Bu gün muxtar respublikada yaradılan çoxsaylı ailə təsərrüfatları əhalinin rifah səviyyəsinin yüksəlməsinə öz töhfəsini verən kiçik təsərrüfat birlikləri kimi diqqəti cəlb edir. Bu təsərrüfatların formalaşmasında əməksevərlik, ailə birliyi əsas şərtlərdəndir. Kənd yerlərində məskunlaşan ailələrin istehsal etdiyi məhsullarla həmin ailələrin həm öz istehlak tələbatlarının müəyyən bir qismi ödənilir, həm də artırılan təsərrüfat məhsullarını satmaq və ya dəyişdirmək yolu ilə gəlir əldə edilir. Bu da ailələrin sosial rifah halının yaxşılaşması ilə yanaşı, muxtar respublikada kənd təsərrüfatının inkişafına, nəticə etibarilə iqtisadiyyatımızın gücləndirilməsinə öz təsirini göstərir. Demək olar ki, hər il muxtar respublikamızda yeni ailə təsərrüfatlarının yarandığının şahidi oluruq. Onlardan biri də Naxçıvan şəhər sakini Anar Əzizova məxsus ailə təsərrüfatıdır.
Artıq 7 aydır ki, fəaliyyətə başlayan bu ailə təsərrüfatı partladılmış qarğıdalı – popkorn istehsalı ilə məşğuldur. Anar Əzizovla söhbət zamanı bu addımı atarkən onda bu ideyanın haradan yarandığı sualına cavab olaraq bildirdi ki, Naxçıvan kimi yerdə popkorn çoxsevilən çərəz növüdür. Uşaq vaxtlarımızdan evimizdə qonşularımızda bu çərəzin hazırlanmasını görmüşdük. Elə indinin özündə də mən, eləcə də ailə üzvlərim tez-tez bu məhsula müraciət edirik.
Müsahibim onu da əlavə edir ki, qarğıdalı bu gün dünyanın ən qədim bitkilərindən biridir. Bu bitkinin yaşıl kütləsindən, toxumundan, yağından geniş istifadə olunur. Toxumlarından müxtəlif yeyinti məhsulları hazırlanır. Bunların içərisində isə ən geniş yayılanı popkorndur. İnsanların asudə vaxtlarında istifadə etdikləri çərəzlərdən biri də popkorndur. Popkornun digər çərəzlərdən fərqi ondadır ki, istifadə edərkən əlavə tullantılar olmur. Bu isə popkornun çox istifadə olunduğu açıq məkanların çirklənməsinə də imkan vermir.
Onu da xatırladım ki, istifadə olunan xammalı Şərur rayonundan alıram. Bu işi həyata keçirmək üçün istifadə edilən avadanlıqlar enerjiyə qənaət etməyə imkan verən müasir son model avadanlıqlardır. Məhsulun tərkibində heç bir qatqı maddəsi olmadığından 180 gün saxlama müddəti var. Bunun əsas səbəblərindən biri də istifadə etdiyimiz təbii və mineral olan Naxçıvan duzudur. Hazırlanan məhsul iki çeşitdə - duzlu və duzsuz olur. Hazır olan məhsulu Türkiyədən sifariş etdiyim yeyinti məhsulları üçün yağlı paketlərə qablaşdırıram.
Vurğulamaq istərdim ki, bizə müvafiq dövlət qurumları tərəfindən köməklik göstərildi. Xüsusilə də məhsulun qablaşdırılması, onlar üçün müvafiq emblemlərin hazırlanması və digər istiqamətlər də bizə köməkliklər olundu. Bu gün artıq 40, 65, 115 qram yüksək keyfiyyətli kağız qablaşdırmalarda popkornlar ticarət şəbəkələrinə paylanılır. Bu isə muxtar respublikamızda ailə təsərrüfatlarına göstərilən hərtərəfli dövlət qayğısıdır.
Həkimlərin dediyinə görə, partladılmış qarğıdalı insan orqanizmi üçün xeyirlidir. Uşaqların boyunun uzanmasına və böyüklərin gözəl bədən quruluşuna sahib olmasına kömək edir. Faydaları sırasında o da var ki, tərkib etibarilə yüksək miqdarda olan polifenol maddəsi partladılmış qarğıdalını bir sıra meyvə və tərəvəzdən də vacib edir. Həmçinin qarğıdalı dəninin qidalanma dəyəri çox yüksəkdir. Onun tərkibinin 75%-i karbohidratlar, karotin, və bir sıra vitaminlər ilə zəngindir.
Anar müəllimin popkornla yanaşı istehsal etdiyi digər məhsul isə qovurqa və sumaxdır. Təsərrüfat başçısı deyir ki, ta qədim zamanlardan qovurqa necə hazırlanırdısa bu gün də ocaqda sacın üstündə qovururuq. Tərkibində küncütü, ərik dənəsi, badam, fındıq və sair ləpələr var. Ərsəyə gətirdiyim məhsulu 90 gün müddətində saxlamaq olur. Eyni zamanda sumaxıda Ordubaddan alıb gətirərək xüsusi bir avadanlıqla hazırlayıb qablaşdırıb satıram. Satılan məhsulun saxlama müddəti 180 gündür.
Müsahibim onu da bildirdi ki, fəaliyyətlərinə geniş imkanlar yaradılan ailə təsərrüfatları insanların məşğulluğunun təmin olunmasında böyük əhəmiyyətə malikdir. Məlumdur ki, ailə üzvlərinin hər biri zamanı yetişdikcə işləmək məcburiyyətindədir. Yeni iş yerlərinin yaradılması, əhalinin məşğulluq problemlərinin həlli isə daim dövlətimiz tərəfindən diqqət mərkəzindədir. Ailə təsərrüfatı ilə məşğul olanların ailə üzvləri isə belə tədbirlərə ehtiyac duymadan öz məşğulluqlarını təmin edirlər. Bu gün muxtar respublikamızda əmək qabiliyyətli əhalinin böyük bir hissəsi məhz aqrar sektora məxsus ərazilərdə, yəni kəndlərdə məskunlaşıb. Bu isə ailə təsərrüfatçılığının, başqa sözlə desək, eləcə də daxili bazarın yerli məhsullarla təmin edilməsinə öz töhfəsini verir.
Aytac CƏFƏRLİ