07 Oktyabr 2024, Bazar ertəsi

21 sentyabr Beynəlxalq Sülh Günüdür

Mahiyyətcə dinclik, əmin-amanlıq, qurub-yaratmaq, sosial, iqtisadi və mədəni inkişaf, insanların və insanlığın birlik və bərabərlik şəraitində yaşamasını özündə ehtiva edən sülh bəşəri məfhumdur. Sülh hər bir cəmiyyətin, ümumiyyətlə, bəşəriyyətin ən çox arzu etdiyi dəyərlərdəndir. Sülhün qorunması, insanların əmin-amanlıqda yaşaması, amansız müharibələrin, hər cür zorakılığın dayandırılması arzusu bütün tarixboyu bəşəriyyəti düşündürmüşdür. Bu mənada, əslində, sülhün günü olmur, çünki o, insanlığa hər gün lazımdır. Birləşmiş Millətlər Təşkilatı 1981-ci ildə 21 sentyabrın “Beynəlxalq Sülh Günü” kimi qeyd olunması barədə qərar qəbul etmişdir. Həmin tarixdən etibarən 21 sentyabr bütün dünyada “Beynəlxalq Sülh Günü” kimi qeyd olunur.

 

Beynəlxalq Sülh Günü insanların sülh şəraitində yaşamaq hüququ ilə yanaşı, bütün insan hüquq və azadlıqlarının gerçəkləşməsini, hər bir istəyə yalnız sülh şəraitində çatmağın mümkünlüyünü, eyni zamanda inkişaf, tərəqqi və bəşəri təhlükəsizliyi təcəssüm etdirir. İnsanlar arasında sülh dəyərlərini yaymaq, sülh mədəniyyətini təbliğ etmək zəruridir. Bu proses hər ölkədə və regionda onun tarixindən, mədəniyyətindən və ənənələrindən asılı olaraq özünəməxsus şəkildə inkişaf etdirilir.
Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda ikinci dəfə siyasi hakimiyyətə qayıtdıqdan sonra bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayət olan Xocalı soyqırımının əsl mahiyyəti açılmış və 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisində Xocalı soyqırımına hüquqi-siyasi qiymət verilmişdir. Ulu öndər böyük müdriklik və uzaqgörənliklə qan tökülməsinin qarşısını almış, 1994-cü ilin mayında atəşkəs haqqında müqaviləni imzalamaqla müharibənin müvəqqəti də olsa, dayandırılmasına nail olmuşdur. Bu isə, təbii ki, insan tələfatının qarşısının alınması ilə bərabər, regionda sabitliyin yaranması, ölkəmizin iqtisadi və hərbi gücünün artmasına səbəb olmuşdur.
Ulu öndər həmin dövrdə beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın Azərbaycan ərazilərinə hərbi təcavüzünə yönəltmiş, münaqişənin sülh yolu ilə həll olunması istiqamətində ardıcıl tədbirlər görmüşdür. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin qeyd-şərtsiz azad edilməsi üçün 822, 853, 874 və 884 saylı qətnamələr qəbul etmişdir. Bundan başqa, ATƏT-in 1994-cü il Budapeşt, 1996-cı il Lissabon və 1999-cu il İstanbul sammitlərində münaqişənin dinc və siyasi yollarla həlli istiqamətində də bir sıra mühüm təkliflər irəli sürülmüşdür. Xüsusilə 1996-cı ildə ATƏT-in Lissabon Zirvə Görüşü zamanı ümummilli liderin siyasi uzaqgörənliyi və müdrikliyi sayəsində Azərbaycanın mövqeyi dünyanın haqq və ədalət hissini itirməyən 53 dövləti tərəfindən qəbul və müdafiə olunmuş, xalqımıza qarşı törədilmiş faciələr, soyqırımı aktları tanınmışdır.
Böyük şəxsiyyətin rəhbərliyi ilə hazırlanmış və 1995-ci ilin 12 noyabrında ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş Azərbaycan Respublikası Konstitusiyasının preambula hissəsində ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh, əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək Azərbaycan dövlətinin ən ülvi niyyəti kimi təsbit olunmuşdur.Ümummilli lider Heydər Əliyevin sülhün və əmin-amanlığın əldə edilməsi istiqamətindəki əvəzsiz xidmətləri bütün dünya xalqları tərəfindən yüksək qiymətləndirilmiş, dahi şəxsiyyət 1999-cu il noyabrın 1-də Beynəlxalq Atatürk Sülh Mükafatına layiq görülmüşdür.
Dahi şəxsiyyətin sülhsevər siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısının uğurlu inkişaf strategiyası nəticəsində Azərbaycan bu gün öz iqtisadi qüdrətini daim artıran, eyni zamanda mütərəqqi beynəlxalq normalara uyğun insan hüquq və azadlıqları sistemini formalaşdıran dövlətə çevrilmişdir. “Azərbaycan sülhün, təhlükəsizliyin qarantıdır” – deyən dövlət başçısının apardığı gərgin daxili və xarici siyasət nəticəsində ölkəmizin beynəlxalq aləmdə nüfuzu artmış, dünya dövlətləri və nüfuzlu beynəlxalq təşkilatlar Azərbaycanın haqq işini dəstəkləyərək, ölkəmizin ərazi bütövlüyünü tanımışdır.
Cənubi Qafqazda ən qüdrətli və güclü orduya malik olan ölkəmiz Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə, qan tökülmədən, beynəlxalq hüququn hamılıqla tanınmış ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipləri əsasında qeyd-şərtsiz həll olunması sahəsində zəruri addımlar atmışdır. Bütün bunlara baxmayaraq, 2020-ci ilin 27 sentyabr tarixindən başlayaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı həyata keçirdiyi növbəti hərbi təcavüz aktı nəticəsində mülki əhali arasında tələfat olmuş, təhsil və səhiyyə müəssisələri, sosial, mədəni, tarixi, dini obyektlər ağır artilleriya qurğularından və qadağan olunmuş silahlardan istifadə edilməklə dağıdılmışdır. Ölkəmiz erməni təxribatının qarşısını almaq məqsədilə Vətən müharibəsinə başlamış və rəşadətli ordumuz 30 il işğal altında olan torpaqlarımızı azad edərək tarixi qələbə qazanmışdır. Azərbaycan Ordusunun gücü, Vətən oğullarının qətiyyəti qarşısında davam gətirə bilməyən düşmən noyabrın 10-da kapitulyasiya haqqında Bəyanatı imzalamağa məcbur oldu. Ölkə başçısı cənab İlham Əliyev demişdir: “Azərbaycan tarixdə heç vaxt belə parlaq Zəfər əldə etməmişdir, tarixdə heç vaxt indiki qədər güclü olmamışdır. Bizim gücümüz birliyimizdədir. Biz birlik nümayiş etdirmişik, əzmkarlıq nümayiş etdirmişik, qəhrəmanlıq nümayiş etdirmişik və bunun nəticəsində dəmir yumruqla düşmənin başını əzib öz doğma torpaqlarımızı azad etmişik”.
Üçtərəfli Bəyanatın 9-cu bəndində qeyd olunduğu kimi, regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir, bölgədə yerləşən dövlətlərin vətəndaşlarının, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə yaradılacaq dəhliz vasitəsilə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsi bərpa olunur. Dəhliz region dövlətlərinin istifadəsi üçün zəmin yaradacaq.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin rəhbərliyi ilə Naxçıvan blokada şəraitində inkişafın əsl nümunəsini ortaya qoyaraq Azərbaycanın sürətlə tərəqqi edən diyarına çevrilmişdir. Sülh və əmin-amanlıq şəraitində daxili imkanlardan və ehtiyat mənbələrindən səmərəli istifadə olunmuş, həyata keçirilən sabitləşmə, dönüş və inkişaf konsepsiyası iqtisadi və sosial müstəvidə yüksələn xətlə davam etdirilmiş, məqsədyönlü və davamlı inkişaf nəticəsində sabitlik qorunub saxlanılmışdır. Ötən dövrdə muxtar respublikada iqtisadiyyatın və sənayenin bütün sahələrinin inkişafı, istehsal və xidmət sahələrinin yaradılması, yeni iş yerlərinin açılması, yaşayış məntəqələrinin abadlaşdırılması, ərzaq və enerji təhlükəsizliyinin, səmərəli məşğulluğun təmin edilməsi, əhalinin maddi rifah halının yaxşılaşdırılması, muxtar respublikanın sürətli sosial-iqtisadi inkişafının bariz nümunəsidir. Təhlükəsizliyin carçısı rolunda çıxış edən Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması isə Azərbaycanın bu qədim diyarındakı zəngin mədəni-mənəvi irsə verilən yüksək qiymətin təzahürüdür.
Bu gün öz ərazi bütövlüyünü bərpa edən müstəqil Azərbaycan sülhün keşiyində duran, hər zaman qədim dövlətçilik ənənələrinə, eyni zamanda beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsiplərinə sadiq olan hüquqi dövlətdir. Ümummilli lider Heydər Əliyevin dediyi kimi: “Azad və demokratik cəmiyyət quruculuğu yolunda qətiyyətli addımlarını atan və geosiyasi cəhətdən olduqca həssas bölgədə yerləşən müstəqil Azərbaycan Respublikası üçün sülhün, sabitliyin hökm sürdüyü təhlükəsiz mühit həyati əhəmiyyət kəsb edən bir məsələdir”

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları
üzrə Müvəkkilinin (Ombudsmanın) mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR