçıvan-Ordubad magistralından sola ayrılaraq Üstüpüyə gedən yola çıxırıq. Başı ərşə dayanan cəviz ağaclarının kölgəsinə bürünmüş asfalt örtüklü rahat yolumuz bizi irəli apardıqca bir-birini əvəz edən kəndlər, gördüyümüz mənzərələr, zəhmətkeş insanların yaratdıqları ilə sanki başqa bir aləmə qovuşuruq. Bəli, rahat yollar. O yollar ki bir zamanlar tozlu-torpaqlı, daşlı-kəsəkli idi. Üz tutduğun ünvana bir saata getməli olacaq yolu iki saata ancaq qət edirdin. Hələ qışını demirəm. İndi isə Düylün-Çənnəb-Üstüpü-Məzrə qolunun gözəlliklərini seyr edirik. Tarixi evlər, müasir memarlığın əsəri olan kənd mərkəzləri, məktəblər, dağlardan üzü Araza doğru axan çay və göz işlədikcə uzanıb gedən yaşıllıq zolağı dünənlə bu günün, canlı təbiətlə antropogen təsirin tandemini yaradır. Kəndlərdəki müasir quruculuq insan amilinə verilən dəyərin, qazanılan uğurların və müasir inkişafın mənzərəsini gözlər önünə sərir. Bu yerlərin insanları ana təbiətin dilini bilib bu qiymətli sərvətdən onun ahənginə uyğun istifadə edirlər. Təbiət də onların zəhmətini əvəzsiz qoymur, qarşılığını birə-beş ödəyir.

 

Budur, qarşımızda hər bir tərəfi, sanki gül açan kələm sahələri ilə dolu Üstüpü kəndi... Qədim, dar məhəllələri, tarixi evləri, zəhmətsevər insanları, XVII-XVIII əsrlərə aid hamamı, məscidi və müasir infrastrukturu ilə Üstüpü kəndi modern inkişafdan öz nəsibini alıb. Dar vadi boyunca uzanan yaşıllıq zolağı, bu yaşıllıq arasında ilan kimi qıvrılan rahat asfalt yol, yeni məktəb binası və sosial obyektləri gözlərimiz önündə maraqlı bir tablo açır. Vadinin əkinçiliyə yararlı olan hər qarışı zəhmətkeş kəndlilərin əlində bol məhsullu tərəvəz anbarına çevrilib. Rayonun bu hissəsini dadlı-tamlı kələm, kartof və lobyanın məskəni də adlandıra bilərik. Bu mənzərəni yaradan insanlarla tanış olmağa tələsirik.
Kənd sakini Niftulla Əsədov həyətyanı sahəsində lobya – cax maşı və kələm yetişdirir. İlk dəfə eşitdiyimiz “cax maşı” ifadəsinin nə mənaya gəldiyini də elə Niftulla kişidən öyrənirik. Deyir ki, onlar yalnız yaşıl ləti üçün deyil, dənləri üçün yetişdirilən lobyanı “cax maşı” adlandırırlar. Naxçıvan bazarlarında, hətta Bakıda Üstüpü maşının dad-tamı çoxlarına bəllidir. Özünəməxsus hazırlanma üsulu ilə lobya dənələrindən bişirilmiş maş şorbasının dadından doyum olmaz. Bir dəfə Ordubadın bir kəndində evlərində qonaq olduğumuz sakinlərdən biri həyat yoldaşından israrla bizim üçün bu torpaqda yetişmiş kartofdan yemək hazırlamağını istəyirdi. Biz etiraz etsək də ailə başçısı burada yetişən kartofun dadının bir başqa olduğunu deyirdi. Deyirdi ki, alıcılar bu lobyanın qiymətini baha hesab etdikdə onlara deyirəm ki, bu lobyanın yağı da, qovurması da elə öz içindədir. Sadəcə, siz suya atıb bişərəcəksiniz, vəssalam. O zaman bu fikirlər bizim üçün, bəlkə də, o qədər inandırıcı deyildi. Amma üstündən bu qədər keçdikdən sonra o kartofun da, sonradan dadına baxmaq imkanı əldə etdiyimiz Ordubadın maş şorbasının da ləzzəti yaddaşımızda həmişəlik qalıb. Bu ləzzət isə insanların bu torpağa olan sevgisinin, qayğısının, alın tərinin təzahür etmiş halıdır.
Niftulla kişi deyir ki, hər il həyətyanı sahəsində əkdiyi kələmdən xeyli məhsul əldə edir. Bu il də 800 kələm şitili əkən təsərrüfatçı 3 tondan artıq məhsul yığacağı qənaətindədir. Deyir ki, əldə etdiyi məhsulla həm öz ehtiyaclarını ödəyir, həm dost-tanışa pay verir, qalanını isə yerli bazarlara çıxarır. Həyətdə bir dəqiqə də boş qalmır. Gah kələmlərin, lobyanın alağını edir, gah meyvə ağaclarına qulluq göstərir, gah da mal-qarasına qış üçün ot tədarük edir. Kəndin girişində isə ərik, alma, armud ağaclarından ibarət bağı var. Deyir ki, saxladığım bir inək gündəlik 10 litrdən artıq süd verir. Bu isə ailəmizin ehtiyaclarını artıqlaması ilə ödəyir.
Ordubadın ucqar dağ kəndlərinin evlərini limonsuz təsəvvür etmək mümkün deyil. Niftulla kişi həm də limonçuluqla məşğuldur.

* * *

Üstüpü kəndində muxtar respublikanın adlı-sanlı təsərrüfatçılarından olan, yaxşı məhsul istehsalçısı kimi tanınan Ziyad Kərimovla həmsöhbət oluruq. Həyətlərində bizi təsərrüfatçının anası Cəmilə nənə qarşılayır. Tut qurusu təmizləyən Cəmilə nənə deyir ki, kənddə yaşayan insanlar mütləq təsərrüfatın hər hansı bir sahəsi ilə məşğul olmalıdır. Özü də həyətdə bir neçə çeşiddə tərəvəz becərir, toyuq-cücə və qaramal saxlayır.
Belə zəhmətkeş bir ailədə doğulub böyüyən Ziyad Kərimovun təsərrüfata marağı da elə uşaqlıqdan başlayıb. Balacalığından ata-anasına kömək edib. Beləcə, torpağa, əməyə bağlı şəkildə yetişib. O, yaxşı bilir ki, burada yaşayanların birinci gəlir yeri torpaqdır. Torpaqla işləmək səriştə tələb edir. Bunun üçün təbiətin və torpağın dilini bilmək lazımdır. Deyir ki, torpağa sevgi hissi olmasa, ondan heç nə əldə edə bilməzsən. Elə bu hiss onu böyük bir ailə təsərrüfatçısına çevirib.
Üstüpü kəndinin “Nəbili yurdu” adlanan ərazisi coğrafi mövqeyi, özünəxas iqlimi, axar suları, bərəkətli torpaqları ilə əkinçilik üçün kifayət qədər yararlıdır. Bu yaylaq yeri dəniz səviyyəsindən xeyli hündür olduğundan daha çox miqdarda yağıntı alır. Ona görə də burada keyfiyyətli tərəvəz məhsullarının istehsalına üstünlük verilir. Nəbili yurdunda təsərrüfat işləri may ayında başlayır və sentyabr-oktyabr aylarına – məhsul yığımına qədər davam edir. Təsərrüfatçı 3 hektar sahədə kələm, 2 hektar sahədə kartof əkib. Bundan əlavə, lobya, xiyar, bibər və digər tərəvəz bitkiləri də burada yaxşı məhsul verir. Amma bununla belə ərazi kələm bitkisinin və kartofun yetişdirilməsi üçün daha çox uyğundur. Buradan tədarük olunan məhsul may ayına qədər yerli bazarı təmin etməyə imkan verir.

Onu da qeyd edək ki, Nəbili yurdunun bərəkətli torpaqlarında bitən rəngarəng, ətirli çiçəklər buranı arı ailələrinin saxlanılması üçün də əlverişli məkana çevirib. Təkcə ötən il 1400 arı ailəsi bu yaylaq yerinin çiçəklərindən min bir dərdin dərmanı olan, keyfiyyətli, dadlı-ləzzətli bal toplayıb.
Ziyad Kərimov deyir ki, təsərrüfat işləri vaxtlı-vaxtında həyata keçirilməlidir. Alağı vaxtında aparılmalı və gübrə verilməlidir. Gübrə olaraq daha çox üzvi gübrələrdən istifadə edir. Üzvi gübrələri isə yaxınlıqlardakı obalardan gətirirlər. Nəbili yurdunun torpağı da mineral maddələrlə zəngindir. Sahibkar deyir ki, torpağın tərkibinin laboratoriyada analiz etdirilməsi üçün təşəbbüs göstərib. Analizin nəticələrinə görə məlum olub ki, bu torpağın tərkibində 9 növ mineral və üzvi gübrə var.
Sahibkar yaradılan şəraitdən istifadə edərək kənd təsərrüfatının inkişafına, bazarın yerli və keyfiyyətli məhsulla təminatına dəstək verir. 20-yə yaxın kənd sakini bu təsərrüfat işlərinin həyata keçirilməsində ona kömək edir. Çünki tək əldən səs çıxmaz, – deyiblər. Həm bu ailələrin məşğulluğu təmin olunur, həm də onlar da məhsul istehsalında, Naxçıvan bazarlarında keyfiyyətli məhsul bolluğunun yaradılmasında, əhalinin ekoloji təmiz kənd təsərrüfatı məhsulları ilə etibarlı təminatında iştirak edirlər.
Xalqımızın minillik müdrik fikir, tarix toplusu olan “Kitabi-Dədə Qorqud”dan yaddaşlarda ilişib qalan “Torpağı əkib-becərmirsənsə , qorumağa, qorumursansa, əkib-becərməyə dəyməz” fikrini xatırladan sahibkar deyir ki, bu gün torpaqlarımızda əmin-amanlıq içində yaşamağımız və sərhəd bölgəsində belə rahat şəkildə təsərrüfatla məşğul ola bilməyimizi müzəffər Ordumuza borcluyuq. Buna görə də istehsal etdiyi məhsullardan hərbi hissələrə sovqat aparmağı da unutmur.
Gənc sahibkarın uğurları da kifayət qədərdir. 2015-ci ildə ərazi və məhsuldarlıq nisbətinə – az ərazidə yüksək məhsuldarlıq əldə etdiyinə görə muxtar respublika birincisi olub. 2019-cu ildə isə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı sahəsində səmərəli fəaliyyətinə görə “Rəşadətli əməyə görə” nişanı ilə təltif olunub.
Həmsöhbətimiz deyir ki, hər şeyi dövlətdən gözləmək olmaz. Vətəndaşlar da çalışmalıdır ki, muxtar respublikada məhsul bolluğuna töhfə versinlər. Buna görə də bu il muxtar respublikada ilk dəfə olaraq 10 min şitil qırmızı kələm əkib. Bundan əvvəl kiçik sahələrdə əkərək məhsuldarlığı yoxlayan sahibkar, bu sahəni də genişləndirmək qərarına gəlib. Deyir ki, buranın iqliminə uyğun olduğundan bu sahədən də yüksək məhsuldarlıq əldə edəcəyinə əmindir.
Sahibkar istehsal etdiyi məhsulu daha çox yerli bazarlara çıxarır. Payız mövsümündə yolunu Naxçıvan bazarlarına salanlar mütləq satıcıların “Üstüpü kələmi! Üstüpü kartofu!” deyə müştəri çağıran səslərini, ya da alıcıların “Üstüpü kələmidir? Üstüpü kartofu var?” kimi suallarını kifayət qədər eşidə bilərlər.
Kənd yerlərində yaşayanları mal-qarasız, toyuq-cücəsiz təsəvvür etmək olmaz. Ziyad Kərimov da ailəsi ilə birlikdə bir neçə baş heyvan saxlayır. Tədarük olunan məhsulu isə öz ailələrinin ehtiyacları üçün istifadə edirlər.
Təsərrüfata sevgisini həyətyanı sahəsində təbii şəraitdə yetişdirdiyi kivi ağacları ilə də sübut edir sahibkar. Daha çox subtropik iqlimin bitkisi olan ağacın bu gün Üstüpü torpağında qol-budaq atması onun torpağa bağlılığının daha bir göstəricisidir. Üstü meyvələrlə dolu olan bu ağacları isə 10 il əvvəl əkib.
Elə ki yay gəldi, bütün ailə üzvləri yığışır ata ocağına. İsti yay günlərini bu səfalı kənddə keçirmək, ötən çağları, keçmiş xatirələri yada salmaq, uşaqların geniş kənd həyətində yaşıl otlar üzərində qaçışması isə başqa bir aləmdir. Həyətdəki şah tutun iri ipək yarpaqları arasından parıldayan qırmızı-qara turşməzə giləmeyvələri, artıq yetişmiş bir üzü sarı, bir üzü qırmızı almanın yerə düşən şirin payları, payız armudunun iriləşmiş yaşılı-sarı meyvələri, hündür cəviz ağacının yaşıl qabığa bürünmüş, iri oval yarpaqlı fındığın yaşıl taclı və nəhayət, ağ tutun artıq qurumuş, elə biz gələndə də Cəmilə nənənin təmizləyib qışa hazırladığı meyvələri bu iqlim üçün qonaq olan kivinin meyvələri bu torpaqda yaşayan insanların əməksevərliyinin bəhrələridir.
Yaşıl çəmənliyin qoynunda uzanan, ləklərində özünə yer tutan sarı çiçəkləri, çəhrayı-qırmızı rəngli meyvələri ilə pomidor, ağ çiçəkləri, uzun, yumru, bəzən isə hər hansı bir formaya uyuşmayan, yaşıldan qırmızıya qədər dəyişən rəngləri ilə bibər, bənövşəyi çiçəkləri və meyvələri ilə badımcan, ağaclarla bəhsə girişirmiş kimi uzandıqca uzanan, böyüdükcə böyüyən, yanına basdırılmış quru ağac budaqlarından güc alırmış kimi mavi səmaya doğru can atan, ağ-sarı çiçəkləri, yaşıl gövdələrindən sallanan yaşıl meyvələri ilə lobya kolları torpağa göstərilən sevgidən güc alaraq bir-birindən dəyərli məhsullarını zəhmətkeş insanlara bəxş edir.
Hələ də sərin mehin əsdiyi günorta saatlarında oturduğumuz nahar süfrəsində kənd məhsullarının dadına baxırıq. Nəbili yurdunun kartofu, həyətdə yetişmiş tərəvəzlərin, dağların otundan, gül-çiçəyindən yemiş, dağ çaylarının suyundan içmiş dananın əti, bəslədikləri heyvanların südündən hazırladıqları pendiri və ətirli lavaşı alın təri və qabarlı əllərdən keçib bu süfrəyə gəlib.
Kərimovlar ailəsindən bu düşüncələrlə ayrıldıq. Qoy bu gün yaşadığımız cəmiyyətdə torpağı yaxşı əkib-becərən, maldarlıqla məşğul olan gənc torpaq mülkiyyətçilərimizin sayı çox olsun. Elə torpaq mülkiyyətçiləri var ki, onlar işləri ilə ad qazanır, bir alimin, məmurun, müəllimin, həkimin Vətəninə verə bildiyi qədər xeyir verir ölkəsinə. Ziyad Kərimov kimi...
Kənddə olarkən bizi ən çox sevindirən məsələlərdən biri də əkin sahələri ilə məşğul olan gənclərin çoxluq təşkil etməsi idi. Onlardan biri – 28 yaşlı Məmməd Məmmədli ilə həmsöhbət olduq. O, bütün ailəsini əkin işlərinə cəlb edib. Daha doğrusu, ailə təsərrüfatı yaradıb. Üstüpü üçün xarakterik olan bütün məhsullara onun təsərrüfatında da rast gələrsən.
Ümumiyyətlə, Üstüpüdə boş torpaq sahəsi tapmazsan. Hər kəs əkir-becərir, torpağa sahiblik edir. Çünki bu gün hər bir kənddə torpağını əkib-becərmək üçün kəndliyə hər cür şərait yaradılıb. Torpaqlar rayonlaşdırılıb, harada nə əkmək lazım olduğu, hansı mütərəqqi metodlardan istifadə etməyin yollarını kənd adamı yaxşı bilir.
Üstüpüdən ayrılmaq vaxtı çatmışdı. Kənddə ana Vətən torpaqlarını barlı-bəhərli gördükcə qürurlandıq. Qürurlandıq ki, üstüpülülər kənddən xeyli aralıda – ta Nəbili yurduna kimi gedib çıxıb, torpağı böyük həvəslə əkib-becərirlər. Belə bir söz var, torpaq silahla qorunmaqla yanaşı, milli ruhla da sevilməlidir ki, VƏTƏN olsun. Axı torpağı əkmiriksə, onda onu qorumağın da faydası yoxdur. Qədim və müasir Naxçıvanımızın hər qarışı həm qorunur, həm də böyük zəhmətlə əkilib-becərilir. Çünki bu ulu diyarda hər kəs bir ocağın başında toplaşıb, bir ocaqdan güc alır, bir ocaqda isinir. Şair Məmməd Arazın dediyi kimi:

Yenə dağ döşündə dənərləndi qar,
Yenə zirvələrin həsrətində qal...
Sel qopdu dərəyə düşdü qalmaqal,
Bir ocaq başında bir isinməsək
Sən kimə gərəksən,
Mən kimə gərək?!

Sara ƏZİMOVA,
Məmməd BABAYEV

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR