Dünən “Naxçıvanın səsi” radiosunun 20 illiyi və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasına alınan yeni avadanlıqların təqdimatı ilə bağlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək təhsilə göstərilən dövlət qayğısından, təhsildə tətbiq edilən innovasiyalardan danışıb. Bildirib ki, muxtar respublikada aparılan uğurlu təhsil siyasəti təhsil mühitində innovativ yanaşmaların tətbiqini təmin etməklə yanaşı, bu sahənin inkişafına da öz müsbət təsirini göstərməkdədir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə muxtar respublikada təhsillə bağlı teleradio proqramlarının hazırlanması və yayımını təmin etmək, eləcə də sistemli maarifçilik işinin aparılması məqsədilə Televiziya və Radio Verilişləri Redaksiyasının Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilməsi muxtar respublikada təhsilə göstərilən dövlət qayğısının növbəti bariz nümunəsi olmaqla, təhsilin informasiyalaşdırılmasında yeni bir mərhələ təşkil etmişdir.
Qeyd olunub ki, 2021-ci il yanvarın 1-dən etibarən “Kanal 35” televiziyası və “Naxçıvanın səsi” radiosu təhsillə bağlı televiziya və radio proqramlarını hazırlayan və yayımını həyata keçirən teleradio yayımçısı kimi fəaliyyətini davam etdirir və muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir. Qısa müddət ərzində hər bir təhsil pilləsinə uyğun verilişlər, innovativ təlim metodlarına uyğun teledərslər, tariximizi, mədəniyyətimizi əks etdirən, görkəmli şəxsiyyətlərlə bağlı maarifləndirici teleradio proqramları hazırlanaraq yayımlanmışdır. Ötən müddət ərzində redaksiyanın tədrisyönümlü fəaliyyət göstərməsi şagirdlərin asudə vaxtlarının səmərəli təşkili ilə yanaşı, onların maariflənməsinə, yeni biliklər almasına, yaxud əldə etdikləri bilikləri zənginləşdirmələrinə geniş imkan yaratmışdır.
Diqqətə çatdırılıb ki, “Naxçıvanın səsi” radiosunun yayıma başlamasından ötən 20 il ərzində radio böyük inkişaf yolu keçmişdir. 2021-ci ilin may ayından radionun efir vaxtı və fəaliyyətinin gücləndirilməsi məqsədilə ştatı artırılmışdır. “Naxçıvanın səsi”nin dayanıqlı yayımla təmin olunması və yayım keyfiyyətinin artırılması məqsədilə Sədərək və Duzdağ Radio-Televiziya Ötürücü stansiyaları müasir standartlara cavab verən avtomatik köklənmə sistemi ilə təchiz olunmuş, nəticədə, sərhədyanı ərazilərdə də “Naxçıvanın səsi” radiosunun daha keyfiyyətlə yayımlanması təmin edilmişdir. Bu qayğının davamı olaraq Televiziya və Radio Verilişləri Redaksiyasına 12 adda 22 yeni televiziya avadanlığı alınmışdır. Yeni avadanlıqlar yaradıcılıq imkanlarının genişləndirilməsi və fəaliyyətin gücləndirilməsinə öz töhfəsini verəcəkdir.
Nazir “Naxçıvanın səsi” radiosunun 20 illiyi münasibətilə kollektivi təbrik edib, fəaliyyətlərində uğurlar arzulayıb, Televiziya və Radio Verilişləri Redaksiyasının fəaliyyəti üçün yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədri Rauf Əliyev çıxış edərək bildirib ki, müxtəlif səpkili proqramlar hazırlamaq, həmin proqramların son dərəcə rəngarəng və aktual olmasını təmin etmək prinsipini əsas götürən, dinləyicilərin könlünə yol tapan “Naxçıvanın səsi” həm də yenitipli yaradıcı və texniki heyətə malik olan ciddi və səmimi bir kollektiv kimi özünün işgüzar mühitini və geniş dinləyici auditoriyasını formalaşdıra bilmişdir. Bu radio qədim və həmişəcavan diyarımızda müstəqillik dövrünün etibarlı carçısı kimi yolunu uğurla davam etdirir. Daim axtarışlarda olan, dinləyici zövqü ilə üst-üstə düşən verilişlər hazırlamağa səy göstərən kollektiv əksər hallarda buna nail olur. “Naxçıvanın səsi” bu gün, əsasən, təhsilyönümlü, musiqili-əyləncəli radiodur. Amma öz işini təkcə bununla məhdudlaşdırmır. Əhəmiyyətli və diqqətçəkən proqramlarla efirə çıxan radio həm də müxtəlif sahələri əhatə edən verilişlər hazırlayır.
Diqqətə çatdırılıb ki, 2021-ci ildə “Naxçıvanın səsi” radiosu 2 min 713 saat efirdə olmuş və efirin 527 saatını canlı yayım proqramları təşkil etmişdir. Bu da yüksək göstərici hesab edilir. Çünki canlı yayımlanan verilişləri efirə vermək üçün yüksək peşəkarlıq tələb olunur.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının baş redaktoru Ramal Məmişov çıxışında vurğulayıb ki, kütləvi informasiya orqanlarının inkişafına göstərilən dövlət qayğısı nəticəsində redaksiyanın maddi-texniki bazası mərhələli şəkildə yenilənmiş, əməkdaşların yaradıcılıq imkanları artırılmışdır.
Qeyd olunub ki, redaksiyanın əsas fəaliyyət istiqamətlərindən biri də hər bir təhsil pilləsinə uyğun teleradio layihələrinin hazırlanması, ümumtəhsil məktəblərində tədris olunan fənlər, eləcə də innovativ təlim metodları üzrə teledərslərin hazırlanması, muxtar respublikanın təhsil müəssisələri ilə qarşılıqlı şəkildə təhsil ictimaiyyətinə maraqlı, əhatəli, baxımlı telelayihələri təqdim etməkdir. Alınan avadanlıqlar isə gələcəkdə efir keyfiyyətini və yaradıcı işi daha da yüksəldəcək, geniş layihələr üzərində işləyə bilmələrinə geniş imkanlar yaradacaqdır.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin Televiziya və Radio Verilişləri Redaksiyasının əməkdaşı Günel Mustafabəyli çıxış edərək bildirib ki, “Naxçıvanın səsi” radiosunun hədəfi muxtar respublikada həyata keçirilən təhsil siyasətini, təhsil quruculuğunu, cəmiyyətin elm və təhsil üzrə ümumi maraqlarının təmin edilməsini təbliğ edən yeni layihələr hazırlamaqdır.
Sonra Azərbaycan Televiziyasının Teleradio Akademiyası və Türkiyənin Sivas Cümhuriyyət Universitetinin birgə reallaşdırdığı tədris proqramında iştirak edən redaksiyanın bir sıra əməkdaşlarına sertifikatlar və Azərbaycan Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə media nümayəndələri arasında keçirilən “Qalib əsgərin müəllimi” videohekayə müsabiqəsində qalib olan redaksiyanın əməkdaşı Əzim Cəfərliyə diplom və hədiyyə təqdim edilib. Həmçinin muxtar respublikada həyata keçirilən təhsil siyasəti, milli-mənəvi dəyərlərin təbliği, vətənpərvərlik mövzusunda teleradio proqramlarının hazırlanmasında səmərəli fəaliyyətinə görə Televiziya və Radio Verilişləri Redaksiyasının kollektivi Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşəkkürnaməsi, fəaliyyəti ilə seçilən əməkdaşlar isə fəxri fərman ilə təltif olunub, onlara qiymətli hədiyyə təqdim edilib.
Sonra “Naxçıvanın səsi” radiosunun 20 illiyi münasibətilə hazırlanan “20 ilin səsi” filminə baxış olub.
Tədbirin sonunda alınan avadanlıqlara baxış olub. Qeyd edək ki, redaksiyaya videoçəkilişlər üçün 2 ədəd kamera, səyyar çəkiliş üçün 2 ədəd ştativ, 1 dəst mikrofon, montaj üçün 2 dəst kompüter, ekran və yaddaş kartları alınıb.
Hazırda teledərslərin keçirilməsi və dəyirmi masaların təşkili üçün isə mebel və dekorasiyalardan ibarət studiyanın qurulması üzərində işlər davam etdirilir.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti