Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella sentyabrın 22-də muxtar respublikamıza səfər edib. Diplomat əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, ehtiramını bildirib. Sonra səfir Heydər Əliyev Muzeyini ziyarət edib. Mədəniyyət ocağı ilə tanışlıq zamanı qeyd olunub ki, bu gün muzeyin fondunda ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən 5 mindən çox eksponat toplanıb. Muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər tarixi sənədlər qorunub saxlanılır.
Naxçıvan Günəş Elektrik Stansiyası ilə tanışlıq zamanı diqqətə çatdırılıb ki, 2015-ci ildə Babək rayonunun Xalxal kəndi yaxınlığında tikilmiş Naxçıvan Günəş Elektrik Stansiyası ən son texnoloji yeniliklər əsasında qurularaq fəaliyyət göstərir. 36 hektar ərazidə tikilmiş stansiyada ən müasir “şüşə-şüşə” tipli günəş panelləri quraşdırılıb, onun fəaliyyəti tamamilə kompüterləşdirilib.
Naxçıvan Biznes Mərkəzinə gələn qonağın nəzərinə çatdırılıb ki, mərkəzin sərgi salonunda muxtar respublikada fəaliyyət göstərən 78 müəssisənin 166 adda 1293 çeşiddə məhsulları nümayiş olunur. Muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal edilir, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Qazanılan uğurlar bir daha təsdiq edir ki, muxtar respublikada dövlətin sahibkarlar üçün yaratdığı şərait, eyni zamanda sahibkarların göstərilən qayğıdan düzgün istifadəsi ümumi inkişafı təmin edib.
“Gəmiqaya Meyvə Məhsulları Kompleksi” və “Gəmiqaya Bərəkət Qida Məhsulları” Məhdud Məsuliyyətli cəmiyyətləri ilə tanışlıqdan sonra Babək “Sirab” Açıq Səhmdar Cəmiyyətinə gələn səfirə məlumat verilib ki, zavodda 7 texnoloji xətt quraşdırılmış 4 sex fəaliyyət göstərir. Bu xətlərdə qazlı və qazsız “Sirab” təbii mineral müalicəvi süfrə suyu müxtəlifhəcmli plastik və şüşə butulkalara doldurulur. Hazırda zavodda 21 çeşiddə məhsul istehsal olunur. Qablaşdırmada istifadə edilən xammalın bir qismi Türkiyə və Gürcüstandan gətirilir, qalanı isə muxtar respublikanın daxili imkanları hesabına ödənilir. Minerallarla zəngin olan “Sirab” daxili tələbatı ödəməklə yanaşı, Rusiya, Belarus, Qazaxıstan, Türkiyə, Türkmənistan, Çin, İran, İraq, Qətər, Polşa, Küveyt, Ukrayna və Baltikyanı ölkələrə də göndərilir.
Səfərin ikinci günü diplomat “Əlincəqala” Tarix-Mədəniyyət Muzeyində olub. Bildirilib ki, bərpa işləri zamanı qalanın tarixiliyi qorunub saxlanılıb. Naxçıvan memarlıq məktəbinin izlərini özündə əks etdirən qalanın şərq və qərb darvazaları da bərpa edilərək əvvəlki görkəminə qaytarılıb. Bu gün Əlincəqalanın zirvəsində Azərbaycan Respublikasının müstəqilliyinin, suverenliyinin, dövlətçiliyinin rəmzi olan üçrəngli bayrağımız dalğalanır. Qaladan xoş təəssüratlarla ayrılan səfir Əlincəqalanı “Naxçıvanın Machu Picchusu” adlandırıb.
Duzdağ Fizioterapiya Mərkəzinə gələn səfirə məlumat verilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb. Dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.
“Naxçıvanqala” Tarix-Memarlıq Muzey Kompleksi və Naxçıvan Dövlət Xalça Muzeyi ilə tanışlıq zamanı Naxçıvanın qədim və zəngin tarixi, milli dəyərlərimizlə bağlı verilən məlumatlar diplomatda böyük maraq yaradıb.
Argentina Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella “Şərq qapısı” qəzetinə müsahibəsində muxtar respublika ilə bağlı təəssüratlarını bölüşüb: – Bildiyiniz kimi, biz xarici ölkələrdən Azərbaycana təyin olunmuş səfirlər Bakıda yaşayırıq. Əsas fəaliyyət mərkəzimiz oradadır. Lakin buna baxmayaraq, ölkənizin digər bölgələrini də yaxından tanımaq üçün səfərlər edirik. Səfərlərin əsas məqsədi regionların tarixini, orada formalaşan adət-ənənələri, mətbəx mədəniyyətini yaxından tanımaq, potensial imkanlarla maraqlanıb mümkün əməkdaşlıq əlaqələrini gücləndirməkdir. Mən də Naxçıvana bu məqsədlə gəlmişəm. İkigünlük səfər müddətində qeyd etdiyim istiqamətlər üzrə Naxçıvanı daha yaxından tanıya bildim və gəldiyim qənaət odur ki, bura çox heyrətamiz, gözəl, perspektivli yerdir. Ümumiyyətlə, düşünürəm ki, heç bir şifahi məlumat canlı təması əvəz edə bilməz. Çünki bir yerə səfər edib ora ilə tanışlıq, insanları ilə ünsiyyət əlaqələrin möhkəmlənməsinə daha böyük töhfə verir.
Diplomat qeyd edib ki, ikigünlük səfər müddətində rəsmi və qeyri-rəsmi bir sıra görüşlər keçirib, yüksək qurumların rəhbərləri ilə bir araya gələrək gələcək əməkdaşlıq əlaqələrini müzakirə ediblər. Görüşlər öz səmimi ab-havası və məhsuldar olması ilə seçilib. Naxçıvanın gəzməli-görməli, turistlik yerləri ilə də yaxından tanış olduğunu vurğulayan Serxio Osvaldo Perez Qunella yekun fikrini belə ifadə edib: “Naxçıvandan çox xoş təəssüratlarla və ölkələrimiz arasında əməkdaşlığı dərinləşdirmək baxımından konkret ideyalarla ayrılıram. Naxçıvanı gördükdən sonra bir daha əmin oldum ki, Azərbaycan tarixində, azərbaycanlıların həyatında bu diyar olduqca önəmlidir”.
Nail ƏSGƏROV