22 Dekabr 2024, Bazar

27 sentyabr 2020-ci il – 30 ilin nisgilinin, ölmüş ümidlərin, gözü ata-baba torpağında qalan bir milyona yaxın qaçqın və məcburi köçkünün yurd həsrətinə son qoyulmağa başlanıldığı gün... Bəli, gözümüzü açıb “20 faiz torpağımız düşmən işğalı altındadır, ancaq necə olursa-olsun, biz o torpaqları işğaldan azad edəcəyik” kəlməsini evimizdə böyüklərimizdən, məktəbdə müəllimlərimizdən eşidir və eşitdiyimiz bu cümlələr bizi hər zaman düşündürürdü. İndi ürəkdolusu deyirik, yazıldı o tarix, gəldi də, keçdi də o zaman, hələ üzərindən 1 ili belə yola salmaqdayıq. QƏLƏBƏ qazanan xalq, dövlət, ordu olaraq...

 Birillik şanlı tariximizə nəzər salaq...

2020-ci il sentyabrın 27-də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev efirdən Azərbaycan xalqına müraciət etdi, Ermənistanın işğalçılıq siyasətinə son qoyub, torpaqlarımızın hər bir qarışı azad olunanadək, əks-hücum, əks-həmlə əməliyyatının davam etdiriləcəyini bildirdi.
Həmin tarixdə Təhlükəsizlik Şurasının iclasını çağıran ölkə Prezidenti bir daha Azərbaycanın haqq savaşı apardığını, haqq yolunda olduğunu bəyan edərək təcavüzkar ölkəyə, onun havadarlarına sərt mesajlarını və xəbərdarlıqlarını çatdırdı, Azərbaycanın Zəfər qazanacağını, Qarabağın Azərbaycanın olduğunu birmənalı şəkildə vurğuladı. Və “Qarabağ Azərbaycandır!” – söylədi.

Sentyabrın 28-də ölkə Prezidenti tərəfindən ölkədə qismən hərbi səfərbərliyin elan edilməsi ilə bağlı Sərəncam imzalandı və bu, Azərbaycan xalqı tərəfindən sevinclə qarşılandı, Azərbaycan vətəndaşları, Azərbaycan gəncləri bir andaca Vətəni qorumaq üçün müsəlləh əsgərə döndü, yüzlərlə, minlərlə gəncimiz hərb meydanına yola düşdü.
Düşmən dövlət olan Ermənistanın əl atdığı növbəti qanlı təxribat, bütün cəbhəboyu atəşkəsi pozması onun üçün baha başa gəldi. Təsəvvürünə belə, gətirə bilmədiyi qərarlı, əzmli Azərbaycan xalqını, dövlətini, müzəffər Azərbaycan Ordusunu qarşısında gördü.

Vətən müharibəsinin başlanması...

Bütün cəbhəboyu əks-hücum tapşırığı alan yenilməz Azərbaycan Ordusu qısa zamanda bunu Vətən müharibəsinə, Qələbəyə gedən Zəfər yürüşünə çevirdi. Bir neçə saat ərzində Azərbaycanın işğal altında olan Füzuli və Cəbrayıl rayonlarının 7 kəndini, Goranboy rayonu istiqamətindəki Murovdağ yüksəkliyindəki Murov zirvəsini, Ağdərə istiqamətindəki strateji yüksəklikləri işğaldan, düşmən tapdağından azad edərək onları nəzarətə götürdü, düşmənə dağ çəkən yenilməz ordumuz ona həm canlı qüvvə, həm də hərbi texnika sarıdan böyük itkilər verdirdi. Qeyd edək ki, Vətən müharibəsi dövründə Azərbaycan Ordusu üzərinə düşən müqəddəs vəzifəsini uğurla yerinə yetirir, işğal altında olan torpaqları azad etmək üçün dayanmadan irəli gedirdi.

Azərbaycan tarixinə qızıl hərflərlə
Zəfər dalınca Zəfər yazıldı...

2020-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində belə demişdir: “Müzəffər Azərbaycan Ordusu gedən döyüşlərdə düşmənləri bizim torpağımızdan qovur və qovacaqdır. Mən demişəm ki, öz xoşları ilə bizim torpaqlarımızdan çıxmasalar, biz onları iti qovan kimi qovacağıq və qovuruq. Müzəffər Azərbaycan Ordusu hər gün yeni strateji məntəqələri, yeni yüksəklikləri, yeni yaşayış məntəqələrini işğalçılardan azad edir. Bizim qisasımız döyüş meydanındadır. Bu günlər ərzində – 27-si sentyabr tarixindən bu günə qədər Ermənistanın hərbi potensialına sarsıdıcı zərbə vurulubdur... Şanlı Azərbaycan Ordusu öz xilaskarlıq missiyasını uğurla davam etdirir. Son günlər ərzində mən xalqıma xəbər verərək, yeni azad edilmiş kənd­lərin adlarını açıqlamışdım. Bu gün də böyük məmnunluq hissi ilə, böyük sevinc hissi ilə azad edilmiş növbəti yaşayış məntəqələrinin adlarını əziz xalqıma çatdırmaq istəyirəm. Bu gün Füzuli rayonunun yaşayış məntəqələri işğalçılardan azad edilib – Qoç­əhmədli kəndi, Çimən kəndi, Cuvarlı kəndi, Pirəhmədli kəndi, Musabəyli kəndi, İşıqlı kəndi, Dədəli kəndi və Füzuli şəhəri. Füzuli şəhəri işğalçılardan azad edilib, Füzuli bizimdir, Qarabağ Azərbaycandır!”
Bəli, yenilməz, Müzəffər Azərbaycan Ordusu zəfər yürüşünü davam etdirərək işğal altında olan Azərbaycanın tarixi torpaqlarını 30 illik əsarətdən sonra qısa bir zaman ərzində qurtararaq öz sahiblərinə, doğmalarına qovuşdurdu.

QƏLƏBƏYƏ doğru…

Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkar­lar, diplomatiyamıza uzaqgörən siyasətçilər, hərbimizə böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 8-də erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, böyük kədər hissi doğurmuşdu. 28 ildən çox bir zaman dilimində əsarətdə qalan Şuşamızın işğalı ilə heç zaman barışmayan xalqımız Azərbaycanın alınmaz qalası hesab edilən Şuşanın, işğal altındakı bütün torpaqlarımızın azad ediləcəyinə hər zaman inanıb. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev xalqa müraciətində Azərbaycanın tarixi şəhəri, bütün Qafqazın mədəniyyət mərkəzi hesab edilən, öz hərbi-strateji önəmi ilə yanaşı, həm də mənəvi əhəmiyyəti olan Şuşanın Şanlı Ordumuz tərəfindən azad edildiyini bildirdi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq...” cümlələri Azərbaycanın son yüzillik tarixinin ən möhtəşəm müjdəsi idi. Rəşadətli Ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsini, hətta yeni yüksəliş mərhələsinə daxil olmasını sübut etdi. Şuşanın işğaldan azad olunması xalqımız tərəfindən Qarabağın döyünən ürəyinin xilas edilməsi kimi qiymətləndirildi. Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynayaraq, böyük önəm kəsb etdi. Azərbaycanın tarixinə 8 noyabr– Zəfər Gününü yazdı. Və beləcə, Şanlı Ordumuzun sentyabrın 27-də başladığı uğurlu əks-hücum əməliyyatı nəticəsində torpaqlarımız düşmən işğalından azad edildi.
Artıq tarixə qovuşmuş 2020-ci il Azərbaycan xalqı üçün istər siyasi, istər diplomatik, istərsə də digər sahələr üzrə uğurlarla yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin: “Qarabağ Azərbaycandır!” ifadəsi bizim qələbəmizin xəbərçisi idi və qələbəmizin də rəmzinə çevrildi.

Kəsildi Şuşamdan zalım ayağı,
Düşmənin köksünə basdıq qəm dağı.
Yetişdi Qələbə – çatdı Qələbə,
İllərin nisgilin atdı Qələbə.
Alqış Komandana, alqış bu ana,
Qarabağ qovuşdu Azərbaycana!

Səriyyə SALAHOVA

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR