22 Dekabr 2024, Bazar

Xəbər verdiyimiz kimi, sentyabrın 5-də ölkə gənclərində vətənpərvərlik ruhunun yüksəldilməsi, fiziki dözümlülüyün artırılması, rəqabətədavamlı və sağlam gəncliyin inkişafına xidmət edən “Marş İrəli” adlı hərbi simulyasiyalı layihənin 4-cü mövsümü Naxçıvan Muxtar Respublikasında start götürüb. Əlahiddə Ümumqoşun Ordunun dəstəyi, Azərbaycan Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi və Gənclər Fondu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə reallaşdırılan layihənin gündəlik proqramı tərtib olunub, düşərgə üçün əlverişli məkan seçilib. Artıq gənclər muxtar respublikamızın bir sıra gəzməl-görməli, tarixi, dini, mədəni əhəmiyyətli yerləri ilə tanış olub, vətənpərvərlik ruhunun aşılanmasına xidmət edən bir sıra tədbirlər reallaşdırılıb. Layihə təşkilatçıları və iştraçılarının keçirilən tədbirlərlə bağlı fikirlərini öyrəndik:

Şahin Rəhmanlı – “İrəli” İctimai Birliyinin sədri: – Gənclərin Vətənə, torpağa, milli-mənəvi dəyərlərə sadiq, hərbi-vətənpərvərlik ruhunda yetişməsinə xüsusi diqqət yetirilməsi dövlət gənclər siyasətinin ana xəttini təşkil edir. “İrəli” İctimai Birliyi olaraq biz də daim ölkə başçısının müəyyənləşdirdiyi bu siyasət istiqamətində fəaliyyətimizi qurmağa çalışırıq və ötən dövr ərzində gənclərin hərtərəfli inkişafına yönələn müxtəlif səpkili layihələr reallaşdırmışıq. Vətənpərvərlik istiqamətində həyata keçirdiyimiz layihələr sırasında 2018-ci ildən start götürən “Marş İrəli” layihəsi xüsusilə seçilir. Layihə, əsasən, ön xətdə yerləşən bölmələrdə keçirilir. İlk olaraq Ağdam rayonunda həyata keçirmişik. O zaman rayonun əksər hissəsi işğal altındaydı. Ancaq müzəffər Ordumuzun qüdrəti nəticəsində artıq Qarabağımız azadlığına qovuşduğundan gələcəkdə həmin ata-baba torpaqlarımızda da “Marş İrəli” layihəsini uğurla reallaşdıra biləcəyik. Bu məqamda, xüsusilə qeyd etmək yerinə düşər ki, mən özüm də daxil olmaqla, layihədə iştirak edən 18 gəncimiz ötən il 44 günlük Vətən müharibəsində könüllü iştirak edərək torpaqlarımızın azadlığı uğrunda vuruşub və nəticədə, həmin oğullar ölkə başçısının müvafiq sərəncamları ilə medallarla təltif olunublar. Mən də Cəbrayılın və Füzulinin azad olunmasına görə medallara layiq görülmüşəm. Məhz bu amil “Marş İrəli”nin effektivliyinin bariz göstəricisi kimi layihənin mühümlüyünü ortaya qoydu. Qalib ölkənin gəncləri kimi 3-cü layihəni Göygöldə keçirdik və nəhayət, 4-cü “Marş İrəli” Naxçıvanda baş tutur. Naxçıvanlı gənclər hər zaman ölkəmizin ictimai-siyasi, sosial-mədəni həyatında xüsusi fəallıqları ilə seçiliblər. Bu baxımdan növbəti layihənin burada reallaşdırılması heç də təsadüfi deyildir.
Onu da qeyd edim ki, əvvəllər bir neçə dəfə layihələr, tədbirlər üçün muxtar respublikaya gəlmişdim, ancaq hər dəfə səfərim qış aylarına düşürdü. Sevinirəm ki, budəfəki gəlişimiz yay mövsümünə təsadüf etdi və Naxçıvanın ilin bu vədəsindəki görünüşünü, gözəlliyini görə, duya bildim. Belə ki, layihə çərçivəsində gənclərin mənəvi-psixoloji hazırlığını, vətənpərvər ruhunun yüksəldilməsinə yönələn tədbirlər keçirməklə yanaşı, asudə vaxtının da səmərəli təşkili üçün muxtar respublikanın bir sıra gəzməli-görməli yerlərinə getdik. Gözəlliklər diyarı Batabat yaylağında, möcüzələr məkanı Əshabi-Kəhfdə olduq, Naxçıvan şəhərinin tarixi-mədəni abidələrini ziyarət etdik, bu qədim diyarın təmiz, saf dağ havasından, büllur bulaqlarının suyundan daddıq. İstər bu yurdun tarixi, mənəvi zənginliyindən, istərsə də insanlarının səmimi, mehriban münasibətindən çox məmnun qaldıq. Bir neçə gün ərzində keçirilən müxtəlif hərbi idman oyunlarında, təlimlərdə, praktik sessiyalarda, yarışlarda naxçıvanlı gənclərin aktivliyini müşahidə etdim. Deyərəm ki, gözlədiyimizdən də üstün şəkildə öz bilik və bacarıqlarını göstərdilər. Layihənin keçirilməsi üçün yaradılan şərait isə lap ürəyimizcə oldu və bütün bunlara görə təşkilatçılara minnətdarlıq edirəm.
İlahə Haqverdiyeva – Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin şöbə müdiri: – “Marş İrəli” layihəsinin təşkilatçılarından biri olaraq bu tədbirə xüsusi hazırlaşmışdıq. İlk olaraq iştirak üçün link vasitəsilə 200-ə yaxın naxçıvanlı gənc qeydiyyatdan keçdi və həmin gənclər arasında seçimlər aparıldı. Sonra isə onlar müsahibə mərhələsinə dəvət olundular ki, bu mərhələdə sağlamlıqları, ekstremal şəraitdə yaşamaqları ilə bağlı verilən sualları dolğun cavablandıranlar seçildi. Beləliklə, 70-ə yaxın naxçıvanlı gənc layihədə iştirak üçün şans qazandı. Artıq bir neçə gün ərzində gənclərimiz öz aktivlikləri, fəallıqları, vətənpərvərlikləri ilə seçildi. Bildiyimiz kimi, bu tədbirlərdə ölkəmizin digər yerlərindən də gənclər iştirak edir və onların bir-birinə qaynayıb-qarışması, komanda şəklində fəaliyyətləri təqdirəlayiqdir. Keçirilən təlimlərdə, yarışlarda birlik, bərabərlik amili özünü bariz şəkildə göstərdi.
Onu da qeyd edim ki, layihə çərçivəsində gənclər müxtəlif hərbi hissələrə gedərək Əlahiddə Ümumqoşun Ordunun arsenalında yer alan müxtəlif texnika və silah-sursatlarla, hərbçilərimizin yaşam tərzi ilə yaxından tanış oldular. Bu müddətdə gənclərimizin asudə vaxtı da nəzərdən qaçırılmadı, demək olar ki, hər gün onlar üçün konsert proqramları, əyləncəli oyunlar təşkil edildi. Gənclərin Vətən müharibəsində iştirak etmiş döyüşçülərlə keçirilən görüşünü də xüsusi vurğulamaq istərdim. Döyüşçülərimiz layihə iştirakçıları ilə təəssüratlarını bölüşdülər, sualları dolğun şəkildə cavablandırdılar, onların döyüş yolları ilə yaxından tanışlıq oldu ki, bu da gənclərimizin vətənpərvərlik ruhunda tam köklənməsinə imkan verdi. Bundan əlavə, gənclər ön xətdə hərbi xidmət üçün yaradılan şəraitlə, hərbçilərimizdə olan böyük ruh yüksəkliyi, döyüş əzmi və iradəsi ilə əyani şəkildə tanış oldular, Vətənimizin necə ayıq-sayıq müdafiə olunmasını öz gözləri ilə gördülər. Fikrimcə, bu layihə naxçıvanlı gənclərin də hərbi-vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində mühüm rol oynayacaq, gələcəkdə bu istiqamətdə tədbirlərin daha tez-tez keçirilməsi məqsədəuyğundur.
“Artıq yavaş-yavaş təlimin sonlarına çatdığımız üçün çox təəssüflənirəm”, – deyir, müsahibimiz Ebrin Bəhmanova. Qeyd edir ki, burada keçirdiyim və hafizəmdə həmişə şirin xatirə kimi qalacaq günlər üçün çox darıxacağam. Həqiqətən də Naxçıvan möcüzələr diyarıdır. Düzdür, hər bir kəsə öz doğulduğu, boya-başa çatdığı torpağı əzizdir. Amma həqiqət də göz qarşısındadır ki, Naxçıvanın ab-havası tam başqa cürdür. Hazırda Bakıda olan dostlarımla asudə vaxtlarımda telefonla danışıram. Məndən günümün necə keçdiyini, təlimin maraqlı olub-olmadığını soruşurlar. İnanırsınızmı? Hər dəfə söhbətimizin yekununda təlimin bir də nə vaxt keçiriləcəyini soruşurlar. Çünki düşərgə ilə bağlı bölüşdüyüm xatirələrim onlarda böyük marağa səbəb olub. Layihə üçün nəzərdə tutulmuş proqram çərçivəsində bir çox gəzib-görməli yerlərə ekskursiyalar etdik. Mənim ən çox diqqətimi çəkən isə Əshabi-Kəhf ziyarətgahı oldu. Buranın adını çox eşitmişəm. Hər dəfə gəlib görmək istəmişəm. Sən demə, qismət bu günə imiş. Bununla yanaşı, naxçıvanlı yoldaşlarımdan öyrəndim ki, Möminə xatın, Yusif Küseyir oğlu, Fəzlullah Nəimi kimi şəxsiyyətlərin abidələri də məhz burada, Naxçıvanda yerləşir. Bu abidələr bir-birindən gözəl və maraqlıdır. Onların qorunub saxlanılması böyük vətənpərvərliyin, tarixə bağlılığın, öz soykökünə dərin ehtiramın və sevginin nişanəsidir. Bir sözlə, şəhərin hər tərəfində hökm sürən abadlıq, sakitlik və təmizlik insanı heyran edir. Təlimə gəldikdə isə buranın mühiti, insanların qonaqpərvərliyi onların səmimi mədəniyyətindən xəbər verir. Layihə çərçivəsində bizlərə göstərilən diqqət, səmimiyyət, həqiqətən, yüksək səviyyədədir. İnanıram ki, bu tədbirlərin davamlı xarakter alması gənclərdə vətənpərvərlik ruhunun formalaşmasında böyük rol oynayaraq, onlara həm də ruh yüksəkliyi aşılayacaq.

Bakı Dövlət Universitetinin tələbəsi Nərmin Nadirova da təlimdə iştirak edən fəal gənclərdəndir. Müsahibim deyir: Hər bir gəncin mənəvi borcudur ki, hərb sənətinin sirlərinə yiyələnsin, onun necə şərəfli bir sahə olduğunun məsuliyyətini dərk edə bilsin. Bu gün biz burada olduğumuz müddətdə tam dərk etdik ki, Vətənin keşiyində dayanmaq necə çətin və qayğılı bir işdir. Hər an bu yolda ayıq-sayıq olmalısan... Kaş ki bu təlimdə bir az da artıq iştirak edə bilərdik. Komando təlimləri, qrup məşqləri fiziki güc, dözümlülük tələb etdiyi üçün bəzən yorulsaq da, olduqca maraqlı idi. Bir məqamı da diqqətə çatdırım ki, burada qruplararası keçirilən təlimlərdə şiddətli rəqabətin də şahidi oldum. Sanki hər kəs öz gücünü, qabiliyyətini nümayiş etdirməyə çalışır, birincilik qazanmaq yolunda səy göstərir. Elə mən də bu rəqabətdə birincilik qazanmaq istəyən gənclərin dəstəsindəyəm. Ən sevdiyim məşqlər isə fiziki tərbiyə yönündə təşkil edilən məşqlərdir. Bununla yanaşı, təlimdə həm də müxtəlif silah-sursatların yığılma qaydaları, onların istifadə üsullarının incəliklərini də öyrənirik. Kim deyir ki, hərb sənətinin öhdəsindən qadınlar gələ bilməz? Bu gün əgər hər hansısa bir səbəbdən zərurət yaranarsa, Vətənimin keşiyində inamla, dözümlə dayanmağa hazıram. Çünki Vətən dara düşəndə onun qeyrətli övladları dadına çatar, yolunda can qoyar, qan tökər, amma bir ovuc torpağını belə, düşmənə verməz. Bu gün bütün Azərbaycan xalqının övladları 44 günlük Vətən müharibəsində öz sözünü dedi. Düşmən dəmir yumruğun zərbəsi altında əzilməklə, illərdir, qəlbi intiqam alovu ilə yanan oğulların nəfəsində yanmaqla öz murdar xislətini məğlubiyyətlə ödədi, və bundan sonra da ödəyəcək. Nə qədər ki canımızda can var, dövlətimizin bizə göstərdiyi diqqət var, bizlər daha böyük uğurların, necə deyərlər, fatehinə çevriləcəyik. Buna hər kəs bütün varlığı ilə inanır.

“Bütün bu böyük amallara hesablanmış məqsədli addımlar gənclərə göstərilən diqqətin, inamın bariz nümunəsidir”, – deyən Nicat Hüseynli bildirdi ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan gənclər siyasəti bu gün öz layiqli töhfəsini verməkdədir. Mən düşünürəm ki, dövlətimizin biz gənclərə inamı olmasa idi bu cür gözəl layihələrin təşkili heç bir vaxt baş tuta bilməzdi. Sözügedən inamın nəticəsidir ki, artıq hər bir Azərbaycan gənci müxtəlif sahələrdə öz qabiliyyəti ilə göstərilən etimadları doğrulda bilir. Bu mənada, biz gənclərin əsl vətənpərvərlik məfkurəsi yolunda layiqli şəxsiyyət kimi formalaşmasında bu layihələrin təşkil olunmasının müsbət rolu var. Bunun üçün mən bütün təlim iştirakçıları adından dövlətimizə, hər bir gəncə əsl valideyn münasibəti bəsləyən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova dərin minnətdarlığımı bildirirəm. Bu təlimin öyrətdikləri haqqında çox danışmaq olar. Qrup daxilindəki isti və səmimi münasibətlər, rəhbərlərin bizlərə göstərdiyi etimad, bunun kimi bir çox bu tədbirlərə bir daha qatılmağımıza səbəb yaradan bir neçə gözəl, müsbət hadisələr. Təbii ki, burada bir çox təlimlər, oyunlar keçirilir. Və hər bir kəsə maraqlı gələn bir sahəsi olur. Elə məndə də, bu mənada, ən çox maraqdoğuran Vətən müharibəsi iştirakçıları ilə baş tutan görüşümüz oldu. Onları dinlədikcə insanın qəlbindəki Vətən, torpaq sevgisi daha da pərvazlanır sanki. Düşünürəm ki, digər təlim iştirakçıları olan yoldaşlarımızın da timsalından bunu duymaq çətin olmurdu. Müharibə iştirakçıları döyüş xatirələrindən yola çıxaraq, şahid olduqları xatirələrə söykənərək bizim suallarımızı cavablandırdılar. Onlar həm də bizim gələcək ideallarımızdır. Mən də bir Azərbaycan gənci olaraq qəhrəmanlarımızla daim fəxr edir, Vətənimə, xalqıma, millətimə layiqli şəxsiyyət olacağıma söz verirəm, and içirəm.

 Nail ƏSGƏROV
 Məcid RƏŞADƏTOĞLU

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR