Müasirləşən kəndlərimiz
Qədim Şərur torpağı da digər bölgələrimiz kimi özünün inkişaf mərhələsini yaşayır. Rayon mərkəzində və kəndlərdə istifadəyə verilən müxtəlif təyinatlı obyektlər, fəaliyyətini genişləndirən, hərtərəfli dövlət qayğısı ilə əhatə olunan emal və istehsal müəssisələri, təsərrüfatın ayrı-ayrı sahələrinin inkişafı Şəruru tanınmaz dərəcədə dəyişdirib, gözəlliyə qovuşdurub. Belə tədbirlər hesabına yeni iş yerləri açılıb, əhalinin gün-güzəranı yaxşılaşıb, həyat səviyyəsi yüksəlib. Rayon sakinləri bölgənin sosial-iqtisadi inkişafına töhfələrini vermək üçün əzmkarlıq göstərir, səy və bacarıqlarını əsirgəmirlər. Rayonun kənd yaşayış məntəqələri ilin bu vədəsində daha füsunkar olur. Şəhriyar kəndi də bu cəhətdən istisna deyil.
Payızın ilk günlərinin birində bu yaşayış məntəqəsinə üz tutmaqda məqsədimiz bu yaşayış məntəqəsi sakinlərinin gün-güzəranı, son illərdə kəndlərimizə göstərilən qayğı müqabilində insanların yaşayış tərzi ilə yaxından tanış olmaq idi.
Kənddə geniş quruculuq işləri aparılıb, yol yenidən qurulub, ümumtəhsil və uşaq musiqi məktəbləri üçün yeni binalar, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası tikilib. Məktəbin direktoru Oruc Baxşalıyev deyir ki, 224 şagird yerlik ikimərtəbəli məktəbdə 16 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, şahmat sinfi, kompüter, müəllimlər və psixoloq otaqları, STEAM kabinəsi, kitabxana, qarderob və idman zalı vardır. STEAM kabinəsi 1 elektron lövhə, 2 kompüter, 3D printer olmaqla, mikrobit, arduino setləri və digər öyrədici STEAM qurğuları ilə təchiz edilib.
Kitabxana fondunda 1315-i dərslik və 2213-ü bədii ədəbiyyat olmaqla, 3528 kitab vardır. Ölkə və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin əsərləri, elektron kitab bazası və oxunması zəruri olan kitablardan ibarət guşə şagirdlər üçün geniş mütaliə imkanları açır.
Məktəbdə quraşdırılan 4 müasir elektron lövhə və 22 kompüter tədrisin təşkilində yeni texnologiyalardan səmərəli istifadəyə, distant təhsilin tətbiqinə, eləcə də muzeylərlə interaktiv əlaqələrin qurulmasına imkan verir.
Məktəbin müəllimi Sevda Seyidova bildirdi ki, muxtar respublikada çalışan müəllimlər ölkə Prezidenti və Ali Məclis Sədrinin qayğısını həmişə hiss edirlər. Əməkhaqları dəfələrlə artırılıb, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilib, fəxri adlara layiq görülüb, onların fəaliyyəti üçün zəruri şərait yaradılıb. Bizim məktəbimizdə də yaradılan şərait şagirdlərin daha yaxşı təhsil almalarına, bilikli və vətənpərvər ruhda tərbiyə olunmalarına, müəllimlərə isə daha yaxşı tədris aparmağa geniş imkanlar açır.
Şəhriyara bir ayrı gözəllik verən əzəmətli tikililərdən biri də musiqi məktəbinin binasıdır. Kənddə gənclərin istedad və bacarıqlarının üzə çıxarılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində uşaq musiqi məktəbi mühüm əhəmiyyətə malikdir.
İkimərtəbəli məktəb binasında müəllimlər otağı, musiqi ədəbiyyatı, solfecio, nağara, qarmon, kamança, tar, fortepiano sinifləri olmaqla, ümumilikdə, 18 otaq, 40 yerlik konsert zalı, kitabxana, elektrik otağı və qarderob vardır.
Burada fəaliyyət göstərən müəllimlərin hər birinin üzündə sevinc, təbəssüm görünür. Hansı müəllimin fikrini öyrənmək istədim, bu şəraiti onlara yaradan dövlətimizə minnətdar olduqlarını bildirdi. Onlara göstərilən diqqət və qayğıdan ruhlanaraq gənc musiqiçilərin yetişdirilməsi üçün səylə çalışacaqlarını, yaradılan şəraitdən səmərəli istifadə etməklə üzərlərinə düşən vəzifələri daha məsuliyyətlə yerinə yetirəcəklərini dilə gətirdilər.
Ölkəmizdə dövlət siyasətinin əsas istiqamətini vətəndaşların sağlamlığı təşkil edir. Muxtar respublikada da müasir tibbi avadanlıqlarla təchiz olunmuş səhiyyə ocaqlarının inşası insanların sağlamlığının qorunması üçün geniş imkanlar açır. Müasirləşmiş kəndə gözəllik bəxş edən binalardan biri də Şəhriyar kənd həkim ambulatoriyasıdır. Ambulatoriyada hərtərəfli şərait yaradılıb.
Kənd sakinləri üçün yaradılmış belə şərait bunu deməyə əsas verir ki, muxtar respublikamızda aparılan genişmiqyaslı islahatlar nəticəsində səhiyyə sistemi bu gün sürətlə inkişaf edir, müasirləşir. Tikilən, qurulan nə varsa, əhalinin sağlamlığının qorunmasına və bu gözəl diyarda yaşamaq üçün ömürlərinin uzanmasına xidmət edir.
Şəhriyar kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Cümşüd Zahirli ilə görüşüb yaradılan iş şəraiti ilə tanış olduq. Bildirdi ki, 3 mərtəbəli binada dövlət qurumları əhaliyə səmərəli xidmət göstərir. Mərkəzdə rabitə evi, polis sahə və baytarlıq məntəqələri, 5027 ədəbiyyat fonduna malik olan kitabxana, inzibati ərazi dairəsi üzrə nümayəndəlik, bələdiyyə, mədəniyyət evi, Yeni Azərbaycan Partiyası ərazi ilk təşkilatı, statistika və arxiv otaqları, 44 yerlik zal vardır. Şəhriyar kəndində baytarlıq xidmətinin təşkilinə də xüsusi diqqət yetirilir.
Öyrəndik ki, bu gün Şəhriyarda əhalinin ixtiyarında 221 hektar pay torpağı var. Kənd sakinləri bələdiyyə fondunda olan 9 hektar sahədən də istifadə edirlər. Torpağa məhəbbət hissinin hesabınadır ki, bir qarış torpaq sahəsi belə, əkilməmiş saxlanılmır. Kənd adamları yaxşı bilirlər ki, torpaq ən qiymətli sərvət, ruzi-bərəkət ünvanı, halal qazanc mənbəyidir.
Torpaq mülkiyyətçisi Fərhad İsmayılov söhbətində bildirdi ki, ölkəmizdə aparılan torpaq islahatları nəticəsində çörəyi torpaqdan çıxan kəndli neçə illərdir, nəyi əkib-becərəcəyinə özü qərar verir. Bu da o deməkdir ki, xüsusi mülkiyyət sahibi olduqdan sonra kəndli torpaqdan daha səmərəli istifadə etməyə çalışır. Bir sözlə, kəndli torpağın cəfasını çəkir ki, səfasını sürsün. Dövlətimizin bu sahəyə dəstəyi də ildən-ilə artır. Elə rayonumuzu götürək. Məhsulumuzu ilboyu saxlamaq üçün iri soyuducu anbarlar tikilib, suvarma kanalları çəkilib. Artezianlar vurulub. “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin Şərur rayon bazası yaradılıb. Odur ki, kənd təsərrüfatı texnikaları sarıdan heç bir korluğumuz yoxdur. Hər il keyfiyyətli toxum alır, vaxtlı-vaxtında mineral gübrələrlə təmin olunuruq. Bütün bunlar aqrar sahənin inkişafına, torpaqla təmasda olan əkinçilərin əməyinin stimullaşdırılmasına xidmət edir.
İcra nümayəndəsi onu da xüsusi vurğuladı ki, meyvəçiliyin və tərəvəzçiliyin inkişaf etdirilməsi üçün də kənddə böyük imkanlar var. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Sərəncamı ilə təsdiq edilmiş meyvəçiliyin və tərəvəzçiliyin inkişafı üzrə Dövlət proqramı bu kəndin sakinlərini də ruhlandırıb. Odur ki, onlar əkin sahələrini ilbəil genişləndirirlər. Artıq bu ilin bar-bəhrəsini bazarlara çıxaran torpaq mülkiyyətçiləri vaxtdan səmərəli istifadə edirlər. Kənddə ət və süd məhsulları sarıdan da heç bir problem yoxdur.
Qəlbimizdə xoş duyğular və təəssüratlar oyadan Şəhriyar kəndinin bu günü ilə haqlı olaraq qürur hissi keçirən kənd adamları bu yurd yerinə qəlbən bağlanıblar. Çünki onlar üçün ata-baba əmanəti, Vətənin bir parçası olan bu kənd dövlətimizin hərtərəfli qayğısı hesabına xoş və firavan günlərə qədəm qoyub. Kənd adamları xoş günlərin asan başa gəlmədiyini dərindən dərk edir və bu büsatın qədrini bilirlər. İnanırlar ki, Şəhriyar kəndinin sabahı bundan da gözəl olacaq.
Sərxan İSMAYILOV