07 Oktyabr 2024, Bazar ertəsi

Türkiyə Texnologiya Komandası Vəqfi və Türkiyə Respublikasının Sənaye və Texnologiya Nazirliyi tərəfindən 21-26 sentyabr tarixlərində aviasiya, kosmos və texnologiya festivalı –“TEKNOFEST – 2021” keçirilib. İstanbul şəhərində 84 ölkənin iştirakı ilə keçirilən “TEKNOFEST – 2021”də ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikasından da nümayəndə heyəti iştirak edib. Festivalda iştirak edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov və Əlahiddə Ümumqoşun Ordunun zabiti, general-mayor Rəhim Cəfərov səfər çərçivəsində Türkiyə Respublikasının sənaye və texnologiyalar naziri Mustafa Varank və Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşüb, festivalda sərgilənən STEAM layihələri ilə tanış olublar.


Təhsil nazirinin Mustafa Varankla görüşündə bir çox təşkilatın ortaqlığı ilə təşkil edilən festivalın milli texnologiyanın inkişafında rolu, məktəblilərin texnologiyaya olan marağının artırılmasına verdiyi töhfələr, eləcə də Türkiyənin elm və mühəndislik sahələrində əldə etdiyi uğurların dünyaya nümayiş olunmasındakı əhəmiyyəti barədə müzakirələr aparılıb. Rəhman Məmmədov Türkiyənin sənaye və texnologiyalar nazirinə hədiyyə təqdim edib, muxtar respublikada şagirdlərin informasiya texnologiyaları, eləcə də STEAM sahəsində biliklərə yiyələnmələri üçün yaradılan şərait və görülən işlərlə bağlı məlumat verib.
Türkiyə Respublikasının sənaye və texnologiyalar naziri Mustafa Varank Naxçıvan Muxtar Respublikasında STEAM sahəsində atılan addımlarının əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, 2018-ci ildən başlayaraq minlərlə gəncin xəyallarını reallaşdırmaq üçün müxtəlif fənlər və kateqoriyalar üzrə texnologiya yarışlarından ibarət festivalın 2022-ci ildə Bakı şəhərində keçirilməsi planlaşdırılıb.
Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktarla görüşdə isə Azərbaycan-Türkiyə qardaşlığının texnologiya sahəsində əməkdaşlığın genişləndirilməsinə təkan verdiyi bildirilib, azərbaycanlı məktəblilərin öz layihələri ilə festivalda iştirakı yüksək qiymətləndirilib, Türkiyənin milli təhsil sisteminə uyğunlaşdırılaraq təhsil müəssisələrində tətbiq edilən yeni Təcrübə Təhsil Metodu və bu yeni metod əsasında kadr hazırlığının əhəmiyyəti ilə bağlı müzakirələr aparılıb. Həmçinin festivalın təşkilatçıları ilə beynəlxalq səviyyədə keçirilən texnologiya yarışlarının, eləcə də STEAM layihələrinin yerinə yetirilməsi, beynəlxalq konfranslar, kadr hazırlığı məqsədilə kursların və seminarların təşkili ilə bağlı “Baykar” şirkəti ilə müzakirələr aparıb.
Səfər çərçivəsində şagirdlərin hazırladığı STEAM layihələri ilə tanışlıq olub.
Qeyd edək ki, İstanbul Atatürk Beynəlxalq Hava Limanında baş tutan “Texnofest” 2018-ci ildən etibarən hər il keçirilir. Məqsəd aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə təqdim olunmasıdır. Kosmik sənaye, hərb, təhsil, tibb, kənd təsərrüfatı, nəqliyyat videooyunları kimi müxtəlif sahə və istiqamətləri, ümumilikdə, yeni texnologiyaları əhatə edən festivalda Azərbaycan milli pavilyonu 11 startap layihəsi ilə təmsil olunub.

Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR