07 Oktyabr 2024, Bazar ertəsi

Tarixin izi ilə

   Azərbaycanın ayrılmaz bir parçası olan doğma Naxçıvanımızın tarix və mədəniyyət abidələrinin araşdırılması həmişə dövlətimizin diqqət mərkəzində olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov AMEA Naxçıvan Bölməsinin əməkdaşları ilə görüşündə bölmədə xeyli işlərin görüldüyünü, lakin qarşıda da xeyli vəzifələrin durduğunu demişdir. Belə mühüm məsələlərdən biri də Naxçıvanın rayonlarının tarixinin yazılmasıdır. 

 

Naxçıvan Muxtar Respublikasında insanların qədim dövrdən məskunlaşdığı bölgələrdən biri də Şərur rayonudur. Bu proses Uzaq Daş dövrünə gedib çıxır. Qazma mağarası, Ovçulartəpə, Qızqala və Oğlanqala abidələri bu yurdun tarixini öz qoynunda saxlamaqdadır. Rayonun tarix və mədəniyyət abidələri ilə bağlı çoxsaylı kitab və məqalələr yazılsa da, “Şərur” sözünün etimologiyası həmişə tədqiqatçıların diqqətini çəkmiş, müxtəlif fikirlər irəli sürülmüşdür. Qeyd edək ki, “Şərur” sözü həm mənbələrdə, həm də xalq arasında müxtəlif şəkildə işlədilmişdir. Bu ad “Kitabi-Dədə Qorqud” dastanında “Şəruk” kimi xatırlanmış, xalq arasında “Şərur” və daha çox isə “Şəril” kimi işlədilmişdir. Tədqiqatçılar daha çox sözün “Şərur” variantına üstünlük vermiş və onun etimologiyasını bu şəkildə izah etmişlər. Arif Rəhimovun fikrinə görə, elam-kassit dilində “Şeru” “çol”, “düzənlik” mənası ifadə etmişdir. Qeyd edək ki, Şərur rayonunun böyük hissəsi düzənlik olsa da, dağlıq ərazilər də var. Tədqiqatçı A.Bağırov “Şərur” adının “Salor”//“Salur” tayfa adından törəndiyini qeyd edir. Onun fikrinə görə, qədim türk dillərində geniş yayılmış “s”-“ş” dəyişməsi nəticəsində “Salur” – “Şalur” şəklinə və l – “r” dəyişməsi nəticəsində isə “Salur” – “Şarur” və nəhayət, “Şərur” şəklinə düşüb. Məlumdur ki, Salur 24 oğuz boyundan birinin adıdır. Tədqiqatçı F.Rzayev “Şərur”//“Şəril” sözündəki ikinci “ur”, “il” komponentlərinin qədim və müasir türk sözü olan “el”, “yurd” sözləri ilə səsləşdiyini qeyd etmişdir. Ümumiyyətlə, mövzu ilə bağlı araşdırmalar aparan tədqiqatçılar “Şərur” adının türk mənşəli olması barəsində həmfikirdirlər.

Digər tədqiqatçılar Şərur sözünün “Sar” və “Ur” komponentlərindən ibarət olduğunu və hər iki komponentin türk tayfalarının adı ilə bağlı olduğunu qeyd etmişlər. Şərur adının “Kitabi-Dədə Qorqud” dastanında xatırlanan “Şəruk” variantı qədim Şumer şəhərləri Ur və Urukla müqayisə edilmişdir. Qeyd etmək istəyirik ki, “Ur” qədim dillərdə, o cümlədən şumer dilində şəhər, “Sar” sözü isə türk dillərində yüksəklik mənasında işlədilmişdir. Müasir Azərbaycan dilində bu ifadə “sarğı” sözündə qorunub saxlanmışdır. “Ur” isə qeyd etdiyimiz kimi, şəhər, yüksəklik mənası ifadə etmişdir. Çünki qədim şəhərlər, adətən, yüksəklikdə inşa olunur, qala divarları ilə əhatə edilirdi. Ehtimal ki, şəhərlər ətraf ərazilərdən yüksəkdə yerləşdiyinə görə belə adlandırılırdı. Bu baxımdan “Şərur” sözünün şəhər mənasında işlədildiyini demək olar. “Kitabi-Dədə Qorqud” dastanında rast gəlinən “Şəruk” sözünün bu mənanı ifadə etdiyini demək olar. Məlum olduğu kimi, şumerlərdə Ur, Uruk şəhərləri olmuşdur. “Uk” şəkilçisi indi də Azərbaycan dilində sözdüzəldici şəkilçi kimi istifadə olunur. Məsələn: uç-uq, sök-ük və sair.


“Şərur” sözünün etimologiyası araşdırılarkən bu sözün mifoloji mənasına da diqqət çəkilmişdir. Bəzən mifologiyanın formalaşmasını daha gənc hesab edirlər. Lakin biz düşünürük ki, mifologiya çox qədim tarixə malikdir və qədim insanların həyatında dini inancların çox böyük rolu olub. Bu günə qədər gəlib çıxan inanclar və mifoloji dünyagörüşü qədim əcdadlarımızın tarixi ilə yaşıddır. Filoloq alimlərimiz “Şərur” sözünü Şumer mifologiyasında xatırlanan “Şərur” obrazı ilə bağlı olduğunu qeyd etmişlər. Tədqiqatçıların fikrinə görə, Şərur obrazı şumerlərdə xüsusi əhəmiyyətə və hörmətə malik olmuşdur, həm də o dərəcədə əhəmiyyətli olmuşdur ki, o, Ninurta kimi ilahəyə xalqa əzab verən Asaqanı öldürmək üçün göstəriş vermişdir. Mifin məzmunu tam məlum olmasa da, əfsanəyə görə, Ninurta Şəruru Asaqanın üzərinə atır və o, Asaqanı dəlib keçir. Göründüyü kimi, Şərur burada gücü, qüvvəti, əzəməti təmsil edir, tətqiqatçılar bu sözün nizə mənasında olduğunu da qeyd edirlər. Belə hesab edirik ki, xalq arasında daha çox işlədilən “Şəril” sözünün etimologiyası da yuxarıda deyilən fikirlərlə səsləşir. Qeyd etdiyimiz kimi, “sar” yüksəklik, yuxarı mənasını ifadə edir. “İl” isə el mənasındadır. Xalq arasında uzun illərboyu “Şəril” kimi xatırlanan bu diyar tarixi mənbələrdə “Şəril eli”, “Şəril mahalı”, “Şəril çuxuru” adları ilə xatırlanmışdır. “Şərili”, “Ağır Şərili” və “Orta Şərili” aşıq havaları indi də bu diyarda aşıqlarımızın dilindən düşmür.
Yuxarıda deyilənlərə yekun vuraraq deyə bilərik ki, Şərur rayonunun adı qədim Şumer mifologiyası ilə bağlı olmuş, yaşayış məntəqəsinin və nəhayət, müəyyən bir bölgənin adını ifadə etmişdir. Araşdırmalar göstərir ki, Şərur rayonunun qədim mədəniyyətləri Mesopotamiya ilə sıx iqtisadi-mədəni əlaqələr şəraitində inkişaf etmiş, Naxçıvan qədim şəhər mədəniyyətinin beşiyi olmuşdur.

“Şərur” sözünün etimologiyası bu bölgədə olan digər toponimlərə də aydınlıq gətirməyə imkan verir. Belə ki, yuxarıda qeyd etdiyimiz şumer dastanında yeraltı dünyanı təmsil edən “Kür” obrazına da rast gəlinir ki, bu da Şərur rayonunda olan Kürçülü kəndinin adında öz ifadəsini tapmışdır. Dastanda Şərur məhz yeraltı dünyanın hökmdarı olan Kür və onun nümayəndəsi Asaqaya qarşı mübarizə aparır. Qeyd etmək istəyirik ki, Kürçülü kəndinin adı bəzən yanlış şəkildə “Kürdçülü”, Qorçulu kəndi isə “Qurdçulu” yazılmışdır. Halbuki kəndlərin adı Kürçülü və Qorçulu şəklində olmuşdur. Tədqiqatçılar “Kür” və “Qor” sözlərinin eyni anlamda olduğunu yazmışlar. Məlum olduğu kimi, çullu tayfası qədim dövrlərdən Azərbaycan ərazisində yaşayan tayfalardan biri olmuşdur. Ümumiyyətlə, istər “Şərur” sözünün etimologiyası, istərsə də Şərurda saxlanılan digər yer, yurd və tayfa adları bu rayonun qədim tarixini izləməyə imkan verən, bu bölgənin qədim türk yurdu olduğunu təsdiq edən faktlardandır.
Şərur rayonunun tarixi ilə bağlı araşdırmalarımız davam edir. Belə hesab edirik ki, bu qədim diyarın tarixi ilə bağlı daha yeni faktlar aşkar olunacaqdır.

Vəli BAXŞƏLİYEV
AMEA-nın müxbir üzvü

 

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR