Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikası təhsil işçilərinin konfransı keçirilib. Konfransda muxtar respublikanın təhsil müəssisələrinin rəhbərləri, nazirliyin əməkdaşları, qabaqcıl müəllimlər iştirak ediblər.
Konfransı giriş sözü ilə təhsil naziri Rəhman Məmmədov açaraq məruzə edib. Bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2020-2021-ci tədris ili ərzində də davam etdirilib, Culfa Rayon Təhsil Şöbəsi, Şərur rayon Qarabürc və Şəhriyar, Babək rayon Nəcəfəlidizə, Ordubad şəhər 1 nömrəli və Nüsnüs, Culfa rayon Camaldın kənd tam orta məktəbləri üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib, Ordubad və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti üçün zəruri şərait yaradılıb. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, STEAM Təlim-Tədris Mərkəzində, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək rayon Sirab, Göynük, Araz, Ordubad rayon Əndəmic, Vələver, Dırnıs, Pəzməri məktəbləri olmaqla, ümumilikdə, 11 təhsil müəssisəsində binaların tikintisi və ya yenidən qurulması davam etdirilir.
Diqqətə çatdırılıb ki, muxtar respublikada təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolunda da uğurlu addımlar atılır. Belə ki, qısa müddət ərzində 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılıb, STEAM təhsili ilə bağlı nəşrlər hazırlanıb. Əhəmiyyəti nəzərə alınaraq 2021-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncamın icrası ilə bağlı zəruri təbirlər davam etdirilir. Hazırda 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində iş aparılır. Qeyd olunub ki, yeni tədris ilində həmin ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması başa çatdıqdan sonra, ümumilikdə, 104 təhsil müəssisəsində 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunacaqdır.
Nazir təhsil sahəsində tətbiq olunan yeniliklərlə bağlı məlumat verərək qeyd edib ki, ötən tədris ilində Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilib, nazirliyin nəzdində “Təhsil Kursları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilib, “İmtahan Mərkəzi” yaradılıb, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilib, təhsil müəssisələrində 186 idman klubu yaradılıb.
Vurğulanıb ki, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi də diqqətdə saxlanılıb, ilk dəfə olaraq STEAM təhsil metodu əsasında hazırlanmış layihələrdən ibarət texnosərgi, dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satış, şagirdlər arasında “Robotexnika” və “Bədii gimnastika”, “Məktəblilərin dram müsabiqəsi”, “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilib, “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları” layihələri, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası uğurla davam etdirilib.
Vurğulanmışdır ki, ötən tədris ilində kadr hazırlığı istiqamətində zəruri tədbirlər həyata keçirilib, 1200-dən çox müəllim müxtəlif təlimlərə, kurslara cəlb olunub, təhsilverənlərin sertifikasiyası aparılıb. İşə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticə qazanan gənc kadrlardan 307-si müəllim, 55-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunub. Bunlarla yanaşı, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 4-ü qalib olub.
Bildirilib ki, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasında bitirən məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 41-i fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 121-i fərqlənmə attestatına layiq görülüb, şagirdlərdən 26-sı Respublika fənn olimpiadasının qalibi olub. Məzunlardan 2470-i ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib, onlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olub. 261-i imtahanlarda 500-700 bal arası nəticə göstərib.
Təhsil naziri muxtar respublika təhsilinin inkişafı üçün yaratdığı şəraitə görə təhsil işçiləri adından Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Məruzə ətrafında müzakirələr aparılıb, Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyevin, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlının, Naxçıvan Dövlət Texniki Kollecinin direktoru Asəf Ruşanovun, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyevanın, Naxçıvan Texniki Yaradıcılıq Mərkəzinin direktoru Nubar Allahverdiyevanın və Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sona Əliyevanın çıxışları dinlənilib.
Konfransın sonunda muxtar respublikada təhsilin inkişafı ilə bağlı “Kanal 35” televiziyasının hazırladığı “Təhsilin inkişaf yolu” filminə baxış olub.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti