Yeni dərs ilinin başlanmasına sayılı günlər qalıb. Hər ilin bu günlərində şagirdlərin məktəb hazırlığı başlayır. Artıq övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlər məktəbli ləvazimatları almaq üçün yarmarkalara üz tuturlar.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə hər il keçirilən məktəbli yarmarkaları artıq ənənəvi hal alıb. Belə yarmarkalar yeni tədris ili ərəfəsində şagirdlərin məktəbli geyimlərinə və dərs ləvazimatlarına olan tələbatlarının daha asan şəkildə təmin edilməsində mühüm rol oynayır. Həm qiymətlərin ucuzlaşmasına, həm də süni qiymət artımına nəzarətin güclənməsinə səbəb olan yarmarkalar övladlarını məktəbə yola salmağa hazırlaşan valideynlərin işini xeyli asanlaşdırıb. Satış yerlərinin hər birində məhsulların çeşid zənginliyi, keyfiyyəti, satış qiymətlərinin əlverişli olması, xidmətin təşkili alıcılar tərəfindən razılıqla qarşılanır.
Qeyd edək ki, bir neçə gündür Naxçıvan şəhərinin Xətai küçəsindəki Mərkəzi bazarda və muxtar respublikamızın rayon mərkəzlərində məktəbli yarmarkaları təşkil olunub. Bu günlərdə həmin ünvanda təşkil olunan yarmarkaya üz tutmaqda məqsədimiz satılan məktəbli ləvazimatlarının keyfiyyətini, qiymətini, valideynlərin yarmarkaya münasibətini öyrənmək idi.
Burada olarkən söhbətləşdiyimiz valideynlər yaradılmış şəraitdən xeyli razılıq etdilər. Öncə yarmarkalardakı qiymətlərlə maraqlandıq. Müşahidə etdik ki, bütün növ məktəbli ləvazimatlarının satıldığı yarmarkada onların qiyməti şəhərdə fəaliyyət göstərən digər mağazalarla müqayisədə 20 faiz aşağıdır. Əgər məktəbli üçün lazım olan bütün ləvazimatlar alınırsa, o zaman satıcılar endirim də edirlər.
Yəqin ki, oxucularımızın da bəzilərinin “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin bir neçə ay əvvəl fəaliyyətə başlayan Satış-Sərgi Mərkəzində satılan məktəbli ləvazimatlarından xəbəri var. Həmin ləvazimatlar da məktəbli yarmarkasına çıxarılmışdı. Nəşriyyatın hazırladığı illik və gündəlik dərs planları, məktəbli kitabçaları, lüğət dəftərləri, hüsnxətlər, dəftərlər göz oxşayır. Yüksək keyfiyyəti ilə diqqəti cəlb edən ləvazimatların üzərində özünə yer almış muxtar respublikanın mədəni-tarixi abidələrinin, görməli yerlərinin şəkilləri məktəblilərin öz yurd yerimizi daha yaxından tanımaları məqsədi daşıyır. Bu barədə danışan ibtidai sinif müəllimi Lamiyyə Muradova deyir ki, ilin bu mövsümündə valideynlərlə yanaşı, müəllimlərin də qayğıları artırdı. Ancaq məktəbli yarmarkalarının təşkilinə start veriləndən sonra işimiz xeyli yüngülləşib; artıq vaxt itirib bir neçə mağazaya deyil, buraya üz tuturuq. Burada seçim etmə imkanlarımız da genişdir. Elə götürək “Əcəmi” Nəşriyyat-Poliqrafiya Birliyinin istehsalı olan ləvazimatları. Qiymətləri ucuzdur, keyfiyyətlidir. Birliyin təmsilçisinin sözlərinə görə yarmarkaya 919 çeşiddə ləvazimat çıxarılıb.
Valideyn Qumral Məmmədova: “Hər bir valideyn çalışır ki, yeni tədris ilində övladına yeni məktəbli forması, dərs ləvazimatları alsın. Əvvəllər satıcılar alıcılara yüksək qiymətlərlə məhsullar təklif edirdilər. Düşünürdülər ki, valideynlər nə olursa-olsun, həmin ləvazimatları almağa məcburdurlar. İndi isə təşkil edilən belə yarmarkalar həm süni qiymət artımının, həm də məktəb ləvazimatlarının qanunsuz satışının qarşısını alıb. Bu isə həm xərclərin optimallaşdırılması, həm də daha keyfiyyətli ləvazimatlar əldə etmək baxımından əhəmiyyətlidir”.
Digər müsahibimiz Asəf Seyidov süni qiymət artımının qarşısının alınmasında mühüm vasitə olan yarmarkaların təşkilindən razılıq etdi. O bildirdi ki, yarmarkadakı qiymətlər bazar qiymətlərindən xeyli aşağıdır. Həm də çeşid bolluğu olduğundan seçim rahatdır.
Vəsminaz Qasımova isə nəvələri üçün yarmarkaya gəldiyini bildirdi. Onun dediklərindən: “Bir zamanlar bütün sahələrdə olduğu kimi, təhsilimizdə də vəziyyət acınacaqlı idi. Lazım olan dərsliklərin tapılmaması, yaxud onların bazarlarda çox baha qiymətə satılması adi hala çevrilmişdi. Artıq o günlər xeyli geridə qalıb. Bu mənada, indi orta məktəblərdə təhsil alan şagirdlərə qibtə ilə baxmaq olar. Onlar üçün məktəbli yarmarkasında nə istəsən var. Mən də nəvələrim üçün yarmarkadan lazımi ləvazimatları aldım. Bu şəraiti yaradanlara minnətdarlığımı bildirirəm”.
Qeyd edək ki, yarmarkada təkcə şagirdlər üçün deyil, müəllimlər üçün də müəyyən ləvazimatlar satışa çıxarılıb. İngilis dili müəllimi Nigar Mirzəmmədova bildirdi ki, hər il zəruri ləvazimatları bu yarmarkadan alıram. Çünki həm keyfiyyətlidir, həm də sərfəli. Ən əsası isə az zaman sərf etməklə dərs vəsaitlərini, keyfiyyətli məktəb ləvazimatlarını güzəştli qiymətlərlə ala bilirik. Belə yarmarkaların təşkili həm valideynlərə, həm də müəllimlərə daha bir qayğının ifadəsidir.
Məlumat üçün bildirək ki, həmin gün yarmarkada 23 sahibkarlıq subyektinin, 3 istehsal müəssisəsinin 52 adda məktəbli ləvazimatı satışa çıxarılmışdı.
Məktəbli yarmarkası sentyabrın 15-dək davam edəcək. Əziz valideynlər, sevimli övladlarımız, dəyərli təhsil işçilərimiz! Sizləri bu gözəl təşəbbüsdən faydalanaraq yeni dərs ilinin təməlini uğurla qoymaq üçün yeni və keyfiyyətli məktəbli ləvazimatları, dərslik və digər tədris vəsaitləri almaq üçün məktəbli yarmarkasına dəvət edir, hər birinizə yeni tədris ilində uğurlar arzu edirik.
Gülcamal TAHİROVA