Ölkə gənclərində vətənpərvərlik ruhunun gücləndirilməsi, fiziki dözümlülüyün artırılması məqsədilə sentyabr ayının 6-da start verilən “Marş İrəli” hərbi simulyasiya layihəsinin dördüncü mövsümündə iştirakçıların diyarımız və layihə haqqındakı fikirləri maraq doğurur.
İlk həmsöhbətimiz, sando idman növü üzrə Avropa çempionu Tural Allahverdiyev deyir ki, Naxçıvan haqqında indiyə kimi ümumi məlumatım var idi, amma gəlib görmək bu günə nəsib imiş. Orta məktəbdə oxuduğumuz vaxtlardan müəllimimiz tarix dərslərində Naxçıvanın çoxəsrlik tarixindən, buranın insanlarının qonaqpərvərliyi, coğrafiyasının əlvanlığı, təmiz havası, zəngin flora və faunası haqqında bizə maraqlı məlumatlar vermişdi. Azərbaycanın bir çox regionlarına səfər etsəm də, Naxçıvanda olduğum bu iki gün müddətində, həqiqətən, bu günə qədər haqqında eşitdiyim müsbət fikirlərin bir daha şahidi oldum. İnsanların səmimiyyəti, qonaqpərvərliyi bizdə xoş təəssürat oyadır. Ən əsası da odur ki, bu cür layihələrin ard-arda Naxçıvanda təşkil edilməsi, düşünürəm ki, böyük bir əlamətdar hadisədir. Çünki Ali Baş Komandan cənab İlham Əliyevin vurğuladığı kimi Naxçıvan əsgərləri, daha doğrusu, ordumuzun naxçıvanlı qəhrəmanları 44 günlük Vətən müharibəsində fəal iştirak edərək öz sarsılmaz qüdrətləri, bükülməz dəyanətləri ilə düşmənə gözdağı verdi. Bu gün həm bir Azərbaycan gənci, həm də müstəqil bir dövlətin vətəndaşı kimi şadam, sevincliyəm ki, rəşadətli ordumuzun əldə etdiyi Zəfər hər birimizin simasında böyük xoşbəxtlik yaratdı. Bunun nəticəsidir ki, dövlətimiz tərəfindən biz gənclərin vətənpərvər ruhda formalaşması üçün bir sıra silsilə tədbirlər keçirilir. Bu mənada, həmin tədbirlərin davamı kimi təşkil olunan “Marş İrəli” hərbi simulyasiya layihəsi də sırf gənc nəslin Vətənə sədaqət ruhunda yetişməsi üçün böyük rol oynayır. Artıq bir neçə gündür ki, layihədə fəal şəkildə iştirak edirik. Burada bizlərə göstərilən diqqət, sözün əsl mənasında, təqdirəlayiqdir. Vaxtımızı səmərəli keçirmək üçün təşkil olunan komanda oyunları, hərbi təlim məşqləri həm maraqlı, həm də faydalıdır. Bununla yanaşı, Naxçıvanın bir çox gəzib-görməli yerlərinə ekskursiyaların təşkil olunması bizlərin həm də dünyagörüşünü formalaşdırır. Bu gün də bu səxavətli yurdun ən gözəl məkanlarından biri olan, füsunkar mənzərələrinin sorağını hər yerdə eşitdiyimiz Batabatda olduq. Torpağına ayaq basdığımız ilk andan təmiz havanın insanda yaratdığı xoş ovqatı hiss edir, ruhunla duyursan. Naxçıvanlı dostlarımız deyir ki, yayın ilk aylarında Batabatın mənzərələri tamam başqa olur. Burada ön xətdə əsgərlərimizin necə ruh yüksəkliyi, rəşadətlə Vətənimizin keşiyində dayanmasını görmək hədsiz qürurvericidir. Müşahidə məntəqələrindən ordunun nəzarətində olan əraziləri izləyərkən bir daha qürurla düşünürsən ki, müzəffər Ordunun, qüdrətli xalqın torpağı basılmaz.
“İnsan yaşadığı yerlə bütünləşir”, – deyən Naxçıvan Dövlət Universitetinin tələbəsi Fəridə Allahverdiyeva qeyd edir ki, bu şəhərdə kimə yaxınlaşsan, kiminlə həmsöhbət olsan, insanların sənə qarşı göstərdiyi səmimiyyət, qonaqpərvərlik, sözün əsl mənasında, təqdirəlayiqdir. Sözsüz ki, bu gözəl insanlardakı müsbət hissləri Naxçıvanın təmiz havası, büllur kimi saf suyu, gözoxşayan mənzərələri yaradıb. Bu dəfə də başdan-başa bir təbiət muzeyi olan Naxçıvanın qoynunda “Marş İrəli” layihəsində iştirak edirik. Bir məqamı qeyd etmək istərdim ki, burada olduğum üç gün müddətində sanki uşaqlıq xəyalıma az da olsa, bir səyahət etdim. Çünki, uşaq olarkən həmişə atama deyirdim ki, kaş hərbi xidmətə qadınları da aparardılar, mən də bir vətəndaş kimi gedib iştirak edərdim, Vətənimin keşiyində dayanardım. Artıq üç gündür ki, bunu əyani şəkildə yaşayıram və halımdan da çox razıyam. Burada bizlər üçün yaradılan şərait haqqında çox danışmaq olar. Təlimə başladığımız ilk gündən etibarən bütün iştirakçılar “Hamı bir nəfər, bir nəfər hamı üçün!” şüarı ilə bir bütünləşib. Hər gün ard-arda keçirilən silsilə təlim məşqləri, komanda oyunları bizlərdə vətənpərvərlik ruhunun yüksəlməsində, fiziki sağlamlığımızın möhkəmləndirilməsində, inkişaf etdirilməsində müstəsna rol oynayır. Bununla yanaşı, qrup daxilindəki səmimi, necə deyərlər, əsl qardaşlıq münasibətləri də buranın mühitini gözəlləşdirib. Mənim diqqətimi çəkən, ən xoşladığım an isə ötən gün Vətən müharibəsi iştirakçıları ilə baş tutan maraqlı görüşümüz oldu. Onları danışdıqca, müharibədə yaşadıqları o çətin, ağır hadisələri dilə gətirdikcə yaşadıqları həyəcan gözlərindən hiss olunurdu. O an öz-özümə dedim ki, nə yaxşı ki, azərbaycanlıyam. Nə yaxşı ki, belə müzəffər, müstəqil bir dövlətin vətəndaşıyam. Əminəm ki, istər layihə iştirakçıları, istərsə də digər gənclər mənimlə eyni fikirdədir. Biz güclü bir dövlətin gəncləri olaraq bütün fəaliyyətlərimizdə uğurlar əldə etməli, çalışıb xalqımızın, Vətənimizin adını uca tutmalıyıq. İnanıram ki, qazandığımız əbədi zəfərlə şölələnən vüqarımız hər bir vətənsevər gəncin qəlbində daim yaşayacaq və yaşadılacaq.
Növbəti həmsöhbətimiz Məhərrəm Həsənov da təlimə böyük həvəslə qatılan fəal gənclərimizdəndir. Müsahibim deyir ki, təlim çərçivəsində bizlər üçün “Bayraktar TB2” pilotsuz uçuş aparatının nümayiş etdirilməsi məndə çox böyük marağa səbəb oldu. Bilirik ki, İkinci Qarabağ müharibəsində əzəli-əbədi dostumuz olan qardaş Türkiyənin dəyanətli siyasəti və sarsılmaz təməllər üzərində qurulmuş tərəfdaşlıq əlaqələrinin rolu danılmazdır. Bu mənada, şanlı tarixin şahid olduğu bu iki dövlətin keçdiyi yolu göz önünə gətirərək deyə bilərik ki, dostluq, qarşılıqlı etimad, səmimi münasibətlər, yüksəksəviyyəli əməkdaşlıq əsasında qurulan Azərbaycan-Türkiyə əlaqələri daim möhkəmlənməkdədir. Dəfələrlə qardaş Türkiyə Respublikasına səfər etmiş bir gənc kimi şahid olduğum hadisələrə söykənərək deyə bilərəm ki, xalqlarımızın eyni soykökə, dilə, dinə, mədəniyyətə və bir çox digər qarşılıqlı bağlara malik olması bu iki ölkəni həmişə bir-birinə doğma edib, sevincli, kədərli günlərdə də biri digərinin yanında olub. Tam əminliklə deyə bilərik ki, Azərbaycan-Türkiyə dövlətləri arasındakı münasibətlər bu gündür. Düşünürəm ki, uçuş aparatının nümayiş etdirilməsində və bu texnikanın müharibədə ordumuzun gücünə güc qatmasındakı rolu haqqında məlumat mənimlə yanaşı, digər təlim iştirakçılarının da marağına səbəb olmuşdu. Bir əsas məqamı da diqqətə çatdırım ki, gənclərdə milli-vətənpərvərlik məfkurəsinin formalaşması üçün təşkil olunan belə təlimlər, həqiqətən, biz gənclərə göstərilən diqqətin bariz nümunəsidir. Vətən müharibəsi iştirakçıları ilə görüşümüzdə bir şeyi daha anladım ki, qeyrətli, şücaətli igidlərimizin mənalı həyat yolu bizlərə örnək olmaqla bərabər, həm də, hər bir gəncin vətənpərvərlik şüarı, həyat amalı olmalıdır ki, dövlətimiz daim bizimlə fəxr etsin. Mən inanıram ki, dövlətimizin bu yolda atdığı uğurlu addımlar gələcəkdəki uğurlarımızda, bir xalq kimi qazandığımız nailiyyətlərimizdə bunu bir daha sübut edəcək.
“Vətən müharibəsində qazandığımız tarixi qələbənin qəlbimizdə yaratdığı xoş təəssüratlar bizə sanki güc verib” deyən həmsöhbətimiz Nuray İsmayılova qeyd edir ki, burada olduğumuz müddətdə böyük həvəslə təlimlərdə həm öyrənir, həm də səmərəli, bir o qədər də maraqlı vaxt keçiririk. Sözsüz ki, müharibə şəraitində, bədnam düşmənlə daim üz-üzə yaşayan bir xalq üçün gənclərin hərb sənətinin sirlərinə bələd olması vacibdir. Bu mənada, dövlətimizin biz gənclərə göstərdiyi diqqətin əsasında məhz bu sahənin sirlərini hər bir gəncin mütəşşəkil formada, gözəl şəkildə qavraması dayanmaqdadır. Burada keçirilən təlimlər nəticəsində hərbi sıra düzülüşlərindən tutmuş, silah-sursatla düzgün davranış vərdişlərini həmçinin silahların təhlükəsizlik qaydalarını öyrənirik. Vaxtımız çox maraqlı keçir. Təlim çərçivəsində yurdumuzun bir çox gəzib-görməli yerlərinə ekskursiyalar da təşkil edilir. Bu gün də biz Batabatda, Şahbuz Dövlət Təbiət Qoruğunda olduq. Yolboyu gördüyümüz, şahid olduğumuz mənzərələr insanda xoş təəssüratlar oyadır. Müasirtipli, yeni və dəbdəbəli görkəmə qovuşan kəndlərimizin içərisindən keçərək hamar, təmirli yollar bizi tez bir zamanda mənzilbaşına çatdırdı. Ön xətdə xidmət edən hərbi qulluqçular üçün yaradılmış müasir şərait, əsgərlərimizin iradə və zəmi bir daha əminlik yaradır ki, Vətənimiz etibarlı şəkildə müdafiə olunur. Yolboyu bir daha şahid oldum ki, ailə böyüklərimdən eşitdiyim və bir zamanlar mənə nağıl təəssüratı bağışlayan 90-cı illərin böhranlı dövrləri artıq geridə qalıb. Yurdumuzun hər guşəsi günü-gündən gülüstana çevrilərək yeni və gözəl simalara qovuşur. Belə gözəl bir məkanda olmaq, onun ağuşunda nə isə öyrənib, əldə etmək bizi heç vaxt yormaz, usandırmaz. Ümid edirəm ki, bundan sonra da təşkil olunacaq bu cür təlimlərdə iştirak etmək şansını əldə edərək, fəal bir gənc kimi öz iradəmi, qabiliyyətimi nümayiş etdirəcəm.
Məcid RƏŞADƏTOĞLU