22 Dekabr 2024, Bazar

Sentyabrın 18-də Azərbaycanın dahi bəstəkarı, musiqişünas-alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, Azərbaycan professional musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəylinin anadan olmasının 136 illiyi tamam olur. Dahi bəstəkarın dünyaya göz açdığı həmin gün Azərbaycanda “Milli Musiqi Günü” kimi qeyd edilir.


Üzeyir Hacıbəyli 1885-ci il sentyabrın 18-də Şuşa qəzasına bağlı Ağcabədi kəndində anadan olmuş, ilk təhsilini Şuşadakı ikisinifli rus-türk məktəbində almışdır. Gələcəyin dahi bəstəkarının musiqi tərbiyəsinə müstəsna təsir göstərən amillərdən biri Şuşanın zəngin musiqi-ifaçılıq ənənələri olmuşdur. “Səadət” məktəbində dərs deyir.
Bədii yaradıcılığa publisistika ilə başlayan Üzeyir bəy “Kaspi”, “Həyat”, “İrşad”, “Tərəqqi”, “Həqiqət”, “İqbal”, “Yeni İqbal” qəzetlərində və “Molla Nəsrəddin” jurnalında “Ordan-burdan”, “O yan-bu yan” və sair başlıqlar altında “Ü”, “Filankəs”, “Behmankəs” kimi gizli imzalarla dövrün mühüm ictimai-siyasi, maarifçilik məsələlərinə dair çoxlu məqalə, felyeton və satirik miniatürlər dərc etdirir.
Üzeyir Hacıbəyli “Leyli və Məcnun” operası ilə təkcə Azərbaycanda deyil, bütün müsəlman Şərqində opera sənətinin əsasını qoyur. Qeyd edək ki, operanın librettosunu o, Füzulinin eyniadlı poeması əsasında yazmışdır.
Xalq dastanları, rəvayətlər və Firdovsinin “Şahnamə” əsərinin motivləri əsasında 1909-1915-ci illərdə bir-birinin ardınca “Şeyx Sənan” (1909), “Rüstəm və Söhrab” (1910), “Şah Abbas və Xurşud banu” (1912), “Əsli və Kərəm” (1912), “Harun və Leyla” (1915) muğam operalarının librettosunu da Üzeyir bəy özü yazmışdır. O, “Leyli və Məcnun”dakı üslub xüsusiyyətlərini və estetik sənət prinsiplərini sonrakı operalarında da davam etdirərək xalq dastanı əsasında bəstələdiyi “Əsli və Kərəm” operasında muğamla bərabər aşıq musiqisindən də istifadə etmişdir.

Üzeyir Hacıbəyli Azərbaycanda musiqili komediya janrının da yaradıcısıdır. Bəstəkarın “Ər və arvad” (1909), “O olmasın, bu olsun” (1910,), “Arşın mal alan” (1913) musiqili komediyalarında inqilabdan əvvəlki Azərbaycan məişəti, xalq adət və ənənələri öz əksini tapmışdır. Gənc musiqiçinin “Arşın mal alan” musiqili komediyası ingilis, alman, çin, ərəb, fars, polyak, ukrayna, belarus, gürcü və sair dillərə tərcümə olunmuşdur.
Üzeyir bəy 1921-ci ildə Bakıda azərbaycanlı tələbələr üçün ilk musiqi məktəbini – Azərbaycan Dövlət Türk Musiqi Məktəbini təşkil etmişdir. 1926-cı ildən Azərbaycan Dövlət Konservatoriyasında fəaliyyət göstərən Hacıbəyov burada nəzəriyyə, harmoniya, Azərbaycan musiqisinin əsasları fənlərindən dərs deyərək, həm də konservatoriya yanında ilk çoxsəsli Azərbaycan xor kollektivini yaratmışdır. O, 1927-ci ildə Azərbaycanın böyük bəstəkarı Müslüm Maqomayevlə birgə ilk “Azərbaycan türk el nəğmələri” məcmuəsini nəşr etdirmiş, 1931-ci ildə isə Azərbaycan Radio Komitəsi yanında ilk notlu xalq çalğı alətləri orkestrini yaratmışdır.
1937-ci il aprelin 30-da Azərbaycan Opera və Balet Teatrında ilk dəfə tamaşaya qoyulan “Koroğlu” operası (librettosu H.İsmayılov və M.S.Ordubadinindir) Üzeyir bəyin yaradıcılığının zirvəsini təşkil edir. Azərbaycan opera sənətinin incilərindən sayılan bu operada müəllif ilk dəfə olaraq klassik opera formasına riayət edərək bitkin ariyalar, kütləvi xor səhnələri, müxtəlif ansambllar, balet nömrələri, reçitativlər yaratmış, simfonik orkestrin tərkibinə Azərbaycan xalq musiqi alətlərini daxil edərək orkestrin rəngarəng səslənməsinə nail olmuşdur.
Dahi bəstəkar Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunmuş və Azərbaycan ikinci dəfə müstəqilliyini qazandıqdan sonra yenidən rəsmi status verilən Azərbaycan Dövlət Himninin müəllifidir. Bəstəkarın “Sənsiz”, “Sevgili canan” romansları, “Çırpınırdı Qara dəniz” mahnısı, “Aşıqsayağı” kamera-instrumental əsəri, “Qaytağı” xoreoqrafik miniatürü və yüzlərlə digər əsərləri bu gün də musiqisevərlər tərəfindən sevə-sevə dinlənilir.
Üzeyir bəy dövrünün ən yüksək mükafatlarına və fəxri adlarına, o cümlədən SSRİ Xalq artisti adına layiq görülmüşdür. 1948-ci ildə vəfat edən görkəmli bəstəkarın xatirəsi əbədiləşdirilmiş, Bakı Musiqi Akademiyası, Azərbaycan Bəstəkarlar İttifaqının möhtəşəm salonu, Azərbaycan Dövlət Simfonik Orkestri, mərkəzi küçələrimizdən biri Üzeyir Hacıbəylinin adını daşıyır. Bakıda memorial ev-muzeyi fəaliyyət göstərir. Bakı Musiqi Akademiyasının qarşısında onun heykəli qoyulmuşdur.
Dahi bəstəkarın anadan olmasının 100 illik yubileyi böyük təntənə ilə keçirilib. YUNESKO-nun görkəmli şəxsiyyətlərin ildönümü və 1985-ci ilin mühüm hadisələri təqviminə əsasən Üzeyir bəyin yubileyi beynəlxalq miqyasda da qeyd olunmuşdur. 1995-ci ildə isə ulu öndər Heydər Əliyevin fərmanı ilə dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində 18 sentyabrın Milli Musiqi Günü kimi qeyd olunması qərara alınıb. Hər ilin bu günü müxtəlif tədbirlərlə qeyd edilir.
Bu il ölkəmizdə Milli Musiqi Günü daha fərqli ab-havada həyata keçirilir. Çünki dahi bəstəkarın doğulduğu torpaq artıq düşməndən azad olunmuşdur. Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu Qarabağın incisi sayılan, dahi Üzeyir bəyin ata-baba yurdu olan Şuşanı düşməndən təmizlədi, bu torpağa göylər gözəli olan Azərbaycan Bayrağını yenidən sancdı. Azərbaycan musiqisinin, sənət beşiyinin məbədi olan Şuşa bu gün yenidən qurulur, ikinci ömrünü yaşayır. Şuşa əbədi olaraq bizimdir və indi ədəbi tədbirlərə uğurla ev sahibliyi edir. Bu yaxınlarda cənab Prezidentin iştirakı ilə Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi, Bülbülün ev-muzeyinin əsaslı yenidənqurmadan sonra istifadəyə verilməsi, dahi Üzeyir bəyin ev-muzeyinin layihəsi ilə tanış olması, büstünü açması bir daha onu göstərir ki, cənab İlham Əliyev Qarabağ torpağına mədəniyyətimizi, musiqimizi, incəsənətimizi, ədəbiyyatımızı, tariximizi qaytarır. Üzeyir bəyin ruhu şaddır, çünki Şuşa torpağı öz övladlarına, doğmalarına qucaq açıb. Bu il sentyabrın 18-dən 24-dək Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının keçirilməsi nəzərdə tutulub. Bu bir daha Şuşaya əbədi qayıdışdan, Qarabağın dirçəlişindən xəbər verir.

Bu məqamda qeyd etməliyik ki, milli mədəniyyətin beşiklərindən olan muxtar respublikamızda da musiqi sənətinin yaşadılması, təbliği və qorunması istiqamətində mühüm işlər görülür. Min illərlə tarixə malik olan qədim Naxçıvan torpağı ilk sivilizasiyanın beşiyi olduğu kimi, dünya mədəniyyətinin də ilkin məskəni sayılır. Naxçıvan ölkəmizə Azərbaycan musiqi mədəniyyətinin inkişafında böyük əməyi olan musiqiçilər yetirib, bəxş edib. Bu qədim yurd yerində muğam üçlüklərinin fəaliyyəti geniş şöhrət tapıb, mahnı ifaçılığı fəal olub. Naxçıvanı vəsf edən onlarca musiqi əsərləri zamanın sınağından keçərək bu gün də öz təravətini qorumaqda, ifa olunmaqdadır. İllərdir ki, qədim diyarımızda dəyərli milli sərvətimiz qorunur və yeni nəsillərə təbliğ edilir. Naxçıvanda tar, kaman, nağara, ney, balaban, saz və digər milli musiqi alətləri ilə yanaşı, tulum, yan tütəyi kimi az yayılmış musiqi alətlərindən də istifadə olunur və yaşadılır. Naxçıvan torpağının yetirmələri olan, dahi Üzeyir bəy məktəbinə mənsub bir sıra bəstəkar və müğənnilərin Azərbaycan musiqi mədəniyyətinin inkişafında öz sözü və öz yeri vardır.
1978-ci ilin sentyabr ayında Naxçıvanda Azərbaycan Bəstəkarlar İttifaqının Naxçıvan Təşkilatı fəaliyyətə başlayıb və o gündən etibarən bu təşkilat muxtar respublikanın musiqi mədəniyyətinin zənginləşməsi yolunda böyük səy göstərib və bir sıra nailiyyətlərə imza atmaqdadır.
Naxçıvan musiqi mədəniyyətindən söz düşəndə öncə qədim rəqs nümunələrindən sayılan “Yallı”lar diqqəti cəlb edir. 1937-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəylinin keçmiş SSRİ Ali Sovetinə Şərur rayonunun indiki Cəlilkəndindən deputatlığa namizəd kimi seçiciləri ilə görüşə gəlməsi zamanı bəstəkarın şərəfinə klubda bədii özfəaliyyət kollektivinin ifa etdiyi yallı və rəqslər Üzeyir bəyi valeh edir. Bir ay sonra bəstəkarın təşəbbüsü ilə Şərur yallısı Moskvada keçirilən Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak edərək böyük uğur qazanır.
Naxçıvan Muxtar Respublikasında milli musiqiyə göstərilən qayğı bu sahənin müxtəlif istiqamətlər üzrə inkişafı ilə nəticələnməkdədir. Belə ki, Naxçıvan bəstəkarlarının yaradıcılıq imkanları genişləndirilmiş, muxtar respublikada milli musiqimizin təbliği istiqamətində də mühüm tədbirlər görülməkdədir. Ötən dövrdə Naxçıvan Dövlət Filarmoniyasının xarici ölkələrə qastrol səfərləri təşkil edilmiş, musiqi kollektivləri Rusiya Federasiyasında, Türkmənistanda, Türkiyədə və Polşada uğurla çıxış etmiş, musiqi kollektivlərinin və “Şərur” Xalq Yallı Ansamblının çıxışları maraqla qarşılanmışdır.
Musiqimizin inkişafı istiqamətində görülən tədbirlər uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəblərini də əhatə etmişdir. Son illər 20-dən çox musiqi məktəbi üçün bina inşa olunaraq və ya yenidən qurularaq istifadəyə verilmişdir. Bu gün muxtar respublikada 26 uşaq musiqi, incəsənət və bədii sənətkarlıq məktəbi fəaliyyət göstərir. Bu sahədə həyata keçirilən tədbirlər davamlı xarakter almışdır. Son illər Naxçıvan şəhərinin Qaraçuq, Culfa rayonunun Bənəniyar, Şərur rayonunun Ələkli kəndlərində uşaq musiqi məktəbləri üçün yeni binalar istifadəyə verilmişdir. Naxçıvan şəhərindəki 2 nömrəli Uşaq Musiqi Məktəbi, Sədərək Rayon Uşaq Musiqi Məktəbi üçün də yeni bina inşa olunmuş, musiqi təhsilinin nümunəvi təşkilinə hərtərəfli şərait yaradılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamı ilə yaradılan Naxçıvan Dövlət Uşaq Filarmoniyasında xalq çalğı alətləri ansamblı, kamera orkestri, mahnı və rəqs ansamblı, xor kollektivi fəaliyyət göstərir. 1998-ci ildə Naxçıvan Dövlət Universitetinin İncəsənət fakültəsinin nəzdində konservatoriyanın açılması isə ali təhsilli musiqiçi kadrların yetişdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında Xalq yaradıcılığı günlərinin keçirilməsi haqqında” 2009-cu il 7 fevral tarixli Sərəncamından sonra Naxçıvan Aşıqlar Birliyi yaradılmış, Azərbaycan xalqının tarixini özündə yaşadan xalq musiqisi, yallılar, xalq rəqsləri, toy adətləri təbliğ olunmağa başlanılmışdır.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” 2015-ci il 27 iyul tarixli Sərəncamı da musiqi tədrisi sahəsində yeni imkanlar açmışdır. Sərəncama əsasən musiqi müəllimliyi, xalq çalğı alətləri ifaçılığı, fortepiano, musiqişünaslıq, dirijorluq və başqa ixtisasların Mədəniyyət Nazirliyinə hamiliyə verilməsi tədrisin müasir səviyyədə qurulmasına imkan yaratmışdır. Bu məqsədlə gənc musiqiçilərin peşəkar bəstəkar və musiqiçilərlə görüşləri, ustad dərsləri təşkil olunur, istedadlı tələbələrin solo konsertləri keçirilir.
Bu gün Azərbaycan musiqisi dünyanın qəbul etdiyi sənət nümunəsidir. Milli dəyərlərimizin bu əvəzsiz nümunəsi doğma diyarımızda böyük həssaslıqla qorunub yaşadılır və bundan sonra da hərtərəfli dövlət qayğısı ilə əhatə olunan milli musiqimiz daha da inkişaf etdiriləcəkdir.

Fətəli Axundzadə
Babək Rayon Mədəniyyət şöbəsinin müdiri

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR