Sentyabrın 16-da Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə muzey əməkdaşları üçün “Muzeylərdə uçot-mühafizə: uçot nişanları” mövzusunda seminar-treninq keçirilmişdir.
Naxçıvan Dövlət Xalça Muzeyində keçirilən seminar-treninqi giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi Aparatının Mədəniyyət və mədəni irs şöbəsinin müdiri Gülbuta Babayeva açmış, Naxçıvan Dövlət Xalça Muzeyinin baş fond mühafizi Nəzakət Həsənova “Uçot nişanları” mövzusunda çıxış etmişdir.
Qeyd edilmişdir ki, muzeylər sənədli, maddi təsviri, incəsənət dəyərlərində ifadə olunan bəşəriyyət tarixi haqqında çox böyük sayda informasiyanı qoruyub saxlayır. Unikal fondlar, kolleksiyalar, nadir nəşrlər haqqında məlumatlar muzey işçiləri tərəfindən böyük qayğı ilə nəsildən-nəslə ötürülür və muzey sənədlərində toplanır. Bu gün bu qiymətsiz informasiyanı qoruyub saxlamaq, onun acıqlığını və istifadə rahatlığını təmin etmək lazımdır. Muzey fondlarında qorunan bu qiymətli maddi mədəniyyət nümunələrinin uçotu və mühafizəsi xüsusi əhəmiyyətə malikdir. Muzey əşyalarının uçotunun aparılmasında uçot nişanları da önəm daşıyır.
Bildirilmişdir ki, əşyalar daxilolma və inventar kitablarına salınarkən, eyni zamanda onlara uçot nişanları verilir və bu nişanlar əşyanın üzərinə, uyğun olan yerdən yazılır. Uçot nişanına bunlar daxildir: muzeyin şifri (NDXM), daxilolma kitabı üzrə əşyanın №-si, inventar kitabı üzrə əşyanın №-si və kitabın şifri, həmçinin qiymətli metal və qiymətli daşları olan əşyalar üçün xüsusi inventar №-si. Bütün bunlar mütləq şəkildə əşyanın üzərində qeyd edilməlidir.
Tədbirin sonunda mövzu ilə bağlı iştirakçıların sualları cavablandırılmışdır.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti