Avqust ayının əvvəlindən başlayaraq muxtar respublikada mədəniyyətin təbliği və sakinlərin mədəni istirahətinin təşkili məqsədilə müxtəlif məzmunlu tədbirlər keçirilmişdir. Azərbaycan Kinosu Günü ilə bağlı Naxçıvan şəhərindəki “Əyləncə adası” İstirahət Parkında “O olmasın, bu olsun” filmi nümayiş olunmuşdur. Həmçinin açıq havada kino nümayişləri avqust ayında da davam etdirilmiş, “Əyləncə adası” İstirahət Parkında 9 film kinosevərlərə təqdim olunmuşdur.
Ay ərzində “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunması və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı yaradılmış “Əllə toxunmuş xalçaların reyestri sistemi”nə daxil edilməsi üçün 3 yeni xalçanın pasportlaşdırılması istiqamətində müvafiq iş aparılmışdır. Həmçinin bu sistemə daxil olan 14 sayda xalça haqqında məlumat “naxcivan_muzeyleri” “Instagram” səhifəsində, Naxçıvan Dövlət Xalça Muzeyinin sosial şəbəkə hesablarında paylaşılmışdır.
2021-ci ilin “Nizami Gəncəvi ili” elan edilməsi ilə bağlı ötən ay Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş 3 tədbir keçirilmişdir. Hesabat dövründə muxtar diyarımızda fəaliyyət göstərən muzeyləri 44 min 507 yerli, 7 min 671 əcnəbi olmaqla, ümumilikdə, 52 min 178 tamaşaçı ziyarət etmiş, bu muzeylərə 527 yeni eksponat daxil olmuşdur. Ay ərzində, ümumilikdə, muxtar respublikanın muzeyləri tərəfindən 680-dən çox müxtəlif məlumat xarakterli material, videoçarx hazırlanmış və sosial şəbəkələrdə paylaşılmışdır.
Məmməd Səid Ordubadi adına Naxçıvan Muxtar Respublika və Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq kitabxanaları tərəfindən “Oxunması zəruri olan kitabların Siyahısı”na daxil olan kitabların 3-ü onlayn olmaqla, bir neçəsinin ənənəvi müzakirəsi təşkil olunmuşdur. Həmçinin ədəbi şəxsiyyətlərin yubileyləri, eləcə də əlamətdar və tarixi günlərlə bağlı 1-i onlayn olmaqla, 22 tədbir keçirilmiş, 40 sərgi tamaşaçıların ixtiyarına verilmişdir. Ötən ay Adil Babayev adına Naxçıvan Muxtar Respublika Uşaq Kitabxanasının təşəbbüsü ilə keçirilən “Kitabı sevin – kitab bilik mənbəyidir” adlı sərgi maraqla qarşılanmışdır. Kitabxanalar tərəfindən 21 sağlamlıq imkanları məhdud uşağa səyyar kitabxana xidməti göstərilmişdir.
Ötən ay muxtar respublikanın kitabxanalarının sosial şəbəkə hesablarında tarixi və əlamətdar günlər, görkəmli mədəniyyət və incəsənət xadimlərinin yubileyləri ilə əlaqədar 128 paylaşım edilmişdir. Ay ərzində muxtar respublikanın kitabxanalarına 463 yeni oxucu müraciət etmiş, oxucu gəlişi 8 min 705, kitab verilişi isə 42 min 521 nüsxə olmuşdur. Bundan başqa, ötən ay elektron kataloqa 701 adda kitab işlənərək elektron kataloqdakı kitabların sayı 26 min 296-ya çatdırılmışdır. 30 kitab şəbəkəyə işlənmiş və bu qəbildən kitabların sayı 3 min 491-ə çatdırılmışdır. Ay ərzində elektron kitabxanadan, ümumilikdə, 518 oxucu istifadə etmişdir.
Naxçıvan Dövlət Film Fondu tərəfindən görkəmli kino xadimləri, dünya və Azərbaycan kinosunun inciləri haqqında film çəkilişlərindən maraqlı faktlarla bağlı məlumatların sosial şəbəkələrdə paylaşılması avqust ayında da davam etdirilmiş, “Xalq yaradıcılığı günü” çərçivəsində xalq yaradıcılığı nümunələrinin videoçəkilişi aparılmışdır.
Ötən aydan etibarən M.T.Sidqi adına Naxçıvan Dövlət Kukla Teatrı və Naxçıvan Dövlət Uşaq Teatrı Nizami Gəncəvinin müvafiq olaraq “Yeddi gözəl”, “Sirlər xəzinəsi” əsərlərindəki hekayələr əsasında səhnələşdirilən tamaşaların məşqlərinə başlamışdır. Kukla Teatrının aktyorları Ağbulaq İstirahət Mərkəzində şəhid övladlarının iştirakı ilə təşkil olunan Zəfər düşərgəsində tamaşalardan parçalar, teatrda isə xüsusi kateqoriyadan olan uşaqlar üçün “Ağca və Bozca” tamaşasını nümayiş etdirmişlər.
Türkiyənin Zəfər bayramına həsr olunmuş tədbirlərdə Naxçıvan Dövlət Filarmoniyasının solistləri iştirak etmişlər.
Naxçıvan Muxtar Respublikası
Mədəniyyət Nazirliyinin mətbuat xidməti