Muxtar respublikanın turizm imkanlarının təbliği və istedadlı yeniyetmə və gənclərin aşkara çıxarılmasına xidmət edən müsabiqəyə Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Bəhruz Kəngərli adına Sərgi Salonunda keçirilən mükafatlandırma mərasimi ilə yekun vurulub.
Gənclər və İdman Nazirliyinin əməkdaşı Azadə Əliyeva və Rəssamlar Birliyinin əməkdaşı, rəssam-fotoqraf Araz Xudiyev müsabiqənin məqsədləri və fotoların qiymətləndirmə meyarları haqqında danışıblar. Bildirilib ki, muxtar respublikanın gözoxşayan təbiəti, mədəni-tarixi abidələri, abad rayon və kəndləri, flora və fauna müxtəlifliyi, burada aparılan genişmiqyaslı abadlıq və quruculuq işləri, əlverişli nəqliyyat infrastrukturu, əyləncə və istirahət mərkəzləri və digər özəllikləri sayəsində həvəskar və ya peşəkar fotoqraflar üçün geniş yaradıcılıq imkanları yaradır.
Çıxışların ardınca mükafatlandırma olub. İlk üç yer və həvəsləndirici yerlərdə qərarlaşan iştirakçılara diplom, fəxri fərman və hədiyyələr təqdim edilib. Sonra müsabiqəyə təqdim olunan fotolardan ibarət sərgiyə baxış olub.
Nəticələrə gəlincə, müsabiqənin qalibləri 5 nəfərdən ibarət münsiflər heyətinin ümumi qərarına əsasən müəyyənləşib. Sara Əsədova ilə Kamil Məmmədli birinci yerə layiq görülüblər. Şahsuvar Əfsanə, Anar Sadiqov və Nihat Cabbarlı ikinci sırada qərarlaşıblar. Tərlan Məmmədova, Aysun Nağdəliyeva və Aliyə Zalovaya məxsus fotolar isə üçüncü yerlə qiymətləndirilib.
Qeyd edək ki, müsabiqəyə muxtar respublikanın müxtəlif şəhər və rayonlarında yaşayan 14-29 yaşlı yeniyetmə və gənclər olmaqla, ümumilikdə, 70 iştirakçı qatılıb.
Naxçıvan Muxtar Respublikası
Gənclər və İdman Nazirliyinin mətbuat xidməti