07 Oktyabr 2024, Bazar ertəsi

Muxtar respublikada sosial-iqtisadi həyatın bütün sahələrində informasiya-kommunikasiya sistemlərinin təkmilləşdirilməsi və yeni texnologiyaların tətbiqi məqsədilə kompleks tədbirlər həyata keçirilmiş, əhalinin bu xidmətlərdən istifadə imkanları daha da yaxşılaşdırılmışdır.


Yaşayış məntəqələrində Yeni Nəsil Telekommunikasiya Sistemlərinin istifadəyə verilməsi, istifadəçilərin keyfiyyətli və sürətli internetlə təmin olunması, 4G mobil rabitə operatorunun fəaliyyətinin təşkili davamlı inkişafa müsbət təsir göstərmişdir.
Ötən dövr ərzində dövlət televiziya və radiosunun internet üzərindən yayımlanması, “Universitet” televiziyasının muxtar respublika ərazisində yayıma başlaması, iqtisadiyyatın bütün sahələrində informasiya-kommunikasiya texnologiyalarının tətbiqi, keyfiyyətli və sərfəli mobil rabitə xidməti üçün “Naxtel” Məhdud Məsuliyyətli Cəmiyyətinin yeni binasının istifadəyə verilməsi və maddi-texniki bazasının gücləndirilməsi bu sahədə görülən işlərin əsas tərkib hissəsidir.
Muxtar respublikada elektron hökumətin formalaşdırılması sahəsində də ardıcıl tədbirlər aparılmış, Vətəndaşların Müraciətləri üzrə Elektron Qeydiyyat və İdarələrarası Elektron Sənəd Dövriyyəsi Sistemlərinin fəaliyyəti təmin edilmiş, “Evədək optika” layihəsi üzrə görülən işlər uğurla həyata keçirilmişdir.
Muxtar respublikanın telekommunikasiya şəbəkəsinin yenilənməsi istiqamətində Naxçıvan şəhərində, Şərur, Babək, Ordubad, Culfa, Şahbuz və Sədərək rayonlarında Yeni Nəsil Telekommunikasiya Sistemləri, Kəngərli rayonunda isə telekommunikasiya sistemi istifadəyə verilmişdir.

Rabitə xidmətlərindən istifadə qismində 1 yanvar 2021-ci il tarixə muxtar respublikada sabit şəbəkə telefonlarının sayı 74 min 591 nömrə olmuşdur ki, bunun da 66 min 130-u mənzillərdə qeydə alınmışdır. 2011-ci ilin sonu ilə müqayisədə sabit şəbəkə telefonlarının sayı 20 faiz artmışdır.
Poçt sahəsində də xidmətlərin müasir tələblərə uyğun qurulması üçün əlverişli şərait yaradılmış, 1 iyul 2021-ci il tarixə muxtar respublikada 36-sı şəhər, 163-ü kənd yerlərində olmaqla, ümumilikdə, 199 poçt şöbəsi mövcud olmuşdur.
Əhalinin maddi rifah halının yaxşılaşması və informasiya texnologiyaları sahəsində yaradılmış şəraitin nəticəsində 1 yanvar 2021-ci il tarixə muxtar respublikanın ev təsərrüfatlarında, müəssisə və təşkilatlarda 134 minə yaxın kompüter mövcud olmuşdur ki, bu da 1 yanvar 2011-ci il tarixə olan göstəricidən 57,6 faiz çoxdur.
Muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı bu sahə üzrə göstərilən xidmətlərin dəyərinin dinamik artımına da zəmin yaradıb. Belə ki, informasiya və rabitə xidmətlərinin dəyəri 2021-ci ilin yanvar-avqust aylarında 39 milyon 795 min manata yaxın olmuşdur ki, bu da 2011-ci ilin müvafiq dövründəki göstəricini 48,8 faiz üstələmişdir.

Yanvar-avqust ayları üzrə informasiya və rabitə
xidmətlərinin dəyəri, min manat

Cari ilin yanvar-avqust aylarında muxtar respublikada informasiya və rabitə sahəsinin inkişafına 4 milyon 717 min 300 manat vəsait yönəldilmişdir.
Muxtar respublikada əhaliyə keyfiyyətli poçt-rabitə xidmətlərinin göstərilməsi məqsədilə cari ilin ötən dövründə Şərur rayonunun Şəhriyar, Ordubad rayonunun Nüsnüs, Aşağı Əndəmic və Yuxarı Əndəmic kəndlərində rabitə evləri istifadəyə verilmiş, quruculuq işləri aparılan digər kəndlərdə rabitə infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər davam etdirilir.
Sədərək Radio-Televiziya Ötürücü Stansiyasının yeni binası istifadəyə verilmiş, Duzdağ Radio-Televiziya Ötürücü Stansiyası binasının yenidən qurulması davam etdirilir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmişdir. “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri muxtar respublikada informasiya-kommunikasiya texnologiyalarının inkişafı barədə demişdir: “Bu gün muxtar respublikada informasiya-kommunikasiya texnologiyaları sahəsində böyük layihələr həyata keçirilir. Muxtar respublikada bütün telefon stansiyaları avtomatlaşdırılmış, fiber-optik kabellər çəkilmiş, yeni poçt şöbələri yaradılmış və digər tədbirlər həyata keçirilmişdir. Qısa zaman kəsiyində görülən işlər muxtar respublikanın informasiya blokadasından çıxmasına səbəb olmuşdur”.
Muxtar respublikada yeni texnologiyaların tətbiqi sahəsində görülən işlər əhaliyə göstərilən müasir informasiya və rabitə xidmətlərinin səviyyəsinin daha da yüksəldilməsinə yeni imkanlar yaradacaqdır.

Naxçıvan Muxtar Respublikası
Dövlət Statistika Komitəsinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR