21 Dekabr 2024, Şənbə

15 sentyabr Bilik Günüdür

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanı ilə hər il sentyabrın 15-i ölkəmizdə Bilik Günü kimi qeyd olunur.

 “Hesab edirəm ki, cəmiyyət haradan olursa-olsun, nədən olursa-olsun, kəsib təhsilə xərcləməli, gənc nəslin təhsilinə, müəllimə kömək etməlidir. Bu, mənim prinsipial mövqeyimdir”, – deyən ümummilli liderimiz Heydər Əliyevin ötən əsrin 70-ci illərində müəyyənləşdirdiyi təhsil strategiyası ölkəmizdə bu sahənin davamlı inkişafının əsasını qoymuş, müstəqillik illərində isə təhsillə bağlı daha geniş islahatlar həyata keçirilmiş, Azərbaycan təhsili yeni inkişaf dövrünə qədəm qoymuşdur. Ölkə başçısı tərəfindən təhsil sistemində yenidənqurmanın həyata keçirilməsi, həm təhsil alanlar, həm də təhsil verənlər üçün əlverişli şəraitin yaradılması, təhsilin inkişafı istiqamətində dövlət proqramları və sərəncamların imzalanması təhsilimizin daha da inkişaf etdirilməsinə xidmət edir.

Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyası uğurla həyata keçirilir. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı nəticəsində son illər muxtar respublikada müasir təhsil infrastrukturu yaradılmışdır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmişdir. Hər il olduğu kimi, bu il də muxtar respublikanın paytaxtı da daxil olmaqla, bütün bölgələrində geniş vüsət alan quruculuq və abadlıq işlərinin önündə təhsil müəssisələrinin tikintisi dayanır. Təkcə 2020-2021-ci tədris ili ərzində Culfa Rayon Təhsil Şöbəsi və 6 məktəb üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilmiş, Ordubad və Culfa rayon məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti üçün zəruri şərait yaradılmışdır. Hazırda Naxçıvan Şəhər Kimya-Biologiya Təmayüllü Liseydə, STEAM Təlim Tədris Mərkəzində, Şərur rayon Çərçiboğan, Dərvişlər, Babək rayon Sirab, Göynük, Araz, Ordubad rayon Vələver, Dırnıs, Pəzməri məktəbləri olmaqla, ümumilikdə, 10 təhsil müəssisəsində tikinti və ya yenidənqurma işləri davam etdirilir, Ordubad rayon Əndəmic kənd tam orta məktəbinin tikintisi isə başa çatdırılmışdır.

Muxtar respublikada təhsil müəssisələrinin müasir tədris vəsaitləri və informasiya texnologiyaları ilə təminatına xüsusi diqqət yetirilir. Artıq məktəblər ən müasir informasiya-kommunikasiya texnologiyaları və zəngin kitabxana fondu ilə təchiz olunmuşdur. Bu günədək Təhsil Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində 650-dən çox elektron lövhə və 5700-dən artıq kompüter quraşdırılmışdır. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 600 mindən çox latın qrafikası ilə çap olunmuş bədii ədəbiyyat və 3 milyona yaxın dərslik verilmişdir. Yeni tədris ili üçün 182 mindən çox dərslik bölgü əsasında ümumtəhsil məktəblərinə çatdırılmışdır.
Müasir maddi-texniki bazanın formalaşdırılması təhsildə mütərəqqi üsulların tətbiqinə geniş imkanlar açmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasının təhsil müəssisələrində elektron təhsilin təşkili ilə bağlı əlavə tədbirlər haqqında” 2014-cü il 20 iyun tarixli Sərəncamının icrası bütün təhsil müəssisələrində təhsilin keyfiyyətinin yaxşılaşmasına əhəmiyyətli dərəcədə təsir göstərmiş, yeni təlim üsullarının tətbiqinə əlverişli şərait yaratmışdır. Bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində Azərbaycanın tarixi, mədəniyyəti ilə bağlı fənlərin tədrisi prosesində muzeylərlə təhsil müəssisələri arasında interaktiv əlaqələr təşkil edilir, gənclər elmi biliklərlə yanaşı, milli-mənəvi dəyərlərimizi, tariximizi, mədəniyyətimizi ən mütərəqqi üsullarla mənimsəyirlər.
Qısa müddətdə 53 təhsil müəssisəsində STEAM kabinəsi yaradılmış, STEAM təhsili ilə bağlı nəşrlər hazırlanmışdır. STEAM təhsilinin əhəmiyyəti nəzərə alınaraq 7 iyun 2021-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı Təhsil Nazirliyi tərəfindən zəruri təbirlər görülür, hazırda 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində iş aparılır. Yeni tədris ilində həmin ümumtəhsil məktəblərində STEAM kabinələrinin yaradılması başa çatdıqdan sonra, ümumilikdə, 104 təhsil müəssisəsində 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunacaqdır.

Yaradılan yüksək təhsil şəraitinin nəticəsidir ki, 2020-2021-ci tədris ili də təhsildə innovasiyaların tətbiqi ilə yadda qalmışdır. Belə ki, ötən tədris ilində Televiziya və Radio Verilişləri Redaksiyası Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyinə verilmiş, Təhsil Nazirliyinin nəzdində “Təhsil Kursları” Məhdud Məsuliyyətli Cəmiyyəti təsis edilmiş, “İmtahan Mərkəzi” yaradılmış, Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbi publik hüquqi şəxsə çevrilmiş, təhsil müəssisələrində 186 idman klubu yaradılmışdır. Bunlarla yanaşı, istedadlı şagirdlərin üzə çıxarılması, onların yaradıcılıq potensiallarının inkişaf etdirilməsi məqsədilə ilk dəfə olaraq STEAM təhsil metodu əsasında hazırlanmış layihələrdən ibarət texnosərgi, dərnək üzvlərinin əl işlərindən ibarət sərgi-satış, şagirdlər arasında “Robotexnika” və “Bədii gimnastika”, “Məktəblilərin dram müsabiqəsi”, “Məktəblilərin təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi” keçirilmiş, “Sabahın müəllimi”, “Sabahın tədqiqatçıları” layihələri, “Tariximizi qoruyaq və yaşadaq” aksiyası uğurla davam etdirilmişdir.
Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2018-ci il 14 aprel tarixli Qərarına uyğun olaraq pedaqoji kadrların müsabiqə ilə işə qəbulu həyata keçirilir. Bu isə gənc kadrların işlə təmin olunmasına, eləcə də ümumtəhsil məktəblərinin tədris prosesində informasiya texnologiyaları və müasir təlim üsullarından səmərəli istifadə edən bilikli müəllimlərlə təminatına geniş imkanlar açmışdır. Bu mənada, 2020-2021-ci tədris ilində də ümumtəhsil məktəblərində işə qəbulla bağlı keçirilən müsabiqələrdə uğurlu nəticələr qazanan gənc kadrlardan 307-si müəllim, 55-i isə məktəblərdə müxtəlif vəzifələrə təyin olunmuş, 1200-dən çox müəllim müxtəlif ixtisasartırma kurslarına, təlimlərə cəlb edilmiş, Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikatlaşdırılması aparılmışdır. Yaradılan şərait və müəllim hazırlığı istiqamətində görülən tədbirlər onların fəallığını artırmış, cari tədris ilində Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə V qrant müsabiqəsində muxtar respublika müəllimlərindən 4-ü qalib olmuşdur.
Şagirdlərin dünyagörüşlü və vətənpərvər formalaşmaları, intellektual və fiziki inkişafı, yaradıcılıq mühitində böyümələri üçün yaradılan şəraitin nəticəsidir ki, muxtar respublikada istedadlı və sağlam nəsil yetişir, istedadlı uşaqların adları Naxçıvan Muxtar Respublikası gənc istedadlarının “Qızıl kitabı”na yazılır, onlar Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülürlər. Bu il də Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müvafiq Sərəncamı ilə təhsil və şahmat sahəsində fərqlənən 2 şagirdin adı Gənc İstedadların “Qızıl kitabı”na yazılmış, onlar Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüşdür.
Bu gün muxtar respublikanın təhsil müəssisələrində yaradılan müasir tədris şəraiti, mütərəqqi təhsil metodlarının tətbiqi, müəllim əməyinə verilən yüksək qiymət sayəsində tədrisin səviyyəsi yüksəlmiş, 2020-2021-ci tədris ilində ümumtəhsil məktəblərini tam orta təhsil bazasından bitirən məzunlardan 17-si “Qızıl”, 17-si “Gümüş” nişana, 41-i fərqlənmə attestatına, ümumi orta təhsil bazasından isə 121-i fərqlənmə attestatına layiq görülmüş, şagirdlərdən 26-sı Respublika fənn olimpiadasının qalibi olmuşdur. Məzunların ali və orta ixtisas təhsili müəssisələrinə sənəd verməsi diqqətdə saxlanılmışdır. Məzunlardan 2470-i, yaxud 86 faizi ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak etmiş, birinci mərhələnin nəticələrinə əsasən onlardan 1612-si, yaxud 65 faizi ali təhsil müəssisələrinə qəbul olmuşdur. Tələbə adını qazananların 261-i 500-700 arası bal toplamışdır.
Məktəblərdə şagirdlərin elmi biliklərlə yanaşı, sağlam və yüksək vətənpərvərlik ruhunda böyüdülməsinə də xüsusi qayğı ilə yanaşılır, hərbi hazırlıq və idman dərslərinə mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə maraq da xeyli artmışdır. 2021-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə qəbul üçün 451 şagird sənəd vermişdir. Həmin şagirdlərdən 156-sı hərbi liseyə qəbul olaraq kursant adını qazanmışdır.
Əldə olunmuş bu uğurlar muxtar respublikamızda təhsilə, təhsil işçilərinə göstərilən yüksək dövlət qayğısı nəticəsində mümkün olmuşdur. Bu isə intellektual gələcəyə doğru atılan addım kimi hər il Bilik Gününün əsl bayram əhvali-ruhiyyəsi ilə qeyd olunmasına əsas verir. Hər ötən təhsil ilini uğurlarla başa vuran məktəblərimiz daha böyük nailiyyətlər qazanmağa səy göstərir, bu nailiyyətlərin əsasını elə ilk addımlardan – Bilik Günündən qoyurlar. Bu gün ümumtəhsil məktəblərində yaradılan şərait, təhsil işçilərinə göstərilən hərtərəfli dövlət qayğısı, bir sözlə, muxtar respublikamızda insan kapitalına böyük önəm verilməsi hər bir valideyndə övladının yaxşı təhsil alacağına, onun gələcəyinin etibarlı əllərdə olduğuna əminlik yaradır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin dediyi kimi: “Bu gün dünyada o ölkələr inkişaf edərək irəli gedirlər ki, orada təhsilə daha çox sərmayə qoyulur. Çünki təhsilə qoyulan sərmayə xalqların və ölkələrin gələcəyinə qoyulan sərmayədir. Vətənpərvər gənclik isə o gələcəyin ən etibarlı təminatçısıdır. Əgər ümummilli liderimiz Heydər Əliyevin ölkəmizə birinci rəhbərliyi dövründə yetişən gənclik müstəqil Azərbaycanın bugünkü inkişafını təmin etmişdirsə, bu gün yetişən gənclik də bu inkişafın gələcəkdə davamının təminatçıları olacaqdır”.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

 

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR