Rusiya Federasiyasının Moskva şəhərində 7-9 sentyabr tarixlərdə 27-ci “OTDYKH Leisure Moscow” beynəlxalq sərgi və forumu keçirilib.
Azərbaycan, Moldova, Bolqarıstan, Belarus, Rusiya, Almaniya, İspaniya, Kipr, Misir, Tunis, Hindistan, Şri-Lanka, Çin, Yaponiya, Tailand, Tanzaniya, Braziliya, Kuba kimi 18 ölkədən 350-dən çox şirkətin iştirak etdiyi forum-sərgidə Azərbaycan tərəfindən “Azərbaycan Hava Yolları” QSC (AZAL), Azərbaycan Hotel Assosiasiyası, Azərbaycan Turizm Bürosu, Naxçıvan Muxtar Respublikası Turizm Departamenti, eləcə də 11 yerli turizm şirkəti iştirak edib.
Sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi təşkil olunub. Ölkəmizin ilk dəfə olaraq iştirak etdiyi sərgidə “Naxçıvan Muxtar Respublikası” stendi turistlərin marağını, xüsusilə cəlb edib. Stenddə muxtar respublikanın tarix-mədəniyyət abidələrinin maketləri nümayiş etdirilib, quraşdırılmış monitor vasitəsilə diyarımızın turizm potensialı ilə bağlı videoçarxlar sərgi iştirakçılarının böyük marağına səbəb olub. Həmçinin Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tərəfindən hazırlanmış 1000-ə yaxın Naxçıvan-Qarabağlar, Naxçıvan-Əlincəqala, Naxçıvan-Şahbuz-Batabat, Naxçıvan-Gəmiqaya turist marşrutlarının, Ağbulaq Kənd Turizm İstirahət Bölgəsinin, Möminə xatın türbəsinin və Duzdağ Fizioterapiya Mərkəzinin rus-ingilis dillərində bukletləri, eləcə də Naxçıvan-Moskva təyyarə reysi barədə məlumatlar sərgi iştirakçılarına təqdim olunub. Həmçinin muxtar respublikada istehsal olunan yerli məhsullarımızdan “Sirab”, “Badamlı”, Naxçıvan duzu və digər brend məhsullar beynəlxalq sərgidə nümayiş etdirilib.
2 mindən çox iştirakçının qatıldığı tədbir çərçivəsində 40 müxtəlif mövzulu sessiyada 15 ölkədən 200-dən çox spiker çıxış edib.
Turizm Departamentinin əməkdaşı tərəfindən sərgi iştirakçılarına Naxçıvan Muxtar Respublikasının turizm potensialı barədə geniş məlumat verilib. Sərgi çərçivəsində xarici ölkə nümayəndələri ilə çoxsaylı görüşlər də keçirilib, muxtar respublikanın turizm potensialı təbliğ edilib.
Sərgi iştirakçılarının diqqətini daha çox çəkən Duzdağ Fizioterapiya Mərkəzinin müalicəvi əhəmiyyəti, Naxçıvan mətbəxi nümunələri və mineral sular olub. Xüsusilə “Badamlı” mineral suyuna diqqət göstərən sərgi iştirakçılarına suyun tərkibi haqqında geniş məlumat verilib.
Sərgi zamanı xarici turoperatorların da muxtar respublikaya marağı böyük olub, onlara Naxçıvan barədə geniş məlumat verilərək buradakı yerli turoperatorlarla əlaqələrin qurulmasına köməklik göstərilib.
Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin, Azərbaycan Turizm Bürosunun, eləcə də 11 yerli turizm şirkətinin iştirak etdiyi Azərbaycan stendinə turizm potensialını sərgiləyən digər iştirakçı ölkələrdən fərqliliyi ilə seçildiyinə görə “Ən yaxşı təqdimat” nominasiyası üzrə mükafat təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Turizm Departamenti