07 Oktyabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində akademik İsmayıl Hacıyevin müəllifi olduğu “Araz-Türk Cümhuriyyəti” kitabının təqdimatı keçirilib.


Təqdimat mərasimini giriş sözü ilə Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli açıb. Bildirilib ki, həyatını Azərbaycan tarixşünaslıq elminin zənginləşdirilməsinə, Naxçıvanın çoxəsrlik dövlətçilik ənənələrinin öyrənilməsinə həsr edən akademik İsmayıl Hacıyevin tədqiqatlarının nəticəsi müxtəlif kitab və monoqrafiyalarda, elmi məqalələrdə öz əksini tapmışdır. Onun “Naxçıvan Azərbaycanın dövlətçilik tarixində” adlı monoqrafiyası, habelə digər sanballı əsərləri Naxçıvanla bağlı erməni saxtakarlığının darmadağın edilməsi, fakt və həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Yeni nəşr olunmuş “Araz-Türk Cümhuriyyəti” kitabı da bu fəaliyyətin uğurlu davamıdır.
Kitab Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” 2019-cu il 24 sentyabr tarixli Sərəncamı əsasında “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyində çap olunub. Müəllif burada arxiv materialları və digər mənbələri yüksək analitik təfəkkürlə təhlil edərək, bir sıra tədqiqatçılar tərəfindən yanlış şərh olunan məsələlərə aydınlıq gətirib. Əminliklə deyə bilərik ki, İsmayıl Hacıyev bu missiyanı uğurla yerinə yetirib.
Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Emin Şıxəliyev tədbirdə “Araz-Türk Cümhuriyyəti” kitabı tarixşünaslığımız üçün dəyərli mənbədir” mövzusunda məruzə edib. Yeni nəşrin bütün bölmələri haqqında müfəssəl məlumat verən məruzəçi bildirib ki, əsərin girişində 1920-ci ildə tarixi torpağımız Zəngəzurun itirilməsi, Naxçıvanı Azərbaycandan ayrı salmaq cəhdləri, erməni vəhşiliyi, Naxçıvanı erməni təcavüzündən qorumaq üçün Araz-Türk Cümhuriyyətinin yaradılması və bu cümhuriyyətin mühüm tarixi əhəmiyyətindən bəhs olunur.

Kitabın birinci fəslində Naxçıvanda siyasi vəziyyət, ermənilərin Naxçıvana qarşı ərazi iddiaları və silahlı müdaxiləsi, Osmanlı dövlətinin siyasi-hərbi yardımı, Osmanlı ordusunun Naxçıvanı tərk etməsi haqqında məlumatlar, regionda hökm sürən mürəkkəb tarixi şərait kimi məsələlər əsərdə bütün təfərrüatı ilə təhlil olunur.
İkinci fəsildə Araz-Türk Cümhuriyyətinin yaranması, hakimiyyət strukturu, ərazisi, əhalisinin milli tərkibi, paytaxtı, cümhuriyyətdə hərbi qüvvələrin təşkili, hökumət başçısının kimliyi kimi önəmli məsələlərə toxunulur. Qeyd olunan məsələlərin tarixi tədqiqatlarda mübahisəli mövzu olduğuna diqqətçəkən məruzəçi söyləyib ki, müəllif əsərində həmin problemlərin həllini hədəfə almış, müxtəlif araşdırmalar və arxiv materialları əsasında əsaslı nəticələr əldə etmişdir.
Sonuncu fəsildə isə bölgənin ərazi bütövlüyü uğrunda erməni daşnaklarına qarşı mübarizəsi, Azərbaycan Xalq, Cənub-Qərbi Qafqaz cümhuriyyətləri ilə əlaqələri, bölgədəki ictimai-siyasi və hərbi vəziyyət ətraflı şəkildə şərh olunur. 1921-ci ildə keçirilən ümumxalq səsverməsi ilə əhalinin öz müqəddəratını müəyyən etməsi, Naxçıvanın Azərbaycanın ərazisi kimi qorunub saxlanılması məsələlərinə toxunulur.
Kitabda yer alan digər başlıqlardan söz açan dosent Emin Şıxəliyev diqqətə çatdırıb ki, müxtəlif arxiv materiallarının, fotoşəkillərin əlavə olunması vizuallıq baxımından əhəmiyyətlidir. Şəxs və coğrafi adlar göstəricilərinin nəşrə daxil edilməsi kitabın tərtibinə peşəkar yanaşmanın nəticəsidir.
Tədbirdə AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli və tarix üzrə fəlsəfə doktoru Musa Quliyev çıxış edərək yeni elmi nəşrdə qarışıq və yanlış təhlil olunmuş faktların yenidən dəqiqləşdirilməsini, bir sıra məlumatların daha əhatəli araşdırılmasını yüksək qiymətləndirmiş, əsərin tarix elmimizdə mühüm əhəmiyyətindən bəhs etmişlər.
Sonda çıxış edən müəllif, akademik İsmayıl Hacıyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Araz-Türk Cümhuriyyətinin fəaliyyətinin tədqiq edilməsi haqqında” Sərəncamının bütövlükdə dövlətçilik ənənələrimizin daha dərindən araşdırılmasına, saxta erməni iddialarının ifşasına mühüm töhfə olduğunu vurğulayıb. Tariximizə, mədəniyyət abidələrimizə göstərilən diqqətə və elm adamlarının əhatə olunduğu qayğıya görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

 

 

 

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR