Muxtar respublikamızın tanınmış ali təhsil ocaqlarından olan “Naxçıvan” Universiteti dünya təcrübəsindən yararlanaraq təhsilin keyfiyyətini yüksəltmək və ümumilikdə, Azərbaycanda bu prosesin həyata keçirilməsinə dəstək olmaq məqsədilə üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməyə çalışır. Qeyd edək ki, qədim diyarda təhsil sahəsinə göstərilən diqqətdən “Naxçıvan” Universiteti də öz payını alıb. Burada müasir şərait yaradılıb, ali təhsil ocağının maddi-texniki bazası gücləndirilib. Universitetdə Keyfiyyət Təminatı Mərkəzi yaradılıb.
Mərkəzin yaradılmasında məqsəd tələbəyönümlülük, tədrisdə və öyrənmədə geridönümlülük və rəy mexanizmlərinin formalaşdırılması və istər akademik, istərsə də inzibati heyətin peşəkarlığının təmin olunmasından ibarətdir. Universitetin beynəlmiləlləşməyə və beynəlxalq keyfiyyət standartlarına nail olmağa olan böyük istəyini nəzərə alaraq bu yöndə addımların atılması zərurətindən, həmçinin qarşıya qoyulan məqsədlərin müəyyənləşdirilməsi, həmin məqsədlərə nail olunması, habelə universitetin davamlı inkişafının təmin edilməsi məqsədilə keyfiyyət təminatı sisteminin qurulması məqsədəuyğundur. “Naxçıvan” Universiteti uğurlu keyfiyyət təminatı sistemi yaradılması ilə universitetin beynəlxalq keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsinə, təhsilin keyfiyyətinin yüksəldilməsinə, əmək bazarı üçün yüksək səviyyəli mütəxəssislərin hazırlanması, idarəçiliyin keyfiyyətinin yüksəldilməsinə, universitet daxilində hesabatlılığın və davamlı monitorinqin təmin olunmasına, universitetin cəmiyyətə verdiyi töhfələrin artırılmasına nail olmağı hədəfləyir.
“Naxçıvan” Universitetinin mətbuat xidməti