07 Oktyabr 2024, Bazar ertəsi

Vətən müharibəsinin başlanmasının bir ili tamam oldu. O müharibə ki Azərbaycan 30 il ərzində bunun baş verməməsi üçün çox çalışdı, çox səbir etdi. Lakin reallıqlar çox zaman fərqli həqiqətləri ortaya qoyur və hər kəsə seçim etmək imkanı verir. Belə olan tərzdə ölkəmiz də öz seçimini etdi. Azərbaycanın haqq uğrunda savaşı illərdir, zəhərli ideologiyalarla özlərinə “dünya” quran, xəstə təxəyyüllə “bu dünyaya” can atmağa çalışan ermənilər və onların havadarları üçün gözlənilməz oldu. Söhbət ondan getmir ki, ermənilər savaşa hazır deyildilər, əksinə, onlar ötən üç onillik ərzində xeyli silah-sursat əldə etmiş, işğal etdikləri Azərbaycan ərazilərində elə güclü istehkam səddləri qurmuşdular ki, onları yarmaq hər kəs, elə ermənilərin özləri üçün də mümkünsüz görünürdü. Bundan əlavə, uzun illər ərzində bütün təmas xətti boyunca basdırılan minalar da həm intensiv döyüşlərin aparılmasının, həm də bu ərazilərə keçilməzliyin mümkünsüzlüyü qənaətini yaratmışdı. Lakin Azərbaycan Ordusu bütün bu səddləri darmadağın edərək istəyinə çatdı – Ali Baş Komandanın qarşıya qoyduğu vəzifəni layiqincə yerinə yetirdi. Beləliklə, qəhrəman hərbçilərimizin misilsiz rəşadəti hesabına, şəhidlərimizin müqəddəs qanı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Müharibənin gedişində də bir çox ölkə­lərdən gələn ardıcıl təzyiqlər, təhdidlər Azərbaycanı öz haqq yolundan döndərə bilmədi. Azərbaycanın Zəfəri illərdir, “yenilməz, qalib erməni ordusu” mifini yerləyeksan etdi, Azərbaycan əsgərinin qüdrətini bütün dünyaya göstərdi.


Azərbaycan bütün işğal illəri dövründə dəfələrlə problemin danışıqlar, sülh yolu ilə həll olunmasına çalışdı. Hətta 2016-cı ilin aprel döyüşləri zamanı da Ali Baş Komandan əməliyyatların müharibə səviyyəsinə qaldırılmasını istəmədi və düşündü ki, bütün bunlar Ermənistanın düşünərək düzgün qərar qəbul etməsi üçün yetərlidir. Ancaq sonrakı proseslər onu göstərdi ki, zərərli faşist ideologiyası ilə böyüyənlər yalnız gücün dilindən anlayırlar. Buna görə də Azərbaycan Ordusu bu dəfə heç bir güzəştə getməyərək bütün təmas xətti boyu hücuma keçdi və ermənilərin başına “Dəmir yumruq” endirməklə onlara heç zaman almadıqları zərbəni vurdu.

Vətən müharibəsi 27 sentyabr 2020-ci ildə səhər saatlarında ermənilərin işğal olunmuş ərazilərimizdən növbəti hərbi təxribatı ilə başladı. Mənfur düşmən yaşayış məntəqələrimizi, döyüş mövqelərimizi şiddətli artilleriya atəşinə tutdu. Nəticədə, hərbi qulluqçularımız, onlarla yanaşı, 11 dinc sakinimiz (ikisi uşaq olmaqla) həlak oldu. Buna cavab olaraq Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev azğınlaşmış düşmənin hərbi təxribatının qarşısını almaq, onu öz təcavüzkarlıq siyasətinə son qoymağa məcbur etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əmri verdi. Bununla da 44 gün sürən müharibə ərzində Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızı düşmən işğalından azad etdi. Beləliklə, 30 illik işğala 44 gün ərzində son qoyuldu. Bu həm də beynəlxalq hüququn, tarixi ədalətin bərpası, erməni faşizminin və mifologiyasının belinin qırılması idi.
Azərbaycan bu müharibəni beynəlxalq hüquq qaydalarına uyğun, ədalətlə apardı. Ancaq Ermənistan ordusu dinc Azərbaycan şəhərlərini hədəfə almaqla, mülki əhaliyə qarşı ballistik raketlər, fosforlu, kasetli bombalardan istifadə etməklə böyük miqyaslı hərbi cinayətlər törətdi. Bunun nəticəsində yüzə yaxın mülki şəxs, o cümlədən körpələr, uşaqlar, qadınlar, qocalar həlak oldu. 400-dən çox mülki şəxs yaralandı, 5 mindən çox ev dağıdıldı, zədələndi. Ermənilər müharibə dövründə döyüş meydanından uzaqlardakı Bərdə, Gəncə, Goranboy, Naftalan, Mingəçevir, Yevlax, Qəbələ və digər rayonlara raket zərbələrini endirməklə özlərinin faşist simasını bir daha bütün dünyaya göstərdi.

44 günlük Vətən müharibəsi Şuşanın işğaldan azad olunması ilə başa çatdı. Milli Ordumuz Azərbaycanın bu müqəddəs mədəniyyət beşi­yini azad etməklə düşməni kapitulyasiya aktını imzalamağa məcbur etdi. Bu müharibədə Azərbaycan Ordusunun həyata keçirdiyi əməliyyatlar dünya hərb tarixinə qızıl hərflərlə yazıldı. Dünyanın ən inkişaf etmiş ölkələrinin hərbi mərkəzləri Azərbaycanın müharibədə tətbiq etdiyi möhtəşəm taktiki gedişləri dərindən öyrənərək malik olduqları orduların təkmilləşdirilməsinə və ən müasir silahlarla komplektləşdirilməsinə böyük ehtiyacın olduğunu etiraf etdilər. Müharibənin başlanmasından bir il ötməsinə baxmayaraq, indiyə kimi Azərbaycan Silahlı Qüvvələrinin döyüşlərdə tətbiq etdiyi hərbi manevr və taktiki gedişlər hələ də dünyanın ən böyük hərbi araşdırma və beyin mərkəzlərində öyrənilir, müasir ordularda tətbiqi həyata keçirilir. Müharibənin başlanmasınadək ordumuz haqqında dünya ictimaiyyəti o qədər də məlumatlı deyildi, hətta bir çox hallarda yalan erməni təbliğatı Silahlı Qüvvələrimiz haqqında mənfi fikirlərin formalaşmasına da yol açmışdı. Lakin Vətən müharibəsi həm ordumuzun texniki imkanlarını, həm də əsgər və zabitlərimizin necə qorxmaz, döyüşkən olduğunu ortaya qoydu.
Vətən uğrunda apardığımız savaşda muxtar respublikamızın hərbi təhlükəsizliyini təmin edən Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti də dastan yazdı. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu möhtəşəm qələbədən sonra Naxçıvana ilk səfərində Naxçıvan Ordusunun gücünü belə qiymətləndirdi: “İkinci Qarabağ müharibəsində Naxçıvan Ordusunun hərbçiləri – həm xüsusi təyinatlılar, həm digər birləşmələrin hərbçiləri fəal iştirak etmişlər və şəhidlər vermişlər, böyük fədakarlıq göstərmişlər. Bilirsiniz ki, Naxçıvandan Bakıya xüsusi qruplar gətirilmişdi. Eyni zamanda mən onu da bildirməliyəm, yəni artıq bildirə bilərəm ki, Naxçıvan Ordusunda olan silahların, sursatların bir hissəsi də Bakıya gətirilmişdir və cəbhə bölgəsinə göndərilmişdir. İndi biz həmin o silah-sursatların ehtiyatlarını təmin edirik, ancaq bu da olub. Ona görə Naxçıvan Muxtar Respublikasının həm respublikanın hüdudlarının müdafiə edilməsində, ümumiyyətlə, ölkəmizin ordu potensialının güclənməsində çox böyük rolu var və hər zaman Naxçıvan lazımi dərəcədə müdafiə olunacaqdır”.
Təbii ki, müharibələr itkisiz ötüşmür. Bu savaşda şəhidlərimiz də oldu, qazilərimiz də. Lakin istər aktiv döyüşlərin getdiyi vaxt, istərsə də postmüharibə dövründə muxtar respublikaya gətirilən şəhidlərimiz elə hava limanında ən yüksək səviyyədə – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən ehtiramla qarşılanaraq ailələrinə təhvil verildi. Şəhidlərin istər qarşılanma, istərsə də dəfn mərasimləri müvafiq icra hakimiyyəti orqanları və çoxsaylı kütlə tərəfindən mütəşəkkilliklə həyata keçirildi. Digər tərəfdən müharibə şəhidlərinin ailələrinə, qazilərə, hərtərəfli dövlət dəstəyi göstərildi və bu dəstək hazırda da davam etdirilir. Müharibədə iştirak etmiş hərbi qulluqçuların əməyi isə dövlətimiz tərəfindən yüksək qiymətləndirildi, onlar müxtəlif adlara layiq görüldülər, orden və medallarla təltif olundular. Yeri gəlmişkən, sentyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Naxçıvan Muxtar Respublikasının ərazisində yaşayan Vətən müharibəsi ilə əlaqədar şəhid ailəsi statusu almış, habelə müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması haqqında” Sərəncam imzaladı. Bu Sərəncam müvafiq kateqoriyadan olan vətəndaşların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına öz töhfəsini verəcəkdir. Dövlət başçısı cənab İlham Əliyevin bu il mayın 10-da Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Vətən müharibəsi şəhidlərinin məzarlarını da ziyarət etməsi Vətən uğrunda böyük şücaət və qəhrəmanlıq göstərərək öz canlarından keçənlərin dövlətimiz üçün hər zaman hər şeydən üstün olduğunu göstərir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Azərbaycanda Vətən Müharibəsinin başlandığı gün – 27 sentyabr Azərbaycan Respublikasında “Anım Günü” kimi qeyd edildi. Bu addım Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, müqəddəs Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, bu yolda canlarını fəda etmiş əsgər və zabitlərimizin, bütün şəhidlərimizin ruhlarına, onların doğmalarına yüksək ehtiramın göstəricisidir. Dünya azərbaycanlıları 27 sentyabrda bütün dövrlərdəki şəhidlərimizi bir daha minnətdarlıqla andı, onların əziz xatirəsini yad etdi. Biz isə şəhidlərimizin müqəddəs ruhları qarşısında bir daha baş əyir, onların qanı ilə qazanılmış bu Qələbə ilə hər zaman fəxr edəcəyik!

Səbuhi HƏSƏNOV

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR