Ölkəmizdə, eləcə də onun ayrılmaz hissəsi olan muxtar respublikamızda təhsilə göstərilən diqqət onun dinamik inkişafını təmin etməklə yanaşı, həm də gənclərimizin gələcək uğurlarının ən gözəl təminatçısıdır. Yurdumuzun bütün yaşayış məntəqələrində gənclərin inkişafı üçün təhsil sisteminin dövrün tələblərinə uyğun qurulması, formalaşması yüksək təhsil strategiyasının uğurlu inkişafından xəbər verir. Belə ki, lazımi avadanlıqlarla təchiz edilmiş yaraşıqlı məktəb binalarında ən müasir tədris resurslarının, informasiya və kommunikasiya texnologiyalarının istifadəyə verilməsi, o cümlədən ayrı-ayrı sahələr və fənlər üzrə yeni standartların tətbiq olunması ilbəil artan uğurlarla, ölkəmizə müsbət nəticələr qazandırmaqda davam edir. Bu mənada, bu il də məzunlarımızın əldə etdiyi uğurlar xeyli sevindiricidir. Aldığımız məlumata görə, Babək rayonu üzrə 6 nəfər məktəbli 600 baldan yuxarı nəticə göstərməklə tələbə adını qazanaraq ən ülvi arzularını gerçəkləşdiriblər. Biz də öz uğurları ilə seçilən həmin gənclərin bir neçəsi ilə həmsöhbət olub, onları oxucularımızla tanış etmək istədik.
İlk həmsöhbətimiz ikinci ixtisas qrupu üzrə keçirilən qəbul imtahanlarında 658 bal toplamaqla rayonun ən yüksək nəticə qazanan məzunu Cəfər Səfərli oldu. Yarımca kəndində zəhmətkeş bir ailədə dünyaya göz açan Cəfər deyir ki, yüksək nəticə əldə edib, tələbə adını qazandıqdan sonra çəkdiyin zəhmətə görə hədsiz sevinirsən. Hər dəfə valideynlərinin, müəllimlərinin timsalındakı sevinci gördükcə sənin xoşbəxtliyin daha da artır. Zəhmət çəkmədən, gecəni gündüzə qatmadan uğur qazanmaq mümkün deyil. Bəziləri yüksək nəticəni şansa, bəziləri imtahanların sadə təşkil edilməsinə bağlayır, amma mən bu fikirlərin heç biri ilə razılaşmıram. Ona görə ki, 11 ildir, təhsil aldığım məktəbdə nümunəvi şagird olmağa, hər zaman rayonumuzun, şəhərimizin adını uca tutmağa çalışmışam. Hələ məktəbdə oxuduğum vaxtlardan, 9-cu sinifdən etibarən fənn olimpiadalarına qatılır, müsabiqələrdə iştirak edirdim, tək məqsədim isə birincilik qazanmaq idi. Gələcək məqsədim də Vətənimə, xalqıma xidmət etməkdir. Bu yolda səylə, səbirlə, inamla çalışıram. İxtisas seçimimdə də topladığım nəticəyə uyğun olaraq Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasını seçdim. Bakalavr təhsilimi başa vurduqdan sonra xaricdə magistr pilləsində təhsilimi davam etdirməyi düşünürəm.
Son olaraq qeyd edə bilərəm ki, hansı sahə olursa-olsun, ilk növbədə, insanın qarşısında aydın məqsədi olmalıdır.
Növbəti həmsöhbətimiz də Yarımca kənd tam orta məktəbinin şagirdi Bəsirə Cəfərovadır. Qəbul imtahanında 648 bal toplayan qəhrəmanımız həm də məktəbi “Qızıl” nişanla bitirib. İnkişaf və tərəqqi əvəzsiz bir nemətdir, – deyən müsahibimiz qeyd edir ki, abituriyentlər qəbul imtahanlarına hazırlaşmağa bəzilərinin düşündüyünün əksinə, doqquzuncu, onuncu sinifdən yox, ibtidai sinfə qədəm qoyduqları ilk andan başlamalı, onun məsuliyyətini dərk etməlidir. Öz həyatımda qazandığım təcrübə göstərdi ki, aşağı siniflərdə əldə etdiyim biliklər qəbul imtahanlarına hazırlaşdığım bu 2 il ərzində mənə böyük kömək göstərdi. Lap kiçik yaşlarımdan dəqiq fənlərə və təbiət elmlərinə böyük marağım olduğu üçün olimpiadalarda riyaziyyat və coğrafiya fənləri üzrə iştirak edərək dəfələrlə müxtəlif yerlərin qalibi olmuşam. Elə bu səbəbə görə həm müəllimlərim, həm də valideynlərim qəbul imtahanında məndən yüksək nəticə gözləyirdilər. Topladığım nəticə ətrafımdakıları, müəllimlərimi, ailə üzvlərimi qane etsə də, mən özümdən daha yüksək nəticə gözləyirdim. Bütün tələbələr etiraf edər ki, qəbul imtahanının stresi insana bildiyini də unutdurur. Hətta bəzən elə olur ki, düzgün nəticələri belə, kodlaşdırma prosesində yanlış qeyd edirsən. Bunun üçün imtahanda özünənəzarəti və diqqəti əldən buraxmamaq lazımdır, əks halda, illərin zəhmətini 2 saatın içində puç edə bilərsən. Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyat ixtisasında təhsil alacağam. Hər bir gənc kimi mənim də məqsədim təhsilimi uğurla başa vurduqdan sonra Vətənimin peşəkar, savadlı insanları ilə burada çiyin-çiyinə çalışmaq, gələcəyin istedadlı gənci kimi formalaşmaqdır. Bunun üçün səbirlə, inamla çalışmışam və inanıram ki, bundan sonra da bu yolda səy göstərib məqsədlərimin hamısına çatacağam. Düşünürəm ki, məqsədin güclü olduğu yerdə insan bütün arzularını reallaşdıra bilər. Təki inamla addımlamağı bacarasan.
Bu dünyada bir müəllim üçün şagirdlərinin uğurundan daha şirin nə ola bilər ki, həyatda? İllərinin zəhmətini şagirdinin yüksək nəticəsində görmək kim bilir necə fəxarət dolu ülvi bir hissdir onun üçün. Hər iki həmsöhbətimin təhsil aldığı Yarımca kənd tam orta məktəbinin direktoru Billurə İbrahimova da belə bəxtəvər müəllimlərdəndir. Billurə müəllimə qeyd edir ki, məktəbdə təhsil alan hər bir şagird müəllimin barverən ağacına bənzəyir. Sözsüz ki, şagirdlərin içərisində çalışqanı da olur, dəcəli də, şıltağı da. Onları gələcəyin ideal gənci kimi formalaşdırmaq, həyatın enişli-yoxuşlu yollarının gətirdiyi çətinliklərdə onlara həmdəm olmaq hər bir müəllimin şərəf borcudur. Bu gün mən çox şadam, sevincliyəm ki, ağaclarım bar gətirib. Hər iki tələbəm – Cəfərim, Bəsirəm öz nəticələri ilə həm ailələrinə, həm müəllimlərinə başucalığı qazandırıb, xoşbəxtlik bəxş edib. Hələ aşağı siniflərdə oxuduqları vaxtlarda öz uğurları ilə məktəbin nümunəvi şagirdləri idilər. Məktəbdə nə zaman tədbir, yaxud da müsabiqə olsa, hər ikisi – Cəfər də, Bəsirə də mütləq iştirak edər, yaxşı yerlərin qalibi olardılar. Elmə göstərdikləri böyük maraqla, qarşılarına qoyduqları sarsılmaz məqsədlə onlar çıxdıqları bu yolda yüksək nəticə əldə edərək məktəbi “Gümüş” və “Qızıl” nişanlarla bitirdilər. Bu gün məktəbimizdə onların uğurlu ardıcılları da kifayət qədərdir. İnanıram ki, onlar da öz nəticələri ilə valideynlərinin, müəllimlərinin başını uca edəcək, Vətənə layiqli şəxsiyyət olacaqlar. Allahdan arzu edirəm ki, həyatın heç bir çətinliyi şagirdlərimizi yormasın, usandırmasın, düşdükləri çətinliklərin məngənəsindən daim alnıaçıq, üzüağ çıxsınlar.
Şıxmahmud kənd sakini Mənsur Qafarlı da qəbul imtahanlarında 634 bal nəticə göstərməklə adını yüksək bal toplayan tələbələrin sırasına daxil edib. Müsahibimiz deyir ki, aşağı siniflərdə oxuduğum müddətdə sınaq imtahanlarında əldə etdiyim nəticə hər dəfə ailəmizin sevincinə səbəb olurdu. Lakin qəbul imtahanı dedikdə insanın həyəcanı bir qədər artır. Qarşıma 600 balı keçmək üçün məqsəd qoymuşdum, son 2 ildə, demək olar ki, daha gərgin rejimdə dərs oxuyur və çalışırdım. Müəllimlərim də məndən 600 baldan yuxarı nəticə gözləyirdi. Qazandığım nəticəmlə həm ailəmi, müəllimlərimi, həm də bütün yaxınlarımı sevindirdim. Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisasının tələbəsi adını daşıyıram. Məqsədim bakalavr təhsilimi bitirdikdən sonra xaricdə magistratura təhsilimi davam etdirməkdir. Bir məqamı da diqqətə çatdırmaq istəyirəm ki, abituriyentin məsuliyyət və qabiliyyətindən də çox şey asılıdır. Bəzi tələbələr var ki, mövzunu bir dəfə oxumaqla qavrayır, bəziləri də həmin mövzunu bir neçə dəfə oxumaqla mənimsəyə bilir. Burada istedad artıq özünü aydın büruzə verir. Təbii ki, gərgin dərs rejimində çalışmaq da faydalı deyil. Dərslə yanaşı, istirahət də lazımdır. Bu mənada, ali məktəbə qəbul olmaq istəyənlər bilməlidir ki, öncə orta məktəbdə keçirilən mövzuları yüksək səviyyədə mənimsəmək, seçəcəyin ixtisas üzrə fənləri dərindən öyrənmək vacib şərtdir. Hər halda orta məktəbdə dərslərə laqeyd yanaşan biri, fikrimcə, istədiyi, yaxud da prestijli ixtisasa qəbul ola bilməz. Bu yol çətin, zəhmət tələb edən bir yoldur. Kitab sevgisi, erudusiyalılıq, tələbkeşlik və məsuliyyət bu çətinliyi asanlaşdıraraq səni məqsədinə daha tez çatdırır. Təki qarşına məqsəd qoyub onun uğrunda çalışasan.
622 bal nəticə göstərməklə uşaqlıq arzusu olan müəllimlik ixtisasına qəbul olunan Zeynəddin kənd tam orta məktəbinin şagirdi Qumral Qasımova deyir ki, həyat dünya qapısından içəriyə atılan addımla başlayan bir yolçuluqdur. Kimisi bu yolu mənasız, hədər verərək yıxıla-qalxa sona çatdırır. Kimisi də bütün həyatı boyu çalışmağı ideala çevirərək, özünü daim inkişaf etdirmək, öz üfüqlərini genişləndirmək üçün dayanmadan səy göstərir. Bizi uğura aparan yollar nə qədər çətin olursa-olsun, qarşımıza qoyduğumuz məqsədlərlə çətinliklərin öhdəsindən gəlib nailiyyət qazanmaq mümkündür. Hələ uşaq vaxtlarından dil öyrənməyə həvəsim olub. Məktəbdə də ən sevdiyim fənn ingilis dili idi. Bu minvalla oxuduğum müddətdə özümü bu fənn üzrə inkişaf etdirərək ixtisas seçimimdə də İngilis dili müəllimliyi ixtisasını seçdim. Ətrafımdakı insanlar, ailə üzvlərim, hətta müəllimlərim belə, mənim Hüquqşünaslıq ixtisasını seçəcəyimi düşünürdü. Çünki nəticəm qarşıma geniş perspektivlər açmışdı. Lakin hər insanın bir arzusu, bir amalı var. Müəllimlik sənətinə olan ülvi marağım əlimdən yapışıb bu şərəfli işin ardınca apardı. Seçimimdən peşman deyiləm, gələcəkdə bu sahənin elmli, intellektli, savadlı müəllimlərindən biri olacağıma bütün qəlbimlə inanır, bu yolda səy göstərirəm.
Son olaraq bir şeyi də diqqətə çatdırım ki, yüksək nəticə qazanmaq nə şans, nə də təsadüf məsələsidir. Ancaq çalışmaqla, inanmaqla yüksək nailiyyət qazanmaq mümkündür. Hədəfimə çatdığım, valideynlərimin, müəllimlərimin əziyyətini hədər vermədiyim üçün sevincliyəm, xoşbəxtəm.
Xoşbəxt və inamlı gələcəyə gedən yolda elm insan ömrünə işıqsaçan mayaka bənzəyir. Bu yolun uğurlu nəticələri həmin elmin sirlərini mənimsəyib, həyatının ayrılmaz bir parçası halına gətirdikdə qarşına geniş imkanlar açır. Bu çətin yolda daim çalışmaq, zəhmət təri tökmək isə gələcək xoş günlərin ən gözəl təminatçısıdır. Yuxarıda adını çəkdiyimiz, uğurları ilə yaxından tanış olduğumuz gənc fidanlarımıza da həyat məktəbinin keşməkeşli yollarında müvəffəqiyyət arzulayır, uğurlarının daimi olmasını diləyirik.
Məcid RƏŞADƏTOĞLU