Naxçıvanın ev sahibliyi ilə keçirilən hərbi simulyasiyalı layihə uğurla davam edir. “Marş İrəli”nin 4-cü günü çərçivəsində iştirakçılar Naxçıvan Təlim Mərkəzində olublar. Hərbi qulluqçularımız tərəfindən icra olunan atıcı silahlardan, qumbaraatanlardan praktiki atış çalışmaları, şəxsi heyətin kəşfiyyat cığırında fəaliyyəti və psixoloji cığırın dəf edilməsi, snayperçilərin döyüş fəaliyyəti izlənilib.
Atış sahəsində siqnal minası, od və elektrik üsulu ilə partlayışların həyata keçirilməsi, təlim mühəndis döyüş sursatlarının nümayişi reallaşıb. Tank və top atəşləri, eləcə də helikopter və qırıcı təyyarə uçuşları gənclər tərəfindən xüsusi maraqla izlənilib. Daha sonra iştirakçılar “N” hərbi hissədə Əlahiddə Ümumqoşun Orduya aid hərbi silah və texnikalarla tanış olublar. Raket və artilleriya silah sistemləri, rabitə vasitələrinin və avtomatlaşdırılmış idarəetmə sistemləri, hərbi avtomobil və zirehli texnika nümunələri haqqında ətraflı məlumat verilib, səyyar tibb qrupunun səhra şəraitində nümayişi həyata keçirilib.
Axşam saatlarında Döyüş şöhrəti muzeyinə ekskursiya, Türkiyə-Naxçıvan Dostluq Parkında hərbi orkestrin iştirakı ilə konsert proqramı təşkil olunub.
Qeyd edək ki, sabah – layihənin sonuncu günü çərçivəsində “Hərbi parad”, “İnformasiya müharibəsi” təlimi, maneəli qaçış-ipdartma hərbi idman oyunları keçiriləcək. Layihəyə bağlanış mərasimi və konsert proqramı ilə yekun vurulacaq.
Naxçıvan Muxtar Respublikası Gənclər və
İdman Nazirliyinin mətbuat xidməti