08 Oktyabr 2024, Çərşənbə axşamı

Uzunömürlü ailələrin sirri nədədir? Yəqin bunun bir düsturu var… Əlbəttə, hər bir uzunömürlü ailə xoşbəxt sayılmır. Amma qırx-əlli il bir yerdə ömür sürən, hələ də əl-ələ tutub gəzən yaşlı insanları görəndə, heç maraqlanmısınızmı, bu qədər uzun və sevgi dolu günləri necə geridə qoyublar?

Möcüzəli dünyamız həmişəyaşar hisslərdən yaradılıb, sehrində insanlar ata qanı, ana südü ilə doğmalaşıblar. Azərbaycan xalqı ailə qurmağa həmişə müqəddəs iş kimi baxaraq məhəbbət hissini, iki gəncin ülfət bağlayıb ailə qurmasını ilahi ölçülərlə mənalandırmışdır. Azərbaycan ailəsinin əsas bünövrəsi sayılan qadınlarımız tarixboyu min bir əzaba qatlaşaraq ailəsini qorumağa, qohum-əqrəbanın, el-obanın adına ləkə gətirilməsinə imkan verməməyə çalışmışlar. Ailədə kişi də, qadın da, necə deyərlər, öz yerini tanımış, tarixən yaranıb formalaşmış adət və ənənələrə hörmətlə yanaşılmışdır. Lakin xalqımızın tarixən qoruyub hifz etdiyi əxlaqi sərvət və normalar, ən ülvi nümunələr bəzi ailələrdə müxtəlif səbəblərdən müəyyən dəyişikliklərə uğrayıb, analıq instinkti, ailəyə bağlılıq, məsuliyyət, qadına məxsus nəciblik və zəriflik hissləri yavaş-yavaş tükənməyə doğru getməyə başlayıb.

Hamımıza yaxşı məlumdur ki, hazırkı dövrdə keçmişlə müqayisədə ailələrin qurulması, onun qorunması başqa meyarlara söykənir. Müasir Azərbaycan gəncləri ailə qurmaq məsələsində bəzən anlaşılmazlıqlara, səhvliklərə yol verirlər ki, bunun da əsas səbəbinin yanlış seçimin, düşünülmədən verilmiş qərarın uğursuzluğu ilə bağlılığı məlum olur. Yeni qurulan ailələrin bir çoxunun uzunömürlü olmaması təkcə maddi problemlərlə deyil, həm də hansısa maraqlar üzərində qurulan münasibətlərlə əlaqədardır. Sirr deyil ki, hazırda gənclərimizin əksəriyyəti imkanlı, maddi durumu yüksək olan valideynlərin övladları ilə ailə qurmağa üstünlük verirlər. Ancaq nikah baş tutsa da, bu cür ailələrdə daim münaqişə və gərginlik hökm sürür, əksər hallarda isə həmin ailələrin aqibəti uğursuzluqlarla nəticələnir.
Digər tərəfdən bəzi gənc qızlarımız, gəlinlərimiz, hətta yaşlı nəslin nümayəndəsi olan qadınlarımızın dəblə ayaqlaşmaq cəhdləri, “dəbdir”, “zamanın tələbidir” deyərək həddən artıq açıq-saçıq geyinmələri, davranışlarında yol verdikləri qeyri-etik situasiyalar ailə-məişət məsələlərində öz zərərli təsirini büruzə verir. Görünür, Avropanın çoxdan öz həyatının gündəlik normasına çevirdiyi dəyərləri qəbul etməklə hansı xalqa məxsus olduğumuzu yaddan çıxarırıq. Yaddan çıxardığımız dəyərlər arasında uşaqlıqdan gözlərinin nuru ilə böyütdükləri oğul və qızları tərəfindən evlərdə tək-tənha qalmış, qocalar evinə verilmiş ağsaqqal və ağbirçəklərimizin sayının artması, ata-anaya həyan olmaq kimi şərəfli borcun yerinə yetirilməməsi məsələləri də yer almaqdadır.
İsməti, namusu hər şeydən üstün tutmuş, öz igidliyi və cəsarəti ilə şöhrət qazanaraq adını tarixin yaddaşına həkk etdirmiş Azərbaycan qadını bu gün cəmiyyətimizin aparıcı qüvvəsinə çevrilib. O, ailənin qayğıları ilə bərabər, cəmiyyətin də bir sıra qayğılarını öz üzərinə götürmüşdür.
Belə analarımızdan biri də ömrünün ahıl vaxtlarını yaşayan Culfa rayonunun Yaycı kənd sakini, hamının xeyirxahlıq timsalı kimi tanıdığı Fatimə Hüseynovadır. Rayonun ən böyük yaşayış məntəqəsi Yaycıda həyata göz açmış Fatimə Hüseynova böyük bir ailənin sonuncu qız övladı olub. Kənd sakinlərinin özünün və sözünün yerini bilən bir insan kimi tanıdığı Musa kişinin 4 övladından biri olan Fatimə gözünü açandan valideynlərini başqalarına əl tutan, camaatın xeyir-şərinə yarayan insanlar kimi görüb. 1951-ci ildə Fatimə İbrahim ilə ailə həyatı qurub.
Ailə – dörd hərfdən ibarət olan bu kəlmənin əsasında necə böyük bir məna var. İkinəfərlik uzun bir yola çıxılan, səadət və xoşbəxtlik arzulanaraq təməl daşı qoyulan ailənin həyat yolu məhz belə başlayır. Bu yolda önə çıxan, bir-birindən fərqlənən uzun günlər var. Təbii ki, bu fərqlilik həmin iki gəncin bir arada keçirdiyi asan və çətin günləri səbirlə yaşamasıdır. Birgə öhdəsindən gəlinən bütün çətinliklər həmin ailəni möhkəmləndirir və uzunömürlü edir.
Fatimə nənə də ömür-gün yoldaşı ilə həyatın acı-şirinini bir-birindən ayırmağı bacararaq, böyük bir ailənin ağırlığını öz çiyinlərində daşıyaraq bu gün evliliklərinin 70 ilini qeyd edir. İndi İbrahim babanın 94, Fatimə nənənin isə 89 yaşı var. 70 il öncə qurulan ailədə 10 övlad dünyaya gəlib. Bu gün onların hər biri bir ailə başçısıdır. 5 qız və 5 oğul övladı olan İbrahim baba və Fatimə nənə hazırda 29 nəvə, 37 nəticə və 1 kötücə sahibidirlər.
Uzunömürlü ailənin sirrini Fatimə nənədən də soruşduq. Deyirlər, yaşayan bilər. Cavab verir: – Uzun­ömürlü ailənin bircə sirri var, mənim balam, o da yaxşını pisə yamamaqdır. Əlimizə iynə-sap almışıqsa, demək, illərlə tikəcəyik. Gördüyümüz nöqsanları, qüsurları, yamaqları yamayacağıq ipək qumaşla. Bu fani dünyada xoşbəxtlik tapmaq istəyiriksə, dözməliyik bütün bunlara. Biz çox çətinliklər çəkmişik. İbrahim kişi dəmir yolunda çilingər işləyərdi. O, işdə olduğu müddətdə evin bütün qayğısını mən çəkərdim. O zamanlar yaşayış çox çətin idi. Evlərdə nə elektrik, nə də ki təbii qaz vardı. Kənddə içməli su, demək olar ki, yox idi. Araz çayından su daşıyar, evdə işlərimizi görərdik. Onda hər iş çətinliklə başa gələrdi. Ocaq yandırıb yemək bişirər, su isidib uşaqları çimizdirər, sonra da onların paltarlarını əlimizdə yuyardıq. Günümüzün çoxu təndir başında çörək bişirməklə keçərdi. Bu çətinliklərlə bərabər, həm də 10 övlad böyütmək... İndiki zamanda gənclərimizin yaşayışı, evlərdə olan şərait çox yaxşıdır. Ərzaq bolluğu içərisindədirlər, çörək-un qıtlığı çəkmirlər, daha nə istəyirlər ki... Bircə qalır mehriban və xoş sözlə ailəni bir arada saxlayasan. Dözümlü olub uşaq böyüdəsən, nəvə-nəticə sahibi olasan. Şükürlər olsun ki, İbrahim kişi ilə mən kötücə sahibi də olmuşuq. Bu gün gənclərimiz üçün yaradılan belə gözəl şəraitdə uzunömürlü ailə yaşamayanların günahı elə özlərindədir.
Söhbətimizə qarışan İbrahim baba: – Qızım, o zamanlar işləmək, ailənin dolanışığını təmin etmək çox çətin idi. Bu çətinliklərin öhdəsindən gəlməkdə mənim ən yaxşı köməkçim Fatimə xanım olub. Heç zaman evdə nəyinsə yoxluğundan şikayətlənməyib. Nə qədər çətinlik çəksə də, o, hər zaman razılıq edib. Biz bir-birimizə, necə deyərlər, güldən ağır söz deməmişik. Əslində, gözəl ailə, xoşbəxt birlikdəlik, heç də söz-sov, “dığ-dığ” və ya “evdə kimin sözü keçir” birinciliyi üzərində qurulmamalıdır. Vaxtilə bizdən tərbiyə alan 10 övladım da bu nümunəni öz övladlarına aşılayır. İndiki gənclər bilməlidirlər ki, ailədə hər bir çətinlik ola bilər, əsas odur ki, o çətinliyin öhdəsindən birgə gələ bilməyi bacarasan, ailədə mehriban olasan. Bax, o zaman ailən uzunömürlü olar.
İbrahim kişi deyir ki, ailənin möhkəm olması üçün sağlam bünövrə, sevgi və mehriban münasibət əsas şərtdir: “Ailə müqəddəsdir. Bir dəfə qurulmalıdır. Gözəl məhəbbətlə qurulan ailənin ömrü də uzun olar. Sevgi olmasa, yaşayış da olmaz. Biz ailədə çox mehriban olmuşuq. Can deyib, can eşitmişik. Bir-birimizi başa düşüb, güzəştə getməyi bacarmışıq. Ailədə inam, sədaqət və dostluq olmalıdır. Qoy cavanlar bizim kimi ailələrdən nümunə götürsünlər, dalaşmasınlar, ailələrini dağıtmasınlar”.
Yaşayışları sadə, söhbətləri səmimi olan bu insanlarla sağollaşıb ayrılanda İbrahim baba və Fatimə nənənin gənclərə xitabən dediyi sözlər lap yerinə düşdü: “Ta keçmişdən yeni ailə quranlara ağsaqqallar, ağbirçəklər “qoşa qarıyın” deyə alqış edərdilər. Biz də bütün ailə quranlara qoşa qarımağı arzulayırıq – bizim kimi”.

Səriyyə SALAHOVA
“Arazın səsi” qəzetinin məsul katibi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR