Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il 19 dekabr tarixli “Muzeylərlə əlaqələrin daha da gücləndirilməsi haqqında” Sərəncamına uyğun olaraq muxtar respublikada dövlət orqanları işçilərinin muzeylərə kollektiv gedişi təmin olunur. Bu tədbirlərin həyata keçirilməsi muzeylərə marağın artmasına, tariximizin, mədəniyyətimizin hərtərəfli öyrənilməsinə və təbliğinə şərait yaradır. Naxçıvan Dövlət Universiteti kollektivinin də “Muzey günləri” çərçivəsində diyarımızda fəaliyyət göstərən müxtəlif muzeylərə kütləvi ekskursiyalar yolu ilə Naxçıvanın tarixi, mədəniyyəti, milli dəyərləri ilə yaxından tanış olması ənənə şəklini alıb. Kollektiv növbəti dəfə Bəhruz Kəngərli Muzeyində olub. Muzeyin bələdçisi məlumat verərək bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2001-ci il 22 may tarixli Sərəncamı ilə yaradılan muzeyin açılışında ümummilli lider Heydər Əliyev iştirak edib. Diqqətə çatdırılıb ki, 9 ekspozisiya zalı olan muzeyin fondunda, ümumilikdə, 1300-dən çox eksponat nümayiş olunur ki, bunlardan da 61-i orijinal rəsm əsəridir.
Qeyd edilib ki, teatr rəssamlığı, qrafika və digər janrlara müraciət edən, portret janrında dəyərli əsərlər yaradan Bəhruz Kəngərli bütün ömrü boyu mədəniyyətimizin inkişafı naminə yorulmadan çalışıb. Onun kömür, karandaş, akvarel və yağlı boya ilə müxtəlif janrlarda yaratdığı 500-ə yaxın əsəri indi də incəsənət muzeylərinin dəyərli eksponatları sırasındadır. Rəssamın xalqımızın başına gətirilən müsibətləri, ermənilər tərəfindən doğma yurdundan zorla qovulmuş azərbaycanlı qaçqınların taleyini əks etdirən “Qaçqınlar” silsiləsinə daxil olan əsərləri Azərbaycan tarixinin dəyərli nümunələridir.
Vurğulanıb ki, sağlamlıq imkanları məhdud olan sənətkar cəmi 30 il ömür sürüb. O, maddi çətinliklərə baxmayaraq, əsərlərini sərgiləməklə kasıb ailələrin uşaqları üçün məktəb pulu toplayıb, onların təhsil almasına köməklik göstərib və yaddaşlarda təkcə rəssam kimi deyil, həm də Azərbaycan xalqının görkəmli nümayəndəsi kimi qalıb.
Bildirilib ki, Azərbaycan incəsənətinin inkişafında müstəsna xidmətləri olan Bəhruz Kəngərli qısa ömür yaşamasına baxmayaraq, təkrarsız yaradıcılığı ilə əbədiyaşarlıq qazanıb. Ulu öndər Heydər Əliyevin qeyd etdiyi kimi: “Bəhruz Kəngərlinin əsərləri Azərbaycan dövlətinin milli sərvətidir” deyə muzey bələdçisi ali təhsil ocağı əməkdaşlarını muzey eksponatları ilə tanış edib.
Qeyd edək ki, muxtar respublikada da Bəhruz Kəngərli irsi hər zaman diqqət mərkəzində saxlanılıb. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Bəhruz Kəngərlinin adının əbədiləşdirilməsi haqqında” 2001-ci il 15 fevral tarixli Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Rəssamlar Birliyinin Sərgi Salonuna Bəhruz Kəngərlinin adı verilib, rəssamın əsərlərindən ibarət albom-kataloq hazırlanıb. Eyni zamanda rəssamın 120 illik yubileyi muxtar respublikada geniş şəkildə qeyd olunub. 2016-cı il may ayının 25-də isə Naxçıvan şəhərində Bəhruz Kəngərli adına Rəssamlar Parkı istifadəyə verilib, parkda görkəmli rəssamın abidəsi ucaldılıb.
Sonda İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı Cavid İsmayılov görkəmli rəssamın həyat və yaradıcılığını əks etdirən rəsm əsərini universitet adından muzeyə hədiyyə edib.
Naxçıvan Dövlət Universitetinin Televiziya,
mətbuat və ictimaiyyətlə əlaqələr bölməsi