Hər şey sənin şəhadətinlə başlamışdı cənab general… 2020-ci il 14 iyul tarixində almışdıq şəhidlik xəbərini. Ürəyi Vətən eşqi ilə döyünən qeyrətli Azərbaycan oğulları mənfur düşmənin budəfəki əhvi olmayan addımına dur deyərək “Dəmir yumruq” kimi birləşdi. Sənin şəhid xəbərin qəlbimizi göynətsə də iradəmizi, qüdrətimizi sındıra bilmədi, qələbəyə gedən yolda bizlərə güc verdi. Otuz ildir ki, qəlbi əzəli-əbədi torpağımız olan Qarabağın məhəbbəti ilə döyünən xalqımız qisas andı ilə namərd düşmənin üzərinə od-alov kimi yeridi. Zərrə-zərrə qələbənin ətrini yurduna gətirən, mərmi-mərmi düşmənin məğlubiyyətini dünyaya bəyan edən haqq savaşımızda rəşadətli, dəyanətli ordumuzun qəhrəmanları torpaqlarımızın nicatı naminə canını fəda edərək üçrəngli bayrağımızı ən ali zirvəyə yüksəltdilər. Onlar da sənin kimi şücaətləri ilə ata-analarına, bacı-qardaşlarına, ən başda da bütün xalqına sonsuz qürur hissi yaşadan, al-qanı ilə zəfər, qələbə nəğməsi yazan igidlər idi. Sənsə bir qəhrəman kimi Azərbaycanın hər bir igidinin ürəyində, biləyində düşməni lərzəyə salan heybətə, gücə, sarsılmaz qüdrətə çevrildin. Sənin haqqında danışılanları eşitdikcə, dinlədikcə daha da şölələnir qəlbimizdəki məhəbbətimiz, Vətən sevgimiz. İlahi, bu necə Vətən, xalq sevgisidir deyir, fəxarət dolu sözlərdə, qürur dolu gözlərdə mənalı həyat yolundan özümüzə yol açırıq. Artıq əbədi zəfərimizdən bir il ötdü, cənab general. Vətən müharibəsindən ötən bu bir ildə sənin timsalında olan qəhrəman generalımızı, şəhidlərimizi bütün Azərbaycan tanıdı. Elə qəhrəmanımızı yetişdirib xalqımıza bəxş edən ailə üzvlərini də...
Əziz oxucum, qarşımda vüqarlarını, qürurlarını oğullarının müqəddəs məqamından alan üç şəhid anası əyləşib. Onlardan biri Polad Həşimov kimi qəhrəmanı böyüdüb boya-başa çatdıran Səmayə anamız, digəri Vətən qoxulu “Keçdi xəyalımdan öz gözəl yurdum, dumanlar başımda dastana döndü” misralarını dilimizdə əzbər edən Xudayar Yusifazdənin anası Radə ana və öz şəhid anası adının ülviyyətindən bütün Azərbaycan övladlarına sevgi, məhəbbət bəxş edən şəhid İlkin Muradlının anası Həcər anadır. Onlarla söhbət etməyin verdiyi fəxr və qürur hissini heç cür ifadə etmək mümkün deyil. Hər dəfə şəhid analarımızın adnı televiziya proqramlarında, radio verilişlərində eşitsəm də, heç xəyalıma belə gəlməzdi ki, nə zamansa Səmayə anayla, Radə anayla üz-üzə söhbət etmək, onlardan oxucularımız üçün yazı hazırlamaq fürsətini qazanacağam. Yaxşı xatırlıyıram, növbəti dəfə Səmayə ananı Xəzər televiziyasının efirindən izləyəndə qəlbimdən “Görəsən bizə də qismət olacaq şəhid generalımızın anası ilə müsahibə aparmaq?” kimi, sanki heç zaman real olmayacaq bir hiss keçmişdi. Rəbbimə şükürlər olsun ki, bu sevinci bir gənc jurnalist kimi mənə yaşatdı. Budur, onlarla üz-üzə əyləşmişəm. Bir kəlmə ilə onu deyə bilərəm ki, onları dinləyib, övladları ilə bağlı bölüşdükləri xatirələrə şahid olduqca insanın qəlbində olan Vətən sevgisi daha da şölələnir. Qürurlu baxışları, övlad həsrətinin ardında saxladığı buruq təbəssümləri və hər kəlmədə “Vətən sağ olsun” ifadələri göstərir Azərbaycan qadınının gücünü, sübut edir şəhid anasının qeyrətini.
Analarımızla söhbət zamanı öyrəndim ki, məğrur duruşlu hər iki şəhid anamızı – Səmayə ana və Radə ananı 27 sentyabr – Vətən müharibəsi şəhidlərinin Anım Günündə bu diyara gətirən ilk səbəb məhz torpaq uğrunda böyük qəhrəmanlıq göstərərək çoxlu igidlər qurban verən Naxçıvanın şəhid anaları ilə görüşmək, onlarla həmrəy olub bu müqəddəs günü qeyd etmək məramı olub. Digər səbəb isə şəhid general-mayor Polad Həşimov şəhidlik zirvəsini fəth edərkən general papağını düşmən tapdağı altında qoymamaq üçün sinəsini düşmən gülləsinə sipər edib rəşadət göstərən, həmin şücaətini dörd ay sonra, böyük Vətən müharibəsində də nümayiş etdirərək qələbə gününə bir gün qala şəhid olan əsgər İlkin Muradlının məzarını ziyarət etmək, onu böyüdüb boya-başa çatdıran ailə üzüvləri ilə tanış olmaq istəyi idi. Hansı ki bu igid həmyerlimiz, şəhid qardaşımız İlkin Muradlının doğum günü 27 sentyabr – Anım Gününə təsadüf edir. Elə bu minivalla Səmayə ana xalqımızın əziz generalı Polad Həşimovun əsgəri İlkin Muradlının 27 sentyabr şəhidlik zirvəsinə ucalmasından sonrakı ilk doğum günündə anasını yalnız buraxmaq istəməmişdi. Axı o şəhid övladının acısını və fəxarətini hamıdan əvvəl yaşamışdı...
Elimizin qəhrəman generalını yetişdirən Səmayə ana Poladla bağlı xatirələrini bizimlə bölüşərək deyir ki, o körpəlikdən çox ağıllı, düşüncəli, ailənin dərdini çəkən uşaq olub. Hələ orta məktəbdə oxuduğu vaxtlardan müəllimlərinin sevimli şagirdi, sinif yoldaşlarının sadiq dostu kimi sayılıb-seçilirdi həmyaşıdlarından. İlk təhsilini 28 nömrəli tam orta məktəbdə alsa da, sonradan 34 nömrəli tam orta məktəbdə təhsilini davam etdirdi. Həmişə dərslərinə hazırlıqlı gedər, ancaq oxumaqla məşğul olardı. Həmişə istəyirdim ki, Polad gələcəkdə hüquqşünas olsun. Özü mənə çox bildirməsə də, bilirdim ki, fikrimlə razılaşmır. Onuncu sinfi bitirməyə az qalmışdı. Bir gün dərsdən gələndə mənə dedi ki, ana, incimə, mən sənədlərimi Ali Hərbi Məktəbə verəcəm. Doğrusu, pis oldum. Dedim mənim balam, hərbçilik çox çətindir, gələcəkdə ailən də, uşaqların da əziyyət çəkəcək, mən razı deyiləm. Böyük bir təmkinlə əlimdən öpüb dedi ki, ana, bu gün tarix müəllimimiz erməni işğalçılarının xalqımızın başına açdığı müsibətlərdən danışdı. Onların illərdir, doğma torpaqlarımıza olan yalançı iddialarına son qoymaq lazımdır axı. İndi Vətənimiz dardadır, bizə güclü hərbçilər lazımdır. Mən də uşaqların içində söz verdim ki, hərbçi olacağam. Gərək verdiyim sözümün üstündə durum, Vətənimə layiqli hərbiçi olum. Belə də oldu. Sənədlərini Ali Hərbi Məktəbə verdi, müvəffəqiyyətlə qəbul oldu. Çox böyük həvəslə təhsil alırdı. Hər dəfə zəng edib danışanda onun hərb sənətinə olan şövqünü səsində hiss edir, mən də fərəhlənirdim. Elə hərbi liseydə oxuduğu müddətdə də müəllimləri, kursant yoldaşları arasında hörmət qazanmışdı. Onun hərbçi kimi mərdliyindən, cəsarətindən onunla birgə çiyin-çiyinə döyüşən silah yoldaşları, əsgərləri ürək dolusu danışır. Təhsilinin ikinci kursunda Türkiyəyə hərbi kursa göndərildi. Kursant ola-ola Murovdağda hərbi təlimlərdə böyük həvəslə iştirak edirdi. İlləri hər ikimiz həsrətlə belə yola verdik. Öz istedadı, ağlı, biliyi ilə general-polkovnik rütbəsi aldı. Polad üçün Vətən, xalq hər şeydən, hər kəsdən üstün idi. Hər dəfə evə gələndə iki-üç torba dolusu ərzaq, paltar alırdı. Uşaqları soruşanda ki, ata, onları bizim üçün almısan?- deyirdi bunlar əsgərlərim üçündü, axı onlar da mənim övladlarımdı. Bununla belə, qeyd etməliyəm ki, Poladımı əsl qəhrəmana çevirən onun yüksək mənəviyyatı, əxlaq və tərbiyəsi olub. 45 illik həyat yolunda bir dəfə də olsun oğlum məni incitməyib, başımı aşağı etməyib. Oğlum bütün dərdini, sözünü qəlbində saxlayardı. Elə bu müsbət xüsusiyyətləri ilə xalqının hörmətini qazanmışdı. Onunla sonuncu dəfə iyulun 10-da danışdım. Dedi ana darıxma, az qalır gəlməyimə. Dediyi kimi də oldu. Amma gəlişində şəhid kimi bütün Azərbaycan xalqı qarşıladı onu. Mən fəxr edirəm, qürur duyuram ki, qalib bir ordunun şəhid generalının anasıyam. Fəxr edirəm ki, Poladımın timsalında neçə-neçə övladlar qazanmışam. Fəxr edirəm ki, Poladımın İlkin Muradlı kimi qeyrətli, vüqarlı, Vətəninə sadiq əsgərləri olub. Həm də ona görə qürurluyam ki, övladllarımızın qanı yerdə qalmadı. 44 günlük şanlı qələbə ilə şəhid oğullarımız torpaqlarımız uğrunda tökülən qanların qisasını aldı. Polad və onun kimi oğullar bu torpaqları qoruyub öz qanları ilə bu günümüzə ərməğan etdilər. Bu gün də Poladlar, Mübarizlər, Xudayarlar yetişir. Sabah da onların davamçıları var olacaq. Bu xalq var olduqca, onlar da əbədiyaşarlıqları ilə var olacaq. Qoy erməni xalqı bundan sonra da bilsin ki, Poladla bir ölüb Qarabağ zəfəri ilə min dirilərik....
“Onlar ölümləri ilə, əslində, əbədiyaşarlıq qazandılar”, - deyir Radə anam. Gözlərindəki oğul həsrəti hiss olunsa da, yenə də məğrur dayanıb. Övladı ilə keçirdiyi və qəlbində həmişəlik nisgil bağlamış xatirələri yada salaraq deyir ki, Xudayar üçün Vətən hər şeydən əvvəldə dayanırdı. Çöhrəsindən təbbəssümü, dilindən xoş sözləri əskik etməzdi heç vaxt. Kimin nəyə ehtiyacı olsa köməyinə qaçar, əlindən gələni edərdi ki, yanındakılar xoşbəxt olsun. O qədər el qeyrəti çəkən idi. Döyüşün qızğın vaxtlarında da onunla danışanda həmişə bizə təskinlik verərdi, qorxmayın, hər şey yaxşı olacaq deyərdi. Hətta döyüş yoldaşları onunla bağlı xatirələrində deyirdilər ki, müharibənin şiddətli anında da bizlərə, yaralı yoldaşlarına təsəlli verər, heç kimdən yardımını əsirgəməzdi. Lap kiçik yaşlarından hərb sənətinə marağı var idi. Gözəl ifaçılıq qabiliyyəti, muğama böyük həvəsi olsa da o torpağı seçdi, Vətəni seçdi. Elə bil torpaqla bütünləşmişdi, torpaq üçün yaranmışdı, balam. General Polad Həşimovun şəhidlik xəbərini alandan çox az zaman keçmişdi ki, könüllü olaraq gedib adını hərbiyə yazdırmışdı. İnanırsınızmı, mənim son ana qədər xəbərim olmadı ki, o könüllü döyüşə gedib. Çünki heç vaxt hiss etdirməzdi bizə. Ailədə üç qardaşın ən balacası idi. Müharibə müddətində telefonla danışanda zarafatla deyirdi ki, ana, mən buradan qayıdan kimi evlənəcəm, səndə hazırlıqlı ol. Mən oğlum Xudayarın timsalında bütün Azərbaycanın şəhid oğulları ilə fəxr edirəm. Şəhid anası adını daşımaq isə mənim üçün böyük qürur və şərəfdir.
Hər bir şəhid anamızı dinlədikcə tarixboyu dillərə dastan olan türk qadınının qeyrətinin, qüdrətinin, mətinliyinin bir daha şahidi olursan. Şahidi olursan ki, əgər mövzu Vətənin azadlığı, xalqın birlik və bərabərliyidirsə onda hər bir Azərbaycan oğlu şəhid, hər bir Azərbaycan qadını şəhid anasıdır.
Müqəddəs ruhuna salam olsun, cənab general... Mən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin gələcək əsgəri Məcid Əkbərov. İstəyirəm biləsiniz ki, sizin nəfəsinizin sona çatdığı yerdə başlamışdıq haqq savaşımıza. İllərdir, gözü yollarda qalan torpaqlarımızı o mənfur düşmənin caynaqlarından almaq, tarixi azadlıq və ədaləti bərpa etmək üçün sevdalın olan üç rəngli bayrağın kölgəsində birləşdik. Son nəfəsimizə qədər “Ya Qarabağ, ya ölüm!” deyərək getdik düşmənin üzərinə. Sənə olan məhəbbətlərindən aldıqları güc-qüvvət ilə igid, qəhrəman oğulların bir nəfəsə qalxmışdı Şuşa dağlarına, Cıdır düzünə. Uğruna canından keçdiyin, hər rəngində bir məna, hər mənasında bir şanlı tarix yatan o üçrəngli bayraq bu gün Şuşa qalasında, Murovdağda, Füzulidə, Kəlbəcərdə, igidlərinin qanı ilə suvarılan o müqəddəs torpaqlarda dalğalanır. İstəyirəm biləsiniz ki, sizin Cəbrayıl Dövlətzadə, İlkin Muradlı, Xəyyam Daşdəmirov, Xudayar Yusifzadə, Bağır Ələkbərov və onların timsalındakı neçə-neçə qəhrəmanlarınızın gələcək davamçıları bu gün Azərbaycanın qeyrətli analarının ağuşunda böyüyür. Cənab general, sizin müqəddəs ruhunuz qarşısında söz verir, and içirik ki, lazım gələrsə bizlər də Vətənimizin, torpaqlarımızın ərazi bütövlüyü uğrunda son nəfəsimizə qədər savaşacaq, mübarizə aparacaq, namərd düşmənə bir an belə olsun göz açdırmayacağıq. Çünki Səmayə anamız Şuşa səfərində əbəs yerə demirdi ki, qartal yuvasından qartal pərvazlanar. Biz də siz qartal əzəmətli qəhrəmanlarımızdan güc alıb, Azad Vətən səmasında məğrurluqla süzəcək, düşmənə işğal niyyətinə bir daha aman verməyəcəyik! Məzarınızda rahat uyuyun. Gözünüz arxada qalmasın, cənab general...
Məcid RƏŞADƏTOĞLU