07 Oktyabr 2024, Bazar ertəsi

Naxçıvan Muxtar Respublikasında ilk milli hərbi hissənin yaradılmasının 29-cu ildönümü münasibətilə Əlahiddə Ümumqoşun Orduda silsilə tədbirlər keçirilib, xidmətdə və döyüş tapşırıqlarının icrasında fərqlənən hərbi qulluqçular mükafatlandırılıblar.


Silsilə tədbirlərdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi yad edilib və Dövlət Himnimiz səsləndirilib.
Vətən müharibəsi iştirakçıları ilə görüşən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev 44 günlük müharibə ilə qazanılan Qələbədən danışıb. Bildirilib ki, güclü siyasi iradəyə, yüksək sərkərdəlik məharətinə malik ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri seçiləndən cəmi 4 gün sonra– 1991-ci il sentyabrın 7-də Naxçıvan Müdafiə Komitəsi yaradılıb. 15 sentyabr 1992-ci ildə Müdafiə Komitəsinin bazasında yaradılan 5-ci əlahiddə gücləndirilmiş motoatıcı briqada Əlahiddə Ümumqoşun Orduya qədər inkişaf yolu keçib.
General-polkovnik Kərəm Mustafayev bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi ordu quruculuğu siyasətinin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində 2016-cı ilin Aprel və 2018-ci ilin Günnüt zəfərlərini qazandıq, 2020-ci ildə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurduq. Vurğulanıb ki, bu gün Naxçıvan Muxtar Respublikasında Ali Məclis Sədrinin qayğısı ilə yeni hərbi hissələrin yaradılması, mövcud hərbi hissələrdə infrastrukturun müasirləşdirilməsi istiqamətində mühüm işlər görülür, böyük əhəmiyyətə malik layihələr icra olunur. Uzun illər müxtəlif mərhələlərdən keçərək formalaşmış Əlahiddə Ümumqoşun Ordu ən çətin döyüş tapşırıqlarını yerinə yetirməyə qadirdir.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçıları kapitan Əli Kərimov və kapitan Rüfət Məmmədzadə döyüşlər barədə təəssüratlarını bölüşüb, müharibə iştirakçılarına, qazilərə və şəhid ailələrinə göstərilən qayğıdan danışıblar.
Çıxışların ardından Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularına Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamları ilə müxtəlif orden və medallar, Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənovun əmrləri ilə müxtəlif medal və hərbi rütbələr, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun tapşırığına əsasən Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin əmrləri ilə vaxtından əvvəl və növbəti hərbi rütbələr, fəxri fərman, pul mükafatı və qiymətli hədiyyələr təqdim edilib.
Diqqətə çatdırılıb ki, 7 sentyabr 1991-ci ildə ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə yaradılan və Əlahiddə Ümumqoşun Orduya qədər böyük inkişaf yolu keçən Naxçıvan Müdafiə Komitəsinin ilk sədri Elman Abbasov təyin edilib. Elman Abbasovun xüsusi xidmətləri sayəsində torpaqlarımızın qorunması daha da peşəkarlaşaraq müdafiə gücümüz nizami ordu halını almışdır.
7 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası müdafiə nazirinin əmri ilə Abbasov Elman Abbas oğlu ölümündən sonra “Şücaətə görə” medalı ilə təltif olunub. Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təqdim edildiyi tədbirdə Elman Abbasovun oğlu Tural Abbasov və qardaşı Nizami Abbasov iştirak ediblər. Tədbirdə Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayev Elman Abbasovun ərazi bütövlüyümüzün qorunub saxlanılmasında xüsusi xidmətlərinə, öz xidməti vəzifələrini, Vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən şücaət göstərdiyinə görə təltif edildiyini diqqətə çatdırıb.
Elman Abbasovun oğlu Tural Abbasov göstərilən qayğıya görə dövlətimizə minnətdarlıq edib və bunu Vətən, xalq qarşısında xidməti olan şəxslərə hərtərəfli dövlət qayğısı kimi dəyərləndirib.
İlk milli hərbi hissənin yaradılmasının 29-cu ildönümü münasibətilə Təlim-Tədris Mərkəzində keçirilən tədbirdə çıxış edən Əlahiddə Ümumqoşun Ordunun zabitləri polkovnik-leytenant Fariz Sərxanov və mayor Yalçın Ağayev, Azərbaycan Vətən Müharibəsi Veteranları və Şəhid Ailələri Naxçıvan Muxtar Respublika Təşkilatının Naxçıvan Şəhər Şöbəsinin sədri Zahid Cəfərov, Vətən müharibəsi iştirakçıları və digər qonaqlar Əlahiddə Ümumqoşun Ordunun keçdiyi döyüş yolundan danışıblar.
Hərbi hissələrin bədii özfəaliyyət kollektivlərinin ədəbi-bədii kompozisiya ilə çıxış etdiyi tədbirdə Naxçıvan Şəhər Mədəniyyət Şöbəsinin “Şəlalə” instrumental ansamblının solistləri vətənpərvər mahnılar ifa ediblər.
Sonda Əlahiddə Ümumqoşun Ordunun keçdiyi döyüş və inkişaf yolundan bəhs edən sənədli film nümayiş etdirilib.

Nəriman NƏCƏFOV

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR