Yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan, rahat və çevik şəkildə təmin etmək məqsədilə dünən Naxçıvan şəhərindəki Mərkəzi bazarda Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin təşkilatçılığı ilə ənənəvi məktəbli yarmarkası təşkil olunub.
Yarmarkanın açılış mərasimində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxış edərək bildirib ki, ənənəvi olaraq təşkil edilən məktəbli yarmarkaları muxtar respublikada digər sahələr kimi təhsilin də inkişafına göstərilən diqqət və qayğının bariz nümunəsidir.
Naxçıvan Muxtar Respublikası iqtisadiyyat naziri Tapdıq Əliyev çıxışında diqqətə çatdırıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan şəhərində və rayonlarda ənənəvi məktəbli yarmarkaları fəaliyyətə başlayır. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır. Hazırda Naxçıvanda müəllim və şagirdlərin vahid geyim formalarına olan tələbatını ödəmək imkanına malik məktəbli geyimləri, köynək, ayaqqabı istehsalı olmaqla, 3 yüngül sənaye müəssisəsi fəaliyyət göstərir. Cari ildə də 3-ü istehsal müəssisəsi olmaqla, 23 sahibkarlıq subyektinin iştirak etdiyi yarmarkada 51 adda dərs ləvazimatları, məktəbli və idman formaları, məktəbli çantası, ayaqqabıları və başqa ləvazimatlar alıcılara münasib qiymətlərlə təklif olunur.
Təhsil naziri Rəhman Məmmədov çıxış edərək vurğulayıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə təhsilin inkişafı istiqamətində ardıcıl tədbirlər həyata keçirilir, şagirdlərin məktəbli geyimləri və dərs ləvazimatları ilə təminatı diqqət mərkəzində saxlanılır, hər il ənənəvi məktəbli yarmarkaları təşkil olunur. Sevindirici haldır ki, muxtar respublikada məktəbli geyimlərinə olan tələbat tamamilə yerli istehsal hesabına ödənilir. Bu gün təşkil edilən məktəbli yarmarkalarında da muxtar respublikada istehsal olunmuş məktəbli geyimləri əhaliyə təklif edilir. Artıq “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyi tərəfindən dəftərxana ləvazimatları, müəllimlər üçün dərs planları, lüğət dəftərləri, hüsnxətlər, dəftərlər, məktəbli kitabçaları nəşr olunur. Həmin nəşrlər də yarmarkada satışa çıxarılıb.
Sonra yarmarkaya gələnlər satışa çıxarılan məhsullarla tanış olublar. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanıb.
Valideynlər belə yarmarkaların təşkil olunmasına görə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, məktəbli yarmarkası muxtar respublikanın bütün rayonlarında təşkil olunur. Yarmarka sentyabr ayının 15-dək, saat 9:00-dan 14:00-a kimi əhaliyə xidmət göstərəcək.
Güntac ŞAHMƏMMƏDLİ