Tanrının Vətənimizə bəxş etdiyi nemətlər bitib-tükənməzdir. Münbit torpaq, sağlam iqlim, zəngin bitki örtüyü imkan verir ki, müxtəlif növ heyvanların cins tərkibi yaxşılaşdırılsın. Bütün bunlar ölkəmizdə heyvandarlığı inkişaf etdirmək üçün geniş imkanlar açır. Bu gün kəndli-fermer və digər heyvandarlıqla məşğul olan təsərrüfatların inkişaf etdirilməsi qarşıya qoyulan əsas məqsədlərdəndir. Bu baxımdan dövlət vaxtaşırı bu sahəyə ciddi maliyyə dəstəyi göstərir. Prezident cənab İlham Əliyev 2015-ci ildə “Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılmasına dövlət dəstəyi haqqında”, “Heyvandarlığın inkişafına dövlət dəstəyinin gücləndirilməsi haqqında” və “Heyvandarlığın maddi-texniki təchizatının yaxşılaşdırılması ilə bağlı tədbirlər haqqında” sərəncamlar imzalamışdır. Sərəncamlara əsasən əhalinin heyvandarlıq məhsulları ilə təminatının daha da yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması və bu sahəyə marağın gücləndirilməsi üçün süni mayalanma yolu ilə alınmış hər baş buzova görə heyvan sahiblərinə 100 (yüz) manat həcmində subsidiya müəyyən edilir.
Azərbaycanda ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlər çərçivəsində heyvan mənşəli məhsulların istehsalının daha da artırılması və cins iribuynuzlu damazlıq heyvanlara olan tələbatın ödənilməsi də əsas prioritetlərdəndir. Bu məqsədlə ölkəyə iribuynuzlu damazlıq heyvanların idxalının və heyvandarlıqla məşğul olan kənd təsərrüfatı məhsulları istehsalçılarına lizinq yolu ilə 50 faiz güzəştlə satışının həyata keçirilməsi üçün Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 15,0 (on beş) milyon manat ayrılması nəzərdə tutulmuşdu.
Ölkəmizin hər yerində olduğu kimi, muxtar respublikamızda da heyvandarlığın inkişafı ilə bağlı mühüm addımlar atılır, dövlət başçısının müvafiq sərəncamlarının icrası uğurla yerinə yetirilir. Sovetlərin caynağının el-obamızdan çəkildiyi, müstəqilliyimizi yeni qazandığımız illərdə kəndlərdə beş evdən birinin qapısında mal-qara var idisə, bu gün hər kəsin heç olmasa, bir baş iribuynuzlu və ya bir neçə xırdabuynuzlu heyvan mövcuddur. Onu da qeyd etmək yerinə düşər ki, özünüməşğulluq proqramı çərçivəsində də ailələrin mal-qara ilə təmin edilməsi diqqətdə saxlanılıb.
Muxtar respublikada yetişdirilən qaramalın cins tərkibini yaxşılaşdırmaq və məhsuldarlığını yüksəltmək məqsədilə 2002-ci ildən başlayaraq maldarlıqda süni mayalandırma üsulunun tətbiqi ilə əlaqədar ilk dəfə Babək rayonunun Nehrəm kəndində süni mayalanma məntəqəsi yaradılıb. Sonrakı illərdə bütün rayonlarda və Naxçıvan şəhərində yeni süni mayanlama məntəqələri yaradılmaqla belə məntəqələrin sayı 23-ə çatdırılıb. Süni mayalanma məntəqələrinin operatorları praktik təcrübə keçməklə bu işi öyrəndikdən sonra fəaliyyətə başlamışlar. Mal-qaranın süni mayalanması işini təşkil etmək üçün rayon baytarlıq laboratoriyaları nəzdində kənd və qəsəbə süni mayalanma məntəqələri yaradılıb. Beləliklə, bu sahədə muxtar respublikada bir sistem fəaliyyətə başlayıb. Dövlət qayğısının daha bir ifadəsi olaraq muxtar respublikanın Babək rayonu ərazisində Süni Mayalanma Mərkəzi tikilib istifadəyə verilib.
Bir neçə ay bundan əvvəl mərkəzə baxış zamanı Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov deyib: “Muxtar respublikada heyvandarlığın inkişafında əsas məsələ onun cins tərkibinin yaxşılaşdırılmasıdır. Ona görə də Süni Mayalanma Mərkəzinin yaradılmasına ehtiyac vardı. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral və 2019-cu il 22 noyabr tarixli sərəncamlarına əsasən muxtar respublikada Süni Mayalanma Mərkəzinin yaradılması ilə bağlı vəsait ayrılmış və mərkəzin tikintisinə başlanılmışdır. Muxtar respublikada nə keçmiş Sovetlər Birliyi dövründə, nə də müstəqillik illərində Süni Mayalanma Mərkəzi olmamışdır. Lakin 15 ilə yaxın bir dövrdə muxtar respublikada mal-qaranın cins tərkibinin yaxşılaşdırılması diqqətdə saxlanılmış, süni mayalanma tədbirləri həyata keçirilmişdir. Törədici toxumların və digər avadanlıqların idxal olunmasına baxmayaraq, ötən dövrdə muxtar respublikamızda 83 min başa yaxın mal və camışlarda süni mayalanma aparılmış, 60 minə yaxın cins buzov alınmışdır. Artıq muxtar respublikada mal-qaranın cins tərkibində ciddi dəyişiklik vardır. Zərurət nəzərə alınaraq muxtar respublikada müasir Süni Mayalanma Mərkəzinin yaradılmasına başlanılmış və işlər əsasən başa çatmışdır”.
10 may 2021-ci il tarixdə Süni Mayalanma Mərkəzinin açılış mərasimində iştirak edən Prezident cənab İlham Əliyev deyib: “Bu gün Süni Mayalanma Mərkəzinin açılışında olduq. Bildirməliyəm ki, ölkəmizdə cəmi iki mərkəz var – biri Göygöldə, biri də Naxçıvanda. Əminəm ki, bu mərkəzin fəaliyyəti nəticəsində yaxın 4-5 ildən sonra Naxçıvanda südçülük sahəsində artıq bütün işlər tamamlanmış olacaq və Naxçıvan özünü necə ki digər əsas ərzaq məhsulları ilə təmin edir, südlə də təmin edəcəkdir. Yəni bütün bunlar inkişafın təzahürüdür”.
Süni Mayalanma Mərkəzində 2 hektar ərazidə inzibati bina, yataqxana, karantin binaları, baytarlıq klinikası, toxum alma sahəsi, tövlə, yem anbarları, texnika parkı və digər xidməti binalar inşa olunub. İnzibati binada yeməkxana və iş otaqları, elektron lövhə ilə təmin edilmiş Təlim-Tədris Mərkəzi və arxiv, karantin binasında baytar otağı, anbar və törədicilərin saxlanma yeri, baytarlıq klinikasında heyvan saxlama yeri və müayinə otağı vardır. Toxum alma sahəsində laboratoriya yaradılıb.
Mərkəzdə südlük və ətlik-südlük istiqamətində “Holştein-friz”, “Simmental”, “Qafqaz camışı” cins iribuynuzlu törədicilər saxlanılır. Muxtar respublikada 2015-2021-ci illərdə 103 min 398 baş iribuynuzlu heyvanlarda süni mayalandırma aparılıb, 68 min 67 baş cins buzov alınıb. Ana heyvanların süni mayalandırılmasında südlük istiqamətdə “Holştein-friz”, südlük-ətlik istiqamətdə “Şvis”, ətlik istiqamətdə “Aberdin Anqus”, “Limuzin”, “Şarolle”, ətlik-südlük istiqamətdə isə “Simmental” cinsli törədici toxumlardan istifadə olunub. Həmin illərdə alınmış 38 min 573 baş buzova görə sahibkarlara 3 milyon 300 min manat subsidiya ödənilib.
Süni mayalanma tədbirlərinin aparılması respublikada heyvandarlığın daha da inkişaf etdirilməsinə, mal-qaranın cins tərkibinin yaxşılaşdırılmasına, heyvandarlıq məhsullarının intensiv artımına və təhlükəli xəstəliklərin yayılmasının qarşısının alınmasına ciddi təsir göstərir. Hazırda muxtar respublikanın bütün kəndlərində süni mayalanma aparılır. Babək rayonundakı qaramal damazlıq təsərrüfatında 4-cü nəsildən olan düyələr yetişdirilərək sahibkarlara satışı təşkil edilir. Bu sahədə daha yaxşı nəticələrin əldə edilməsində damazlıq düyələrin sahibkarlara satılmasının böyük əhəmiyyəti vardır. Çünki bu heyvanlar ət və süd məhsulları istehsalının artmasına və heyvandarlıq mədəniyyətinin yüksəlməsinə müsbət təsir göstərir. Heyvandarlıqda süni mayalanma tədbirlərinin genişləndirilməsi nəticəsində alınan mələz balaların hesabına mal-qaranın cins tərkibi ildən-ilə yaxşılaşır. Eyni zamanda naxırda cins heyvanların baş sayı da çoxalır.
Belə tədbirlər nəticəsində ət və süd istehsalı da artmağa başlayıb. Süni mayalanma müxtəlif yoluxucu xəstəliklərin qarşısının alınmasına və qısırlığın azalmasına kömək edir. Süni mayalanmanın geniş tətbiq olunması üçün muxtar respublikada kənd təsərrüfatı heyvanlarının süni mayalanma məntəqələrinə hər il yeni avadanlıqlar, maye azot, toxum və yedəkli motesikletlər ayrılır. Bütün bunlar isə muxtar respublikada yaxın gələcəkdə daha çox sayda süni mayalanmanın aparılmasına imkan verəcək. Onu da qeyd etmək yerinə düşər ki, muxtar respublikada mayalanma məntəqələrinin tələbatını tam ödəyən maye azot istehsalı müəssisəsi də fəaliyyət göstərir. Yeni yaradılan mərkəz bu sahədə işləri daha da təkmilləşdirəcək, digər məntəqələrdə həyata keçirilən tədbirlər vahid mərkəzdən idarə olunacaqdır. Bununla da heyvanların cins tərkibinin yaxşılaşdırılması prosesi sürətlənəcək ki, bu da süd və ət istehsalının bir neçə dəfə artmasına imkan verəcəkdir.
Süni Mayalanma Mərkəzinin yaradılması artıq mal-qaranın cins tərkibinin daha da yaxşılaşdırılmasına, heyvandarlıq məhsulları istehsalının genişləndirilməsinə müsbət təsirini göstərməkdədir.
İntiqam HÜSEYNBƏYLİ
Naxçıvan Muxtar Respublikası Kənd Təsərrüfatı Nazirliyinin
mətbuat xidməti