21 Dekabr 2024, Şənbə

Təhsil millətin gələcəyidir


Azərbaycanda dövlət müstəqilliyi əldə edildikdən sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrdə olduğu kimi, təhsil sahəsi də dövlət qayğısı ilə əhatə edilmişdir. Təhsil sahəsindəki inkişafın, təhsilə dövlət qayğısının ən bariz nümunəsi isə Naxçıvan Dövlət Universitetidir. 1967-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Naxçıvan filialı kimi fəaliyyətə başlayan ali təhsil ocağı böyük inkişaf yolu keçmişdir. 1972-ci ildə ümummilli liderimiz Heydər Əliyevin qərarı ilə filialın bazasında Naxçıvan Dövlət Pedaqoji İnstitutu yaradılmış, 1990-cı ildə isə institut Naxçıvan Dövlət Universiteti adlandırılaraq pedaqoji profilli dövlət universitetinə çevrilmişdir. 

 

Muxtar respublika rəhbərinin xüsusi qayğısı ilə əhatə olunan universitetimiz ildən-ilə yeni-yeni uğurlara imza atmış, təhsilalan və təhsilverənlərinin, ixtisaslarının sayının artması ilə yanaşı, keyfiyyət göstəriciləri də bu ali təhsil ocağını ölkə universitetləri arasında ilk sıralara qaldıra bilmişdir. Bu gün Naxçıvan Dövlət Universiteti tərkibində Tibb fakültəsi olan yeganə universitetdir, tədris bazasına, maddi-texniki təchizatına, elmi-pedaqoji potensialına, beynəlxalq əlaqələrinin inkişafına görə fərqlənən ali təhsil ocağıdır. Universitet burada təhsil alan əcnəbi tələbələrin sayına görə də liderdir. Yeni texnologiyaların tətbiqi, tədrisin səviyyəsinin yüksəldilməsi, tədris avadanlıqlarının, tədrisə köməkçi vəsaitlərin günü-gündən tələbata uyğun olaraq təkmilləşdirilməsi, xüsusilə də müəllimlərin ixtisaslarına uyğun olaraq müxtəlif yerli və beynəlxalq təlimlərə cəlb olunması isə peşəkar kadr hazırlığı işini daha da sürətləndirir.
Təsadüfi deyil ki, bu il Naxçıvan Dövlət Universiteti “Times Higher Education” (THE World University Rankings 2022) versiyası əsasında aparılan reytinq üzrə beynəlxalq reytinq cədvəlində dünyanın 200 ən yaxşı universiteti siyahısında yer alıb. Bütün bunlar ali təhsil müəssisəsinin daim inkişafda olduğunun bariz nümunələri, beynəlxalq reytinq cədvəllərində ilbəil yüksəlişdə olması isə çəkilən zəhmətlərin bəhrəsiz qalmadığının sübutudur.
Muxtar respublikada ali təhsilin dünyaya inteqrasiyası istiqamətində qazanılan uğurların başlıca səbəblərindən biri kimi xarici dillərin tədrisinə dövlət qayğısını göstərmək olar. Bunun bir bariz nümunəsi də İqtisadiyyat və idarəetmə fakültəsində tədrisi ingilis dilində olan İqtisadiyyat ixtisasının fəaliyyətə başlamasıdır.

Naxçıvan Dövlət Universitetinin inkişafını xarakterizə edən amillərdən biri də ilbəil sayı artan və maddi-texniki bazası zənginləşdirilən tədris binalarıdır. Bu il bu binaların sırasına daha biri – Xarici dillər fakültəsi üçün bina da əlavə olundu. İlin əvvəlində müəllim və tələbələrin istifadəsinə verilən tədris binası zirzəmi ilə birlikdə 4 mərtəbədən ibarətdir. Tədris korpusunun zirzəmisində hər biri 20 tələbə yerlik olan 2 linqafon kabinəsi, 6 auditoriya, bufet, qarderob və qazanxana; birinci mərtəbədə 5 auditoriya, tərcümə mərkəzi, tədris-metodik mərkəz, İngilis dili və metodika, Roman-german dilləri kafedraları, alman dili mərkəzi, multimedia otağı, fransız dili mərkəzi; ikinci mərtəbədə 6 auditoriya, sinxron tərcümə mərkəzi, 50 yerlik auditorium, kompüter sinfi, xarici ölkə ədəbiyyatı kabinəsi, ingilis dili mərkəzi, ingilis dili və tərcümə kafedrası, dekanlıq, dekan və dekan müavini üçün otaqlar; üçüncü mərtəbədə isə 7 auditoriya, rus, ərəb, fars dilləri mərkəzləri, Rus və Şərq dilləri kafedrası, həmçinin 80 yerlik iclas zalı müəllim və tələbələrin istifadəsinə verilib. Fakültədə fəaliyyət göstərən İngilis dili və metodika, Roman-german dilləri, İngilis dili və tərcümə, Rus və Şərq dilləri kafedraları, xarici ölkə ədəbiyyatı və 2 linqafon kabinəsi, eləcə də Tədris- metodiki mərkəz, Sinxron tərcümə mərkəzi, Fransız dili, İngilis dili, Alman dili, Rus dili, Ərəb dili, Fars dili mərkəzləri və Tərcümə mərkəzi müəllim və tələbələrin dərs zamanı və eləcə də dərsdən sonrakı vaxtlarının səmərəli təşkili üçün hər cür tədris və texniki ləvazimatlarla təchiz olunmuşdur. Belə ki, mərkəzlərdə yaradılmış zəngin kitabxanalar, yüksəksürətli internetlə təmin olunmuş kompüterlər, xüsusilə də tələbələr üçün əyani və elektron vəsaitləri əlçatan edir.
Tədris korpusunda 12 elektron lövhə, 7 proyektor, 112 kompüter quraşdırılıb və sürətli internetə çıxış təmin edilib. Xarici dillər fakültəsində ingilis, fransız, alman, rus dili müəllimliyi, Tərcümə (İngilis-Azərbaycan dilləri), Tərcümə (Ərəb-Azərbaycan dilləri), Tərcümə (Fars-Azərbaycan dilləri) olmaqla, 7 ixtisas üzrə tələbə qəbulu aparılır.
Fakültədə 49 professor-müəllim tədris prosesində fəaliyyət göstərir ki, onlardan 6 dosent, 20-si baş müəllim, 23-ü isə müəllimdir. Baş müəllim və müəllimlərin əksəriyyəti dissertant və ya doktorantdır. 2020-2021-ci tədris ilində fakültədə əyani yolla 395, qiyabi yolla 30 tələbə təhsil almışdır. Ötən tədris ilində bu ixtisaslarda təhsil alan fakültə tələbələri sırasında 6 nəfər Türkiyə və Banqladeş vətəndaşı da olub.
Naxçıvan Dövlət Universiteti Azərbaycan ali təhsil sistemində sinxron tərcümə mərkəzi olan ilk universitetdir. Həmin mərkəz fakültədə tədris olunan dillərə aid, xüsusilə də şifahi tərcümə fənlərinin daha peşəkar şəkildə öyrədilməsi, tələbələrin əyani vəsait və vasitələrlə təlimə cəlb olunması baxımından əvəzedilməz əhəmiyyətə malikdir. İstər tədris prosesi, istərsə də fənlərə dair biliklərin yekun qiymətləndirilməsi üçün quraşdırılan texniki avadanlıqlar müstəsna rola malikdir. Sinxron tərcümə otağı ardıcıl və sinxron tərcümə fənlərinin tədrisi zamanı praktik cəhətdən çox mühüm əhəmiyyət kəsb edən tədrisə köməkçi vasitədir.
Ali Məclisin Sədri cənab Vasif Talıbovun da otaqlara baxış zamanı vurğuladığı kimi, dil dərslərinin tədrisi prosesində linqafon kabinələrin rolu əvəzedilməzdir. Fakültədə istifadəyə verilən ən müasir texniki avadanlıq və tədrisə köməkçi proqram təminatı ilə təchiz olunmuş hər biri 20 tələbə yerlik olmaqla, 2 otaqdan ibarət olan linqafon kabinələr, xüsusilə də dinləmə dərslərinin tədrisi üçün ən vacib olanlardandır. Kabinələrdəki bütün kompüterlər sürətli internetlə təmin olunub. Linqafon kabinələrdə əsas kompüter mərkəzli idarəetməyə malik xüsusi proqram vasitəsilə tələbələrin istifadəsində olan 20 kompüterə eyni anda tam nəzarət edə bilməklə yanaşı, həm də material mübadiləsi, elektron jurnal, hər fənn və sinif üçün xüsusi səhifə aça bilmək, söhbət, tapşırıq göndərmək və hazır tapşırıqların yoxlanılması funksiyaları bu proqramın səmərəliliyini daha da artırmış olur. Quraşdırılmış ekran vasitəsilə tələbələrin kompüterlərinin və ya hər hansı xüsusi bir materialın ümumi nümayişi də mümkündür.
Müxtəlif otaqlarda quraşdırılmış sürətli internetə çıxışı olan, elektron lövhə və kompüterlərlə və əyani vəsaitlərlə təchiz edilmiş otaqlar praktik dərslərlə yanaşı, həm də mühazirə dərslərinin daha səmərəli və innovativ üsullarla tədrisi üçün çox əhəmiyyətlidir. Belə ki, müəllimlərin hazırladıqları mühazirə-təqdimatlar və videomateriallar dərslərin yüksək səviyyədə keçirilməsinə şərait yaradır; xarici ölkə ədəbiyyatı kabinəsində üç kateqoriyada toplanmış ədəbiyyata aid nəzəri kitablar və müxtəlif dillərdəki əsərlər tələbələr üçün materialları daha da əlçatan edir.
Təsadüfi deyil ki, Ali Məclisin Sədri Xarici dillər fakültəsinin yeni tədris korpusu istifadəyə verilməsi münasibətilə keçirilən tədbirdəki çıxışında xarici dillərin tədrisinin zəruriliyini vurğulayaq demişdir: “Universitetdə tədris olunan 63 ixtisasdan 7-si bu gün istifadəyə verilən Xarici dillər fakültəsindədir. Bu ixtisasların yaradılması qarşıda duran məqsəd idi. Lakin müəllim çatışmazlığı var idi. O dövrdə başqa ölkələrdən müəllimlər dəvət olunaraq tədris quruldu. Bu gün artıq Naxçıvan Dövlət Universitetinin Xarici Dillər fakültəsinin müəllimləri yerli mütəxəssislərdir. Ümummilli liderimiz Heydər Əliyev XXI əsr, üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciətində deyirdi ki, “Yönümüz Şərqə olsa da, yolumuz Qərbə olmalıdır”. Bu o deməkdir ki, biz şərqli olsaq da, qərbə doğru da getməli, Avropa təhsilini mənimsəməliyik. Bunun üçün isə dil bilmək lazımdır. Bu fakültənin yaradılmasında əsas məqsəd gənclərə xarici dillərin öyrədilməsi və onları dünyanın aparıcı universitetlərində təhsil almağa hazırlamaq idi. Bu gün 300-dən çox naxçıvanlı gənc xarici ölkələrdə təhsil alır. Onlar yaxşı mütəxəssis kimi geri dönəcək, biliklərini ölkəmizin inkişafına sərf edəcəklər. Ötən dövrdə Xarici dillər fakültəsinin 1400-dən çox məzunu olmuşdur. Onlar bu gün respublikamızda və xarici ölkələrdə çalışır, ölkəmizin inkişafına töhfələrini verirlər”.
İstedadlı tələbələr dərsdən sonrakı vaxtlarını universitetin Media mərkəzində keçirirlər. Fakültə binasında quraşdırılmış ekran vasitəsilə “Universitet” televiziyasının ingilis dilində yayımlanan xəbər buraxılışlarının materiallarının tərcüməsi prosesinə İngilis dili və tərcüməkafedrası müəllimlərinin nəzarəti altında tələbələr də cəlb olunur və səsləndirilmə də məhz tələbələrimiz tərəfindən aparılır. Spikerlik bacarığı olan tələbələr də prosesə cəlb olunur.
Fakültədə təhsil alan tələbələr məzun olduqdan sonra da daim diqqətdə saxlanılır. Belə ki, fakültənin kadr tələbatının, demək olar ki, mütləq əksəriyyətini öz məzunları ilə təmin edir. Bu da fakültənin peşəkar kadr hazırlığı işində düzgün istiqamət tutduğuna sübutdur. Fakültənin peşəkar müəllim və professor heyəti daim tələbələri ixtisaslarının dərinlikləri və yeniliklərlə tanış etmək üçün öz üzərlərində çalışırlar, respublika səviyyəli, həmçinin beynəlxalq layihə və təlimlərə cəlb olunurlar.
Bu gün muxtar respublikamızın və paytaxt Bakı da daxil olmaqla, ölkəmizin müxtəlif region və şəhərlərində, habelə xarici ölkələrdə tərcüməçi-müəllim kimi və bir çox fərqli peşələrdə fəaliyyət göstərən məzunlarımız vardır. Məhz bu səbəblərdəndir ki, abituriyentlər ixtisas seçimi zamanı Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsini də tərəddüdsüz seçirlər. Bu il fakültə qapılarını daha 113 tələbəyə açıb. Fakültədəki ixtisaslara üstünlük verən abituriyentlər, xüsusilə də “İngilis dili müəllimliyi” və “Tərcümə (ingilis-azərbaycan dilləri)” qruplarında təhsil almağa haqq qazananlar hər zaman yüksək bal toplayan tələbələr olmuşdur.

Qeyd olunanlar bir daha təhsilə, elmə, gəncliyə verilən dövlət dəyərini və göstərilən qayğını nümayiş etdirir. Müəllim və tələbələr üçün isə bu diqqət və qayğıya, yaradılan şəraitə cavab olaraq məsuliyyəti dərk etmək, yaradılanları qoruyub-saxlamaq və böyük səylə çalışaraq daha çox uğura imza atmaq ən ümdə vəzifələrdir!


Aidə CƏLİLZADƏ
Naxçıvan Dövlət Universitetinin İngilis dili və tərcümə
kafedrasının baş müəllimi
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR