08 Oktyabr 2024, Çərşənbə axşamı

Xalqımızın ümummilli lideri Heydər Əliyev xalq maarifinin, milli təhsilin inkişafına xüsusi diqqət yetirir və bu istiqamətdə heç nəyi əsirgəmirdi. “Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”, – deyən ulu öndər Azərbaycanın qloballaşan dünyada layiqli yer tutması, xalqın xoş və firavan gələcəyi üçün yeniyetmə və gənclərin təhsilinə böyük önəm verir, onların hərtərəfli biliyə, dünyagörüşə malik vətəndaşlar kimi yetişmələri üçün hər cür şərait yaradırdı.

1991-1993-cü illərdə respublikamızda hökm sürən böhranlı vəziyyət – iqtisadi tənəzzül proseslərinin dərinləşməsi, ictimai-siyasi sabitliyin olmaması elm və təhsil sahəsində bir sıra problemlərin yaranmasına gətirib çıxarmışdı. Bu böhranlı vəziyyəti yalnız ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə respublika rəhbərliyinə qayıdışından sonra aradan qaldırmaq, təhsil sahəsində dövlət siyasətinin mühüm istiqamətlərini müəyyənləşdirmək mümkün oldu. Bütün sahələrdə olduğu kimi, təhsilin yeniləşdirilməsi ilə bağlı əsaslı tədbirlərin davam etdirilməsinə başlanıldı. Azərbaycan təhsili həm məzmun, həm də struktur baxımından yeniləndi, bu sahənin beynəlxalq əlaqələri genişləndi, dünya təhsil sisteminə inteqrasiya intensivləşdi, təhsil sahəsində uğurlu islahatlar aparıldı, ali təhsil müəssisələrinin şəbəkəsi genişləndirildi, müasir tələblərə cavab verən təhsil ocaqları tikilib istifadəyə verildi.

Bu gün təhsil siyаsəti ümummilli lidеrimizin təməlini qоyduğu, möhkəmləndirdiyi еtibаrlı zəmin üzərində dаvаm və inkişаf еtdirilir. Azərbaycan Respublikasının Prеzidеnti cənаb İlhаm Əliyеvin böyük səyləri sаyəsində təhsil Аzərbаycаnın dаvаmlı inkişаf strаtеgiyаsının mühüm istiqаmətlərindən birinə çеvrilib. Təhsilin inkişafına göstərilən yüksək diqqət isə Azərbaycanın dünya miqyasında tanıdılmasına, öz layiqli yerini tutmasına xidmət edir. Son illərdə təhsilin inkişafına xidmət edən fərman, sərəncam və Dövlət proqramlarının imzalanması ölkə rəhbərinin bu sahəyə necə böyük həssaslıqla, diqqətlə yanaşdığını əyani surətdə təsdiqləyir.
Muxtar respublikamızda da bu istiqamətdə görülən işlər, həyata keçirilən tədbirlər hər birimizə fəxarət hissi yaşadır. Müasir tələblər səviyyəsində inşa olunan təhsil müəssisələri bu sahənin inkişafına yeni üfüqlər açır. Son illərdə rayon mərkəzləri ilə yanaşı, ucqar dağ və sərhəd kəndlərində də müasir tələblərə cavab verən, gələcək perspektivə hesablanmış 200-dən artıq yeni məktəb binası tikilmişdir. Bu təhsil ocaqlarının hər birində müasir texniki avadanlıqlar quraşdırılmış, kitabxanalar, idman zalları, fənn kabinələri, laboratoriyalar yaradılmış, müasir kompüter dəstləri müəllim və şagirdlərin ixtiyarına verilmişdir.

Günün reallığıdır ki, sabitlik, davamlı sosial-iqtisadi islahatlar və aparılan geniş quruculuq işləri qədim diyarımızın bütün yaşayış məntəqələrini əhatə etmişdir. Kəndlərin abadlaşması, müasir infrastrukturun yaradılması, fərdi təsərrüfatların genişlənməsi və məşğulluğun təmin olunması insanların rahat yaşayışına imkan verir, məskunlaşma ilbəil artır. Həyata keçirilən tədbirlərin davamı olaraq son illərdə Babək rayonunun Payız kəndində də geniş abadlıq-quruculuq işləri aparılmış, yeni məktəb binası, kənd və xidmət mərkəzləri tikilmiş, rahat avtomobil yolu çəkilmiş, kənddəki qədim su dəyirmanı bərpa olunmuşdur. Qürurla deyə bilərik ki, quruculuq işləri içərisində təhsilə daha çox pay düşür, yeni təhsil müəssisələri istifadəyə verilir. 2017-ci il sentyabrın 15-də – Bilik Günündə Payız kəndində hər cür maddi-texniki baza ilə təchiz olunan və tədrisin keyfiyyətinin yüksəldilməsi üçün geniş imkanlar açan yeni məktəb binasının istifadəyə verilməsi də bu sahədə görülən işlərin davamıdır. Üçmərtəbəli məktəbimiz 240 şagird yerlikdir. Binada 3-ü elektron lövhəli olmaqla, 13 sinif otağı, 2 laboratoriya, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, kitabxana və idman zalı fəaliyyət göstərir. Hazırda məktəbimizin kitabxana fondunda 1200 dərslik və 2671 bədii ədəbiyyat vardır. Kitabxanada Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamına uyğun olaraq oxunması zəruri olan kitablardan ibarət guşə yaradılmışdır. Milli dəyərlərimizin təbliği məqsədilə məktəbimizdə şagirdlərin topladıqları maddi mədəniyyət nümunələrinin nümayiş olunduğu muzey də fəaliyyət göstərir.
Kimya-biologiya və fizika laboratoriyaları əyani tədris vasitələri ilə təmin olunmuş, idman zalında və hərbi kabinədə şagirdlərin fiziki hazır­lığı və hərbi-vətənpərvərlik tərbiyələrinin təşkili üçün lazımi şərait yaradılmışdır. Həmçinin internetə qoşulmuş kompüter otaqlarımız da şagirdlərin istifadəsinə verilib. Məktəbin açılış mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri demişdir: “Təhsilə, məktəb işinə qoyulan sərmayə gələcəyə qoyulan sərmayədir. Əgər yaxşı mütəxəssis və əsl vətəndaş yetişdirmək istəyiriksə, ölkəmizin gələcəyini düşünürüksə, onda məktəb işinə, təhsilə həmişə olduğu kimi, bundan sonra da xüsusi diqqət yetirməliyik”.
Bu il məktəbimizi bitirən iki məzun ali məktəbə qəbul olub. Onlardan biri 500-700 intervalında bal toplayıb, 3 şagird Heydər Əliyev adına Hərbi Liseyə, 1 şagird isə Texniki Kollecə qəbul olub. Məktəbdə yaradılan şərait tədrisin bundan sonra da günün tələbləri səviyyəsində qurulmasına imkan verəcəkdir.
Məktəblərdəki tədris prosesində gələcəyimiz olan uşaqların hərbi-vətənpərvərlik ruhunda böyüməsi də daim diqqət mərkəzində saxlanılır, “Cəsurlar”, “Şahin”, “Sərhəd” hərbi idman və turizm oyunlarının, “Vətənin müdafiəsinə hazıram” çoxnövçülüyü üzrə hərbi idman oyunlarının şəbəkəsi hər il daha da genişləndirilir. Muxtar respublikanın orta ümumtəhsil məktəblərinin şagirdləri fənn olimpiadalarının respublika turunda iştirak edərək uğurlu nəticələr göstərirlər. Onu da qeyd edim ki, məktəbimizin şagirdləri 2018-2019-cu illərdə poliatlon çoxnövçülüyü üzrə Azərbaycan Respublikası birincisi olublar.
Tədrisin keyfiyyətinin yüksəldilməsi muxtar respublikada ali məktəblərə qəbulun səviyyəsini də ilbəil artırmışdır. 2020-2021-ci tədris ili üzrə ümumtəhsil məktəblərini Heydər Əliyev adına Hərbi Lisey də daxil olmaqla, 2882 məzun bitirmiş, onlardan 2470-i ali məktəblərə qəbul imtahanlarında iştirak etmişdir. İmtahanda iştirak edən məzunlardan 1612-si ali təhsil müəssisələrinə qəbul olmuşdur. Muxtar respublika üzrə 261 məzun 500-dən yuxarı bal toplamışdır. Diyarımızda ali təhsil müəssisələrində yaradılan müasir infrast­rukturun nəticəsidir ki, yüksək nəticə göstərən məzunların 150-si muxtar respublikanın ali təhsil müəssisələrini seçmişdir. Dünyanın inkişaf etmiş ölkə­lərində tətbiq edilən STEAM təlim metodu 2020-2021-ci tədris ilindən muxtar respublikanın ümumtəhsil məktəblərində də tətbiq olunur. Bu məqsədlə STEAM kabinələri yaradılır, müəllimlər STEAM təlimlərinə cəlb edilirlər. Yeni təhsil metodunun tətbiqi ilə bağlı nəzərdə tutulmuş tədbirlər haqqında Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı təhsildə yeni uğurlar qazanılmasına stimul olacaq. Əlbəttə, Azərbaycanın işıqlı gələcəyi üçün vətənpərvər gənclərin yetişdirilməsi daha çox müəllimlərin üzərinə düşən vəzifədir. Qürurvericidir ki, bu gün muxtar respublikamızda fəaliyyət göstərən müəllimlər cəmiyyətimizdə böyük nüfuza malik olan peşə sahibləridir. Onlara böyük etimad göstərilir, fərqlənənlərin əməyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Hər il yüksək bal toplayan məzunlarla Ali Məclis Sədrinin görüşməsi də artıq ənənəyə çevrilmişdir. Bu isə muxtar respublikada təhsilə göstərilən böyük qayğı kimi gənclərin də məsuliyyət hissini artırır, onları ölkəmizin inkişafı naminə təhsildə daha böyük uğurlar qazanmağa, layiqli vətəndaş olmağa, müstəqilliyimizin, dövlətçiliyin keşiyində daha sədaqətlə durmağa səsləyir. Nахçıvаn Muхtаr Rеspublikаsı Аli Məclisi Sədrinin sentyabr ayının 9-da tələbələrlə keçirdiyi görüşdə dеdiyi kimi: “Bu gün sizə baxarkən məsuliyyətini dərk edən, xalqının milli dəyərlərinə və ənənələrinə, Azərbaycançılıq ideyalarına sadiq olan vətənpərvər gəncləri görür və bununla qürur duyuruq. Vətənpərvərlik geniş məfhumdur. Hər kəs çalışdığı sahədə üzərinə düşən vəzifələri yaxşı icra edirsə, deməli o, vətənpərvərdir. Tələbə-gənclər isə buna hərtərəfli təhsil almaqla, biliklərə dərindən yiyələnməklə, xarici dil öyrənməklə, yeni texnologiyaları mənimsəməklə və düzgün həyat yolu seçməklə nail olmalıdırlar”.
Muхtаr rеspublikаdа təhsilə göstərilən qаyğının dаvаmlı хаrаktеr аlmаsı gənclərimizin хаrici ölkələrdə təhsillərini davam etdirməsinə də gеniş imkаnlаr аçır. Bu gün yüzlərlə gənc dünyаnın inkişаf еtmiş ölkələrinin univеrsitеtlərində təhsil alır.
Bu gün qürurla deyə bilərik ki, ümummilli lider Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi ilə bütün sahələrdə baş verən əsl intibah Azərbaycanın bugünkü inkişafının istinad nöqtəsidir. Ölkəmizdə, o cümlədən muxtar respublikamızda təhsil sahəsində qazanılan uğurlar bunu bir daha təsdiqləyir. Ulu öndər harada olmasından və yaşamasından asılı olmayaraq, gənclərimizin layiqli, bilikli, təhsilli vətəndaş kimi yetişmələrinin, daim əsl azərbaycanlı mövqeyində dayanmalarının vacibliyini öz çıxışlarında dönə-dönə vurğulayırdı: “Hər bir millətin, hər bir ölkənin gələcəyi gənclərdir. Biz gənclərimizi nə qədər yüksək təhsilli etsək, onların müəyyən ixtisaslara mükəmməl yiyələnməsinə şərait yarada bilsək, müstəqil Azərbaycanın gələcəyi və demək, müstəqil Azərbaycanın iqtisadiyyatının inkişafı, elminin inkişafı, təhsilinin inkişafı, insanların rifah halı o qədər də yaxşı olacaqdır…”

Bu gün dаvаmlı оlаrаq təhsil sаhəsində islаhаtlаr həyаtа kеçirilməкdədir. Bütün bunlar bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin mütərəqqi ənənələrinə, milli-mənəvi və ümumbəşəri dəyərlərə, beynəlxalq təcrübəyə əsaslanaraq daha da inkişaf etməkdədir.

Turan MƏMMƏDLİ
Babək rayon Payız kənd tam orta məktəbinin direktoru,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR