07 Oktyabr 2024, Bazar ertəsi

Məlum olduğu kimi, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2017-ci il 28 avqust tarixli Sərəncamı ilə  “Oxunması zəruri olan kitabların Siyahısı” təsdiq olunmuşdur. Ötən dövrdə həmin kitablar nəşr olunaraq muxtar respublikamızın bütün ümumtəhsil məktəblərinin kitabxanalarına verilmiş, oxunması zəruri olan kitablardan ibarət guşələr yaradılmışdır. Siyahıda diqqəti cəlb edən kitablardan biri də “Pedaqoji fikir tarixindən” kitabıdır. Bu kitab da Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tövsiyəsi ilə yenidən nəşr olunmuş və muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin kitabxanalarına və pedaqoji heyətinə hədiyyə edilmişdir.

 

Azərbaycan pedaqoji fikri zəngin və çoxşaxəli inkişaf yolu keçmişdir. Tarixin müxtəlif dövrlərində yaşayıb fəaliyyət göstərmiş böyük mütəfəkkirlər, maarifçilər, müəllimlər, şair və yazıçılar pedaqoji fikir tariximizi öz dəyərli əsərləri ilə daha da zənginləşdirmişlər. Onların təlim-tərbiyə və təhsillə bağlı fikirləri bu gün də öz aktuallığını qoruyur. Kitabda görkəmli maarifpərvər şəxsiyyətlərin, pedaqoqların pedaqoji görüşləri, təhsil məsələləri haqqında dəyərli fikirləri öz əksini tapmışdır. Təsadüfi deyil ki, pedaqoji fikir tarixinin öyrənilməsində mühüm rol oynayan kitab, həm də müəllimlərə müxtəlif tarixi dövrlərdə təhsilin və məktəbin prоblеmləri ilə tanış olma imkanı verir.
“Pedaqoji fikir tarixindən” kitabında görkəmli şəxsiyyətlərimiz, maarifpərvər ziyalılarımız – Cəlil Məmmədquluzadənin, Məhəmməd Tağı Sidqinin, Nəriman Nərimanovun, Hüseyn Cavidin, Eynəli bəy Sultanovun, Məhəmməd ağa Şahtaxtlının, Məmməd Səid Ordubadinin əsərlərindən elm, təhsil, tərbiyə ilə bağlı seçmələr yer almışdır. Təqdim olunmuş əsərlər gənc nəsli mütaliəyə, elm öyrənməyə həvəsləndirir, təlim-tərbiyənin mahiyyəti, prinsipləri haqqında dolğun məlumatlar verir. Bu maarifpərvər insanlar xalqın istiqlaliyyətini yalnız məktəbdə, təhsildə görürdülər. Bakıda ilk dünyəvi məktəbin açılmasını xatirələrində qeyd edən Nəriman Nərimanov yazırdı: “...Bakıda bu məktəbi ilk açan iki cavan oğlan Qori Seminariyasının məzunları Mahmud bəy Mahmudbəyov və Sultan Məcid Qənizadə idi. Onlar Bakıda ilk rus-müsəlman məktəbini açdılar və uğurlarına görə “camaat özü belə bir məktəbin artmağına səbəb oldu”. O vaxt bir vaxt idi ki, müəllimlərdən başqa ziyalı yox idi. Bir və ya iki rus, Avropa darülfünunu qurtaran var idisə də, onlar da milyonçulara qarışıb günlərini eyş-işrətlə keçirirdilər”.
Böyük mütəfəkkir müəllimlərin rolunu yüksək qiymətləndirərək yazırdı: “Hal-hazırda nə ilə özünüzə təsəlli tapırsınız? Şəhər dumasında bəzi oxumuşların bulunmasına, ya əlinizdə olan qəzetlərəmi? Bunları böyük səadət hesab edirsiniz?...Lakin insafı əldən buraxmayınız, bir yaxşı fikir ediniz! Kim idi məclislərdə, qəzetlərdə bağıran-çağıran, yazan ki, bizə milli qəzet lazımdır? Müəllimlər deyildilərmi?” Bununla yanaşı, Nəriman Nərimanov “Müəllimlər ictimainə dair” məqaləsində Henrix Pestalotsi haqqında məlumata geniş yer verərək yazır ki, “...öz sadə müəllimlik peşəsi ilə necə böyük xidmətlər etmək olar millət üçün. Vaxtsız atasız qalan, anası və dayəsinin minbir əziyyətlə böyüdüb oxutduğu bu gənc oğlan başqalarına şəfqətlik dərsini elə həmin qadınlardan almışdı. Başqalarına kömək etmək, bilik və bacarığını onlara sevgi ilə mənimsətmək, uşaqlar ağlayanda ağlamaq, uşaqlar güləndə gülmək... uşaqlar onu ən əziz adamları kimi sevirdilər. Pestalotsi öz şagirdlərinə təkcə bilik öyrətmirdi, onları həyata hazırlayırdı. O, öz pedaqoji əsərləri ilə dünyada tanındı və əbədi ömür qazandı...”
XIX-XX əsrlərin qovşaqlarında yeni məktəblərin açılmasında fədakarlıq edən ziyalılardan biri də Məhəmməd Tağı Sidqi idi. Sidqi o maarifçilərdən idi ki, diplomlu deyildi, mədrəsə qurtarmışdı, klassik Şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdi. l892-ci ildə maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə Naxçıvanda “Məktəbi-tərbiyə”ni təsis etmiş, xalq müəllimi kimi şöhrət tapmışdır. Bundan əvvəl və sonra bir çox maarifçi ziyalılarımız əgər yenitipli məktəblər uğrunda çalışırdılarsa, Sidqi həm də həmin məktəbin tədris vəsaitlərini özü təmin etməyə çalışırdı. Öz yazıları, nəsihətli hekayələri ilə həm özünün çalışdığı məktəbin şagirdlərini milli vətəndaş kimi yetişdirməyə çalışır, həm də “Dəbestan” jurnalında çap etdirərək başqa məktəblərə də köməklik göstərirdi. M.T. Sidqi dərs dediyi uşaqlara milli tərbiyə, təhsil, intizam, düzgün anlama, sədaqətli və ədəbli olmaq, doğruculuq, təmizlik, əliaçıqlıq, ətrafdakılara sevgi aşılayırdı. Dahi Hüseyn Cavid M.T.Sidqi haqqında yazırdı: “M.T.Sidqi vətənpərvər idi... Məslək sahibi idi, millətini sevərdi... Bu hal 5-6 il davam etdi. Sonra zavallı Sidqi getdi, məktəbin məktəbliyi də onunla bitdi... Sonra məktəb nə zərər verdi, nə xeyir gətirdi... Çünki məktəbi o hala qoyan hökumət barmağı oldu...”
“Pedaqoji fikir tarixindən” kitabında bəhs edilən maarifçi-ziyalılarımızdan biri də Məhəmməd ağa Şahtaxtlıdır. Məhəmməd ağa Şahtaxtlı dövrünün C.Məmmədquluzadə, M.Ə.Sabir, A.Səhhət, Ö.F.Nemanzadə, H.Cavid, M.S.Ordubadi, Ə.Qəmküsar, Ə.Nəzmi və başqa görkəmli ziyalılarını ətrafında toplayaraq mətbuatı milli maraqlara xidmət vasitəsinə çevirmişdir. Onun uğurla başçılıq etdiyi qəzetdə ana dili ilə bağlı islahatlar, maarifin yayılması, məktəblərdə təhsil sisteminin inkişaf predmetləri və sair məsələlər əsas mövzunu təşkil edirdi. Ümumiyyətlə, Məhəmməd ağa Şahtaxtlının əsas məqsədi türk-müsəlman xalqlarını maarif və mədəniyyətə cəlb etməkdən ibarət olmuşdur. Azərbaycanın nəhəng pedaqoji fikir sahiblərinin çox böyük fədakarlıqlarının nəticəsi idi ki, XX əsrin ilk onilliklərində cəmiyyətdə milli şüur, müstəqillik kimi ideyaları ucadan səslənməyə başlanmışdı. Həmin milli ideyaların yaranma mənbəyi, əlbəttə, milli məktəblər və o məktəblərdə dərs deyən vətənpərvər, millətsevər, müstəqillik carçıları, azadlıq ideyalarını zehinlərə yeridən pedaqoqlarımızın əvəzsiz fəaliyyətinin məhsulu idi. Nəinki Azərbaycanda bütün Türk dünyasında həvəslə qəbul edilən türkləşmək, islamlaşmaq, müasirləşmək ideyaları Əli bəy Hüseynzadənin simasında milli əqidənin ifadəsinə çevrilmişdir. Zaman da bu ideyanın doğruluğunu sübut etdi: Azərbaycan Şərq aləmində ilk demokratik dövlətini yaratdı. Bu gün müstəqil Azərbaycan Respublikası da 1918-ci ildə yaradılmış və 23 ay fəaliyyət göstərmiş həmin Xalq Cümhuriyyətinin tarixi varisidir. Bütün bunlar isə onu təsdiq edir ki, Azərbaycanın Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Məhəmməd Tağı Sidqi, Eynəli bəy Sultanov, Məhəmməd ağa Şahtaxtlı, Nəriman Nərimanov kimi pedaqoji fikir sahibləri xalqımızın maariflənməsində böyük xidmətlər göstərmişlər. Bu ziyalılarımızın fəaliyyəti Azərbaycan maarif və təhsilinin təməl bazası olmaqla yanaşı, xalqımız tərəfindən də daim minnətdarlıqla xatırlanılır.

Dadaş QASIMOV
Kəngərli Rayon Qarabağlar kənd
1 nömrəli tam orta məktəbin tarix müəllimi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR