Son illərdə Kəngərli rayonunda təhsil müəssisələrinin yenidən qurulması, onların zəruri avadanlıq və informasiya-kommunikasiya texnologiyaları ilə təmin olunması təhsilin səviyyəsinin yüksəlməsinə imkan vermiş, yeni uğurların qazanılmasına şərait yaratmışdır. Ötən illərdə olduğu kimi, 2020-2021-ci tədris ilində də Kəngərli rayonunun tam orta məktəblərini bitirən məzunlar uğurlu nəticələr əldə etmişlər. Qəbul imtahanlarında yüksək nəticə göstərmiş məzunlar artıq ali məktəb auditoriyalarında həvəslə elmin sirlərinə yiyələnəcəklər. Biz də onların sevincini oxucularımızla bölüşürük.
Ulxansoy Sərvan Mərdan oğlu: – Kəngərli rayonunun Xok kəndində böyüyüb boya-başa çatmışam. Elə ilk təhsilimi də doğma kəndimizdəki tam orta məktəbdə almış və bu il həmin məktəbin XI sinfini xüsusi nailiyyətlərlə başa vuraraq, “Gümüş” nişanla təltif olunmuşam. Qəbul imtahanlarında III ixtisas qrupu üzrə iştirak edərək 650,8 bal toplamışam. Əldə etdiyim nəticə ilə uşaqlıqdan bəri hüquqşünas olmaq istəyimi gerçəkləşdirmişəm. Təhsilimi Naxçıvan Dövlət Universitetində Hüquq ixtisası üzrə davam etdirəcəyəm.
Bu gün sevincimin həddi-hüdudu yoxdur. Ali təhsilə belə yüksək nəticə ilə başlayacağıma görə, ilk növbədə, dövlətimizə borclu olduğumu mütləq deməliyəm. Bu gün ölkəmizdə, eləcə də muxtar respublikamızda bütün sahələrlə yanaşı, təhsilə də yüksək dövlət qayğısının göstərilməsi göz qabağındadır. Bu qayğının nəticəsidir ki, artıq biz ən müasir standartlarda və ən zəruri avadanlıqlarla təchiz olunmuş məktəblərdə təhsil alırıq. Məktəblərin maddi-texniki bazaları gücləndirilir, təhsilin yüksək səviyyədə qurulması üçün hərtərəfli şərait yaradılır. Oxuduğum məktəbdə də təhsilin keyfiyyəti ilbəil yaxşılaşdırılır. Mənə dərs deyən müəllimlərimə də dərin minnətdarlığımı bildirmək istəyirəm.
Hacıyeva Aysel Vüsal qızı: – Şahtaxtı kəndində anadan olmuşam və bu il kəndimizdəki Akademik Zərifə Əliyeva adına tam orta məktəbin XI sinfini əla qiymətlərlə bitirmişəm. Qəbul imtahanlarında isə III ixtisas qrupu üzrə iştirak etmiş, 588,3 bal toplamışam. Təhsilimi Naxçıvan Dövlət Universitetində Tarix ixtisası üzrə davam etdirəcəyəm.
Uğur qazanmağım bir neçə amillə bağlıdır. Bunlardan başlıcası məktəbimizdə yaradılmış müasir şərait, zəngin kitabxana, elektron lövhəli siniflər, fənn kabinələri və müəllimlərimizin zəhməti hesab edilməlidir. Təbii ki, bu, biliklərə yiyələnməyimizdə mühüm əhəmiyyətə malikdir. Müəllimlərimiz isə hər bir dərsi dərindən öyrənib qavramağımız üçün səylə çalışıb və bilmədiklərimizi bizə ətraflı izah ediblər. Bütün bunlar məni də həvəsləndirib ki, oxuyam, ali təhsil alam. Ali məktəbə qəbul olub tələbə adını qazanmaq vəzifəsini qarşıma məqsəd qoyduqdan sonra isə mövzuları təkrar-təkrar oxumuş, sinif testlərini həll etmiş, proqramı tam öyrəndiyimə əmin olana qədər çalışmışam. Tam şəkildə qavramadığım, dərk etməkdə nisbətən çətinlik çəkdiyim tapşırıqlarla bağlı fənn müəllimlərimə müraciət etmişəm. Fürsətdən istifadə edərək dövlətimizə və on bir il əziyyətimizi çəkən müəllimlərimizə dərin minnətdarlığımı bildirirəm.
Əliyeva Münəvvər Anar qızı: – Qarabağlar kəndində böyüyüb boya-başa çatmışam. Kəndimizdəki 2 nömrəli tam orta məktəbi uğurla başa vuraraq, “Gümüş” nişanla təltif olunmuşam. IV ixtisas qrupu üzrə qəbul imtahanlarında iştirak edərək 575,6 bal toplamışam. Uşaqlıqdan ən böyük arzum həkim olmaq idi. Bu arzumu Naxçıvan Dövlət Universitetində reallaşdıracağam.
Qəbul imtahanlarında yüksək nəticə göstərdiyim üçün, ilk növbədə, dövlətimizə borcluyam. Bu gün təkcə Naxçıvan şəhərində deyil, muxtar respublikanın bütün bölgələrində, ən ucqar dağ kəndlərimizdə belə, müasir məktəb binaları tikilərək və ya yenidən qurularaq müəllim və şagirdlərin istifadəsinə verilir. Məktəblərin maddi-texniki bazaları gücləndirilir. Bütün bu yaradılan imkanların əvəzində isə biz gənclərin qarşısında, sadəcə, yaxşı oxumaq deyil, həm də gələcəyin peşəkar mütəxəssisi kimi yetişib Vətənə layiqli xidmət etmək vəzifəsi durur.
Seyidov Ramin Miramil oğlu: – Orta təhsili başa vurduğum Qıvraq qəsəbə tam orta məktəbində keçirilən sınaq-test imtahanlarında topladığım yüksək ballar gələcəkdə arzularımın gerçəkləşməsinə stimul yaradır, sabaha böyük ümidlər verirdi. Hələ orta məktəb illərində vətəndaşların hüquqlarını, qanunlarımızın aliliyini qorumaq ən ümdə arzum, istəyim olub. Humanitar elmlərə marağım III ixtisas qrupunu seçməyimə səbəb oldu. Qəbul imtahanlarında 568 bal topladım. Ali təhsilimi Naxçıvan Dövlət Universitetinin İngilis dili ixtisası üzrə davam etdirəcəyəm. Əlbəttə, mənim kimi, hər bir gəncin belə uğurlar qazanması dövlətimizin təhsilə olan yüksək diqqət və qayğısı sayəsindədir. Ölkəmizdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş milli inkişaf strategiyası təhsilimizdən də yan keçməyib. Belə ki, hər il şəhər və kəndlərimizdə yeni təhsil ocaqları tikilir, yaxud əsaslı şəkildə təmir olunaraq müəllim və şagirdlərin ixtiyarına verilir.
Bu gün əldə etdiyim nəticə hələ hər şeyə nail olmaq demək deyil. Mən bir gənc olaraq bundan sonra da səylə çalışacağam ki, mənə dərs deyən müəllimlərin və valideynlərimin etimadını doğruldum.
Allahverdiyev Toğrul Mirzəmməd oğlu: – 2004-cü ildə Qarabağlar kəndində anadan olmuşam. 2010-cu ildə Qarabağlar kənd 2 nömrəli tam orta məktəbin I sinfinə qəbul olmuş, 2021-ci ildə həmin məktəbin XI sinfini bitirmişəm. Orta məktəb illərində məktəbimizdə, eləcə də rayon səviyyəsində keçirilən tədbirlərdə, fənn olimpiadalarında, sınaq-test imtahanlarında həmişə fərqlənmişəm. Ali məktəblərə qəbul imtahanları zamanı II ixtisas qrupu üzrə imtahan vermiş və 564 bal toplamışam. Ali təhsilimi İqtisadiyyat ixtisası üzrə davam etdirəcəyəm. Çalışacağam ki, bundan sonra da mənə inananların etimadlarını doğruldum. Onu da vurğulamalıyam ki, əldə etdiyim bütün bu uğurlarda mənə dərs deyən müəllimlərimin, üzərimdə zəhməti olan valideynlərimin böyük rolu olmuşdur.
Göründüyü kimi, yüksək nəticə əldə etmiş abituriyentlərin hamısı qazanılan nailiyyətin kökündə təhsilə göstərilən dövlət qayğısını əsas görür. İnanırıq ki, dövlətimiz tərəfindən təhsilimizin inkişafına göstərilən bu qayğı, yaradılmış şərait bu sahədə uğurların gələcəkdə də davam etməsinə vəsilə olacaq.
Babək İSMAYILOV