07 Oktyabr 2024, Bazar ertəsi

Sentyabrın 14-də Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi”nin elektron bazasının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan nazir Nicat Babayev bildirib ki, şəhid ailələrinə və müharibə iştirakçılarına göstərilən qayğının növbəti ifadəsi olaraq Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 2 iyul tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzi” yaradılmışdır. Fərmanın icrası ilə bağlı ötən müddət ərzində, ümumilikdə, 124 şəhidin 246 ailə üzvünə müvafiq vəsiqələr verilmiş, şəhidlərin 284 ailə üzvünə Prezident təqaüdü, 43 uşaq üçün sosial müavinət, 3 nəfərə Vətən Müharibəsi Qəhrəmanı üçün Prezident təqaüdü təyin edilmişdir. Eyni zamanda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək fondunun xətti ilə Naxçıvan Muxtar Respublikası üzrə Vətən müharibəsində yaralananlar müalicəyə göndərilmiş, psixoloji dəstək xərcləri qarşılanmışdır. Müharibə iştirakçılarının reabilitasiyası məqsədilə Bakı şəhərində ən yüksək texnologiya əsasında 3 nəfərin aşağı ətraf protezi hazırlanmışdır. Həmçinin ötən müddət ərzində Vətən müharibəsi iştirakçılarından 7 nəfər Naxçıvan Əlillərin Bərpa Mərkəzində müalicə almış, 8 nəfərə isə 14 reabilitasiya vasitəsi təqdim olunmuşdur.


Qeyd edilib ki, elektron bazanın istifadəyə verilməsi, şəhid ailələri üzvlərinin, müharibə iştirakçılarının müraciətləri üzrə icra tədbirlərinin operativliyini və səmərəliliyini artıracaq, onlara tətbiq edilən güzəşt və imtiyazların mərkəzləşdirilmiş qaydada tətbiqini asanlaşdıracaqdır. Nicat Babayev şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Nazirliyin şöbə müdiri Şahin Seyidov ötən müddət ərzində şəhid ailələri üzvləri və müharibə iştirakçıları tərəfindən edilən müraciətlər və onların icrası istiqamətində görülən işlər haqqında çıxış edib. Nazirliyin digər əməkdaşı Vüqar Seyidov məlumat verib ki, yeni yaradılan elektron baza I və II Qarabağ müharibələri şəhidlərinin, onların ailə üzvlərinin, müharibə ilə əlaqədar sağlamlıqlarının itirilməsi müəyyən edilmiş hərbi qulluqçuların və digər bu kateqoriyalardan olan şəxslərin məlumatlarını və onlara tətbiq edilən güzəşt və imtiyazları, müxtəlif təminat tədbirlərini özündə əks etdirir. Bazada hər bölmə üzrə müxtəlif meyarlar əsasında axtarış aparmaq və lazım olan informasiyalar üçün siyahıları məhdudlaşdırmaq mümkündür. Elektron sistem nazirliyin daxilindəki digər sistemlərə də inteqrasiya olunmuşdur ki, bu da bazada olan məlumatlardan daha səmərəli istifadə imkanları yaradır. Əlavə edək ki, sözügedən sistem vasitəsilə mərkəzə edilən müraciətlərin icra vəziyyətinə nəzarət etməklə yanaşı, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə elektron müraciət də etmək olar.
Qeyd edək ki, əlaqələndirmə mərkəzlərinin üzvləri də daxil olmaqla, 20-dək məsul şəxsin iştirak etdiyi tədbirin davamında yeni elektron sistemlə bağlı fikir mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Naxçıvan Muxtar Respublikası
Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR