08 Oktyabr 2024, Çərşənbə axşamı

Dünən Naxçıvan Muxtar Respublikası Gənclər Fondunda sağlamlıq imkanları məhdud gənc yazıçı Nail Nəvainin fondun dəstəyi ilə nəşr olunmuş “Rəngli xəyallar” kitabının təqdimat mərasimi keçirilib.

 

Tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev açaraq bildirib ki, muxtar respublikamızda gənclərin intellektual inkişafının təmin edilməsi, bilik və bacarıqlarının artırılması, asudə vaxtlarının səmərəli təşkili, qabiliyyətli gənclərin tanıdılması, sağlamlıq imkanları məhdud gənclərin cəmiyyətə inteqrasiyasına dəstək istiqamətində tədbirlər həyata keçirilir. Ötən müddət ərzində fond müvafiq təşkilatlarla birgə müxtəlif könüllülük platformaları yaradıb. Burada hər bir könüllü gənc yaradılan imkanlardan səmərəli istifadə edərək özünü təkmilləşdirə, inkişaf etdirə bilir. Kitabının təqdimatına yığışdığımız gənc yazar Nail Hacıyev həm də bizim könüllü gənclərimizdən biridir.

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, Azərbaycan Respublikasının Əməkdar mədəniyyət işçisi Asim Əliyev çıxışında qeyd edib ki, muxtar respublikada bədii yaradıcılıqla məşğul olan gənclərimiz çoxdur və onların fəaliyyətinə xüsusi diqqət göstərilir. Təqdimatı keçirilən kitabı avtobioqrafik povest, roman da adlandırmaq olar. Burada bir obraz kimi Nailin özünü, valideynlərini görürük. Sevindiricidir ki, “Ümid insan ruhunda doğan günəş kimidir”, – deyən gənc qələm sahibi inanclıdır və sabaha daha böyük ümidlərlə baxır.
Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı Naib Əlizadə, Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika Kitabxanasının elmi işlər üzrə direktor müavini Yeganə Rüstəmova və digərləri çıxış edərək Nail Nəvaiyə yaradıcılığında uğurlar arzulayıblar.
Qeyd edək ki, 1996-cı ildə Ordubad rayonunun Tivi kəndində anadan olan bu gənc hazırda Naxçıvan Musiqi Kollecində Kitabxana-informasiya təminatı ixtisası üzrə təhsil alır.
Tədbirdə müəllifin atası Nəvai Hacıyev çıxış edərək muxtar respublikada sağlamlıq imkanları məhdud gənclərə göstərilən diqqət və qayğıya, gənc yazıçı Nail Nəvai isə ona verdikləri dəstəyə görə minnətdarlıq ediblər.
Sonda müəllifin imzalı kitabı tədbir iştirakçılarına paylanılıb.

Güntac ŞAHMƏMMƏDLİ

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR