07 Oktyabr 2024, Bazar ertəsi

AMEA Naxçıvan Bölməsində muxtar respublika ərazisində aparılan arxeoloji ekspedisiyaların yekunlarına həsr olunmuş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan bölmənin sədri, akademik İsmayıl Hacıyev bildirib ki, cari ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Naxçıvan Bölməsi əməkdaşlarının və Fransadan gəlmiş arxeoloqların iştirakı ilə biri beynəlxalq olmaqla, iki arxeoloji ekspedisiya həyata keçirilib. Azərbaycan-Fransa beynəlxalq arxeoloji ekspedisiyası Uçan Ağıl yaşayış yerində 2015-ci ildən başlayaraq AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev və dosent Catherine Marronun rəhbərliyi ilə arxeoloji araşdırmalara başlayıb. Xaraba Gilan arxeoloji ekspedisiyası isə 2004-cü ildən tədqiqat aparır. Akademik hər iki ekspedisiyanın Naxçıvan Muxtar Respublikası ərazisindəki qədim yaşayış yerlərinin öyrənilməsində, Naxçıvanın tarix və mədəniyyəti ilə bağlı bir sıra əhəmiyyətli faktların aşkara çıxarılmasındakı mühüm rolundan bəhs edib.

Bölmənin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev çıxışında bildirib ki, Azərbaycan-Fransa beynəlxalq ekspedisiyası 2015-ci ildən Uçan Ağıl yaşayış yerində tədqiqatları davam etdirir. Cari ildə Eneolit dövrünün erkən və orta mərhələsini əks etdirən bu abidədə aparılan tədqiqatların əsas məqsədi yaşayış yerində Neolit təbəqəsinin varlığını təsbit etmək, Kültəpə mədəniyyəti ilə Uçan Ağıl mədəniyyəti arasındakı əlaqələri müəyyənləşdirməkdir. Bununla yanaşı, köçmə maldarlığının formalaşması prosesinin, insanların ətraf aləmlə tanışlığının öyrənilməsi, iqtisadi-mədəni əlaqələrin istiqamətinin müəyyənləşdirilməsi, yaşayış evlərinin formasının və əcdadlarımızın həyat tərzinin əsas xüsusiyyətlərinin dəqiqləşdirilməsi də ekspedisiyanın mühüm məqsədlərindəndir. Uçan Ağıl yaşayış yeri ilə bağlı məlumat verən alim qeyd edib ki, ərazidəki kurqanların tədqiqi ilə Kür-Araz mədəniyyətinə aid azsaylı keramika məmulatları aşkar olunub. Uçan Ağılda aşkar edilən sadə boyalı, boyalı naxışlı keramika nümunələri Kültəpə mədəniyyətinin davamıdır.
Çıxışda Naxçıvanın qədim Neolit yaşayış yerlərindən biri olan Osmantəpədə aparılan arxeoloji tədqiqatlar və əldə olunan elmi yeniliklərdən də bəhs edilib. Vurğulanıb ki, aşkar olunan yeni arxeoloji materiallara əsasən bu yaşayış yerinin tarixinin eramızdan əvvəl VI minilliyə aid olduğu artıq sübuta yetirilib. Tapılan əmək alətləri qalıqlarının mikroskopik analizi onların qədimdə hansı məqsədlərlə istifadəsini öyrənməyə imkan verir. Naxçıvanın qədim və zəngin mədəniyyəti ilə bağlı əldə olunan yeniliklər tanınmış beynəlxalq jurnallarda dərc olunaraq dünya elmi dövriyyəsinə daxil edilir.
Naxçıvanda olmaqdan məmnunluğunu ifadə edən dosent Catherine Marro çıxış edərək bildirib ki, Cənubi Qafqazda köçmə maldarlıq ilə bağlı çox az sayda yaşayış yeri mövcuddur. Bu abidələrdən ikisinin Naxçıvan Muxtar Respublikası ərazisində yerləşməsi bölgənin qədimliyi və mühüm coğrafi-strateji mövqeyi ilə bağlıdır.
Xaraba Gilan arxeoloji ekspedisiyasının rəhbəri, dosent Bəhlul İbrahimli tədbirdə 2021-ci ildə aparılan arxeoloji tədqiqatların əsas nəticələri haqqında məlumat verib. Diqqətə çatdırılıb ki, qazıntıların əsas məqsədi Plovdağ ətrafındakı qədim abidələrin hansı xronoloji ardıcıllıqla yerləşdiyini müəyyənləşdirmək və yaşayış yerinin son dövrlərinə aid abidələrin xarakterini öyrənməkdən ibarətdir. Qeyd edilib ki, yeni arxeoloji tapıntılar sayəsində Plovdağ arxeoloji abidələr kompleksinin Erkən Dəmir dövrünü də əhatə etməsi ilə bağlı elmi əsaslar vardır.
Ekspedisiyaların nəticələri ilə bağlı dinləyiciləri maraqlandıran suallar cavablandırılıb. Diqqətə çatdırılıb ki, hər iki ekspedisiyanın uğurlu fəaliyyəti Naxçıvanın zəngin tarixinin, burada mövcud olmuş qədim mədəniyyətlərin öyrənilməsi və dünya elmi ictimaiyyətinə çatdırılması baxımından müstəsna əhəmiyyətə malikdir.
Sonda təqiqatçılar onlara göstərilən diqqət və yaradılan hərtərəfli şərait üçün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbova minnətdarlıq ifadə ediblər.

AMEA Naxçıvan Bölməsinin
mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR