Ölkəmizdə təhsilin inkişafı sahəsində yaranmış ənənələrin milli məqsədə yönəldilməsi, bu ənənələrin müasir dövrün tələbləri səviyyəsində inkişafı müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. “Bizim gördüyümüz işlər, təhsil sahəsində həyata keçirdiyimiz islahatlar Azərbaycan dövlətini daha da yüksəltməyə yönəldilibdir”, – deyən görkəmli dövlət xadiminin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının təməlini yaradıb, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilib, təhsil yeni inkişaf mərhələsinə qədəm qoyub.
Ümummilli liderin hələ Azərbaycana rəhbərliyinin birinci dövründə böyük uzaqgörənliklə həyata keçirdiyi elm, təhsil və mədəniyyət siyasəti müstəqillik illərində milli ziyalı elitasının intellektual potensialının yüksəlməsində özünü göstərməklə, aparılan islahatların praktik nəticələr verməsini təmin etmişdir. “Təhsil millətin gələcəyidir”, – deyən müstəqil Azərbaycan dövlətinin qurucusunun ötən əsrin 70-80-ci illərində respublikamızın elm və təhsil sistemində yaratdığı möhkəm bünövrənin, dəyərli kadr potensialının, yüksək diqqət və qayğının adekvat əks-sədası çağdaş tariximizdə bu sahənin ən möhtəşəm izlərinə çevrilmişdir. Böyük strateq məhz bu illərdə təhsil sisteminin tənəzzüldən çıxarılması və ölkənin gələcək inkişafının elmi təməl üzərində qurulması, respublikanın intellektual resurslarının güclənməsi üçün bütün qüvvə və bacarığı ilə səy göstərmişdir. Həmin dövrdə respublikada məktəb tikintisi prosesinin sürətlənməsi, maarif işinin yüksək səviyyədə təşkili, ixtisaslı kadrlar hazırlayan yeni ali məktəblərin açılması, fundamental və humanitar elmlərin inkişafı, əldə olunan kəşflərin, ixtiraların iqtisadiyyatın bütün sahələrində tətbiqi ulu öndərin təhsil siyasətinin əsasını təşkil etmişdir.
Görkəmli dövlət xadiminin Azərbaycanda yenidən siyasi hakimiyyətə qayıdışından sonra bütün sahələrdə olduğu kimi, təhsilin yeniləşdirilməsi ilə bağlı da əsaslı tədbirlər həyata keçirilmişdir. Bu dövrdə Azərbaycan təhsili həm məzmun, həm də struktur baxımından yeniləşmiş, bu sahənin beynəlxalq əlaqələri genişlənmiş, dünya təhsil sisteminə inteqrasiyası intensivləşmişdir.
Bu gün ulu öndərin siyasi xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində təhsilin inkişafı dövlət siyasətinin əsas prioritet istiqaməti kimi müəyyənləşdirilib. Ölkə rəhbərinin həyаtа kеçirdiyi məqsədyönlü və аrdıcıl tədbirlər nəticəsində Azərbaycanda sоsiаl-iqtisаdi inkişаflа yаnаşı, yüksək еlmi intеllеktuаl tərəqqiyə nаil оlunub, dövrün tələbləri ilə uzlаşаn təhsil islаhаtlаrı həyаtа kеçirilib. Аzərbаycаndа milli mааrifçilik ənənələri sахlаnılmаqlа dünyа təhsil sistеminə intеqrаsiyаnın getdikcə genişlənməsi də bunun bariz ifadəsidir.
Muxtar respublikamızda da təhsil quruculuğu, təhsilin müasir tələblər səviyyəsində inkişafı ciddi önəm verilən məsələlərdən biridir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində qədim diyarımızda müasir təhsil infrastrukturu yaradılıb. Belə ki, muxtar respublikada orta, orta ixtisas, ali təhsil və elm müəssisələri üçün müasir tələblərə cavab verən binalar tikilib, həmin obyektlərin maddi-texniki bazaları gücləndirilib. Yaradılan müasir təhsil mühitinin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən məzunlar ali və orta ixtisas məktəblərinə qəbulda yüksək nəticələr göstərirlər. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Muxtar respublikada təhsilin inkişafı beynəlxalq aləmə inteqrasiya, elmi-tədqiqat işlərinin səviyyəsinin yüksəldilməsi, yüksəkixtisaslı kadr hazırlığı işinə müasir yanaşmanı əhatə etməklə ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu təhsil siyasətinə əsaslanır”.
Görülən tədbirlər təhsilin müasir inkişafına, eyni zamanda güclü intellektual və kadr potensialının hazırlanmasına şərait yaradır. O da xüsusi vurğulanmalıdır ki, bu gün muxtar respublikamızda təhsilin bütün sahələri özünün yeni inkişaf dövrünü yaşayır. Bu baxımdan ali təhsilin inkişafı istiqamətində həyata keçirilmiş tədbirlər nəticəsində muxtar respublikamızın ali təhsil müəssisələri dünyanın qabaqcıl ali təhsil müəssisələri səviyyəsində güclü infrastruktura malikdir. Naxçıvan Dövlət və “Naxçıvan” universitetləri, Müəllimlər İnstitutu diyarımızda yüksəkixtisaslı kadrların hazırlanmasına öz töhfələrini verməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı ilə Naxçıvan Müəllimlər İnstitutunun yeni tədris korpusunda fəaliyyət göstərməsi, onun elmi-pedaqoji kadr potensialının zənginləşdirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi, beynəlxalq əlaqələrinin yaradılması, respublika səviyyəli qabaqcıl ali təhsil müəssisəsi kimi tanıdılması istiqamətində xeyli iş görülüb.
Ulu öndərin müəyyənləşdirdiyi təhsil siyasətinin muxtar respublikada uğurla həyata keçirilməsinin daha bir nəticəsidir ki, bu gün artıq Azərbaycan elminin mükəmməl təşkilati strukturu formalaşıb, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter alıb. “Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Elmin İnkişafı Fondunun yaradılması haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 7 sentyabr tarixli Sərəncamı ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş və uğurla həyata keçirilən elm siyasətinə xüsusi əhəmiyyət verilməsinin və muxtar respublikanın hərtərəfli və dinamik inkişafında bu sahənin də formalaşmasına qayğının ifadəsidir. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “Elmdə son hədd, axırıncı tədqiqat anlayışı yoxdur. Elm davamlı inkişafdır. Bu inkişafla ayaqlaşmaq isə günün tələbidir”.
Təşkil olunduğu vaxtdan fondun təşkilatçılığı ilə onlarla beynəlxalq və yerli səviyyəli konfranslar, seminarlar, dəyirmi masalar və disputlar keçirilib, elmi innovasiyaların, layihələrin dəstəklənməsi işinə diqqət daha da artırılıb, fond tərəfindən müxtəlif əsərlər nəşr etdirilib. Xüsusi elmi dəyərə malik həmin nəşrlər onu göstərir ki, qədim köklərə malik Naxçıvanla bağlı müxtəlif istiqamətlərdə elmi tədqiqatlar aparılması davamlı xarakter alıb. Naxçıvanda formalaşan elmi məktəblərin nailiyyətləri “Naxçıvan abidələri ensiklopediyası” (Azərbaycan və ingilis dillərində), “Naxçıvan Ensiklopediyası” (iki cilddə), “Naxçıvanın tarixi atlası”, “Naxçıvan tarixi” çoxcildliyi, “Naxçıvanın folklor antologiyası” (üç cilddə), “Azərbaycan xalçaları: Naxçıvan qrupu”, “Naxçıvanın teatr salnaməsi”, Naxçıvanın flora və faunasına aid “Qırmızı kitab”, “Naxçıvanın arxeoloji abidələri”, “Naxçıvan Muxtar Respublikasının coğrafiyası” (iki cilddə), “Dədə Qorqud yurdu Naxçıvan” tarixi-etnoqrafik atlası, “Azərbaycan Respublikası şənlik-mərasim nəğmələri”, “Naxçıvan ağızları” (türk dilində) və başqa qiymətli əsərlər şəklində elmi ictimaiyyətə təqdim olunub.
Naxçıvan Muxtar Respublikasında elmin inkişaf tarixinə nəzər saldıqda bir daha görürük ki, müstəqillik illəri bu inkişafın ən qabarıq şəkildə təzahür etdiyi bir mərhələdir. AMEA Naxçıvan Bölməsinin 6 elmi-tədqiqat müəssisəsinin elmi işçiləri, ali təhsil müəssisələrinin professor-müəllim heyəti elmi-tədqiqat işləri sahəsində çoxsaylı uğurlara imza atıblar. Onların apardıqları elmi-tədqiqat işlərinin nəticələri dünyanın müxtəlif ölkələrinin ən nüfuzlu jurnallarında da dərc edilir. Bütün bu uğurların əsasında elmin inkişafı, elmi-tədqiqat işlərinin səmərəliliyi məqsədilə yaradılan maddi-texniki baza, müasir elm, texnika və texnologiyanın ən son nailiyyətlərinin geniş tətbiqi dayanır.
Sentyabrın 21-də Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin fəaliyyəti və qarşıda duran vəzifələrlə bağlı keçirilən müşavirə də belə deməyə əsas verir ki, bu gün muxtar respublikada bu sahəyə qayğı davamlı xarakter alıb. Müşavirədə də qeyd olunduğu kimi, ötən dövrdə bölmə ulu öndərin müəyyənləşdirdiyi vəzifələrin icrasını diqqətdə saxlamış, Naxçıvanın qədim tarixi, mədəniyyəti, ədəbiyyatı, etnoqrafiyası, folkloru, adət-ənənələri, abidələri, təbiəti və təbii sərvətləri ətraflı öyrənilmiş, Naxçıvanşünaslıq mühüm elmi nailiyyətlərlə zənginləşdirilmişdir.
Muxtar respublikamızda elm, təhsil sahəsində görülən işlər məzmun etibarilə çoxşaxəlidir. Son illərdə həm strateji, həm də taktiki baxımdan müasir keyfiyyət meyarlarına cavab verən xeyli işlərin görülməsi, elm, təhsil istiqamətində əsaslı islahatların uğurla davam etdirilməsi bu sahənin ildən-ilə daha da inkişaf edəcəyini deməyə əsas verir. AMEA Naxçıvan Bölməsi və Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən 2019-cu ildən həyata keçirilən “Sabahın tədqiqatçıları” layihəsi də gələcəyin mütəxəssislərinin yetişdirilməsi baxımından nümunəvi addımdır. Həmin layihə çərçivəsində Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində təhsil alan və elmə marağı olan şagirdlər bölmə alimləri tərəfindən müxtəlif fənlər üzrə fərdi və kollektiv şəkildə tədqiqatlara cəlb edilib. Bölmə kollektivinin şagird və tələbələrlə birgə mühüm əhəmiyyətə malik olan müvafiq layihələr çərçivəsində həyata keçirdiyi tədbirlər hazırda da davam etdirilir. Belə tədbirlərin reallaşması etibarlı gələcəyimizə zəmanət verir. Bu isə o deməkdir ki, istedadlı gənc mütəxəssislər yetişdikcə ayrı-ayrı elm sahələrimizdə qazanılan uğurların da sayı artacaq. Onların da elm sahəsində kəşfləri istehsalata tətbiq ediləcək. Ali Məclis Sədrinin müşavirədə də dediyi kimi “Elm o zaman həqiqi inkişaf mərhələsinə çatır ki, onun nailiyyətləri təhsildə tətbiq olunur”.
Bu gün muxtar respublika rəhbərinin elm adamlarına göstərdiyi diqqət və qayğı, doğma diyarımızdakı elmi mühit elmin, milli ziyalılığın inkişafına, elmi potensialın artmasına öz dəyərli töhfələrini verməkdədir. Belə diqqət və qayğı isə ölkəmizin güclənməsinə, inkişafına, dünya miqyasında tanınmasına və layiqli yerinin təmin olunmasına xidmət edir.
Qızıltac ŞAHBAZOVA
Naxçıvan Müəllimlər İnstitutunun dosenti,
Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi