22 Dekabr 2024, Bazar

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 1 iyun tarixdə imzaladığı “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamına əsasən fəaliyyətə başlamasının 100 illiyini qeyd etməyə hazırlaşdığımız “Şərq qapısı” qəzetinin işıq üzü görən ilk saylarını vərəqlədikcə orada dərc olunan məqalələrin mövzu dairəsinin çox geniş və əhatəli  olduğunu görürük. Burada əhalinin böyük əksəriyyətinin savadsız olduğu bir dövrdə insanları məlumatlandırmaq, onlara maraqlı xəbərlər çatdırmaq, maarifləndirmək məqsədilə bölgə həyatının bütün sahələrinə həsr olunmuş böyük və kiçikhəcmli məqalələr özünə yer almışdır. Savadsızlığın ləğv olunması istiqamətində işlər aparıldığı həmin dövrdə “Şərq qapısı” qəzeti öz üzərinə düşən vəzifəni ləyaqətlə yerinə yetirmiş, insanlar onun məlumatlarından yararlanmışlar. Təsadüfi deyildir ki, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyev “Şərq qapısı” qəzeti haqqında bəhs edərkən qeyd etmişdir ki, “Mən “Şərq qapısı” qəzetinin təsiri altında tərbiyələnmişəm. Hələ gənc ikən, burada orta məktəbdə, pedaqoji texnikumda oxuyanda müxtəlif məsələləri öyrənmək üçün “Şərq qapısı”ndan çox istifadə etmişəm. Qəzetiniz o vaxtdan nüfuzlu qəzet kimi hafizəmdə qalıb”.

 Qəzetin ilk nömrələrindən başlayaraq onun səhifələrində Naxçıvan diyarının tarixi, orada mövcud olan tarix-mədəniyyət abidələri haqqında məqalələr də dərc olunmuşdur. Elmi nəşrlərin, xüsusilə jurnalların çox az olduğu XX əsrin əvvəllərində bölgənin tarixi və maddi mədəniyyət abidələri, əldə edilmiş tapıntılar və sair haqqında qəzetdə verilən operativ məlumatlar Naxçıvanın qədim və orta əsrlər dövrü tarix və mədəniyyətinin öyrənilməsi üçün həmin abidələr haqqında geniş oxucu auditoriyasına ilk məlumat verən mənbələr kimi çox dəyərlidir.

Keçən yüzilliyin 20-ci illərində Naxçıvanın tarixi, tarix-mədəniyyət abidələri haqqında “Şərq qapısı” qəzetində bir sıra müəlliflər müxtəlifməzmunlu məqalələr dərc etdirmişlər. Həmin məqalə müəllifləri, əsasən, 1925-ci ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin şöbəsi kimi yaradılan Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvləri olmuşlar. Həmin insanlar həmin cəmiyyətin üzvü kimi fəaliyyət göstərir, Naxçıvan ərazisindəki tarix-mədəniyyət abidələrini tədqiq edir, tədqiqatlarının nəticələrini qəzet və jurnallarda dərc etdirirdilər. Onlar, həmçinin elmi-tədqiqat məqsədilə Naxçıvana gələn alimlərlə birgə çalışırdılar.
Naxçıvan diyarının maddi mədəniyyət nümunələri ilə əlaqədar “Şərq qapısı” qəzetinin səhifələrində məqalələr dərc etdirən həmin ziyalılardan biri Mirbağır Mirheydərzadə olmuşdur. Ərəb və fars dillərinə dərindən bələd olan, Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin Naxçıvan şöbəsi yaradılarkən onun elmi katibi təyin edilən, az sonra Naxçıvan Dövlət Tarix Muzeyinin qurucularından birinə çevrilən Mirbağır Mirheydərzadə “Şərq qapısı” qəzetinin və jurnalların səhifələrində Naxçıvanın tarixi və tarix-mədəniyyət abidələri haqqında məqalələr dərc etdirmişdir. Onun bu sahə ilə əlaqədar ilk məqalələrindən biri qəzetin 8 sentyabr 1925-ci il tarixli nömrəsində işıq üzü görən “İşə başlamalıyız” adlı məqaləsidir. Naxçıvan ziyalılarına müraciət şəklində qələmə alınan məqalədə Mirbağır Mirheydərzadə Naxçıvan ziyalılarını cəmiyyətin işində fəal iştirak etməyə çağırırdı.

Mirbağır Mirheydərzadə cəmiyyətin işlək bir orqana çevrilməsi, qarşısına qoyulan vəzifəni uğurla yerinə yetirməsi üçün səylə çalışır, işə soyuq münasibət bəsləyən cəmiyyət üzvlərini “Şərq qapısı” qəzetinin 27 fevral 1927-ci il tarixli nömrəsində tənqid edirdi. Vəzifəsinə uyğun olaraq Naxçıvan ərazisindəki tarix-mədəniyyət abidələrinin tədqiqi ilə məşğul olan Mirbağır Mirheydərzadə tədqiqat üçün Naxçıvana gələn alimlərə kömək edir, bələdçi kimi muxtar respublikanın yaşayış məskənlərini onlarla birlikdə gəzirdi. Bu məqsədlə o, 1926-cı ildə Naxçıvanda tədqiqat aparan akademik İ.Meşaninovun və professor A.Millerin apardığı arxeoloji qazıntılarda çalışmışdır. Həmçinin o, 1926-1927-ci illərdə muxtar respublikanın bir sıra yaşayış məskənlərində tədqiqatlar aparan Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin elmi katibi V.Sısoyevin ekspedisiyasında elmi işçi kimi iştirak etmişdir. Mirbağır Mirheydərzadə bu sahədə fəaliyyətini sonrakı vaxtlarda da davam etdirmiş, 1934-cü ildə rus etnoqraf-alimi K.N.Smirnova Naxçıvanda bələdçilik etmiş, ona material toplanmasında yardımçı olmuşdur. Hətta o, 1951-ci ildə 78 yaşı olmasına baxmayaraq, arxeoloq O.Həbibullayevin Kültəpədə apardığı arxeoloji qazıntılarda da iştirak etmişdir.
“Şərq qapısı” qəzetində dərc olunan məqalələrin təhlili göstərir ki, ərəb və fars dilləri sahəsində yüksək biliyə malik olması səbəbindən o, Naxçıvanın epiqrafik abidələrinin, memarlıq abidələri üzərində qalan ərəb-fars dilli kitabələrin tədqiqinə daha çox maraq göstərmişdir. Bunu onun “Şərq qapısı” qəzetinin 22 dekabr 1927-ci il tarixli nömrəsində işıq üzü görən “Asari-ətiqə” adlı məqaləsi də təsdiq edir. Müəllif bu məqaləsində Naxçıvan şəhərindəki Möminə xatın, Yusif Küseyir oğlu və Qarabağlar kəndindəki türbə kompleksinə daxil olan abidələr və onların kitabələri haqqında məlumat vermişdir.
Qarabağlar Türbə Kompleksi haqqında “Şərq qapısı” qəzetinin digər saylarında da yazılar dərc olunmuşdur. Məsələn, qəzetin 28 dekabr 1926-cı ildə buraxılmış 60-cı sayında dərc olunan “Asari-ətiqə” adlı məqalədə Qarabağlar Türbə Kompleksinin mövcud vəziyyəti haqqında məlumat verilmiş və həmin vaxt bu işə cavabdeh olan cəmiyyətə bu barədə xəbərdarlıq edilmişdir.
“Şərq qapısı” qəzetində Naxçıvanın tarixi və tarix-mədəniyyət abidələri haqqında yazılar dərc etdirən müəlliflərdən biri də Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin fəal üzvlərindən biri olan Seyid Səbri olmuşdur. Qəzetin ilk müxbirlərindən olan Seyid Səbrinin qəzetin müxtəlif nömrələrində dərc edilmiş məqalələrinin təhlili göstərir ki, onun qələmə aldığı mövzular maarif və mədəniyyətin təbliği, xurafat və nadanlığın, geriliyin tənqidi, tarix və mədəniyyət abidələri haqqında məlumatlar olmuş, o, həmin dövr üçün aktual məsələləri qəzet vasitəsilə təqdim edə bilmiş, bölgə tarixinin və mədəniyyətinin naməlum məsələlərini oxuculara çatdırmağı vacib saymışdır. Bunu onun “Şərq qapısı” qəzetinin 15 sentyabr 1926-cı il sayında işıq üzü görən “Ordubad qəzasında asari-ətiqə” adlı məqaləsi də təsdiq edir. Seyid Səbri bu məqaləsində qəzanın mərkəzi olan Ordubad şəhərindəki 5 abidə (Qoç qəbiristanlığı, Çardağ qəbiristanlığı, Sərşəhər məhəlləsindəki 1200 yaşlı çinar, mədrəsə və Ordubad şəhər Came məscidi) haqqında məlumat verir. Bu məlumatlar içərisində Ordubad şəhərinin Kürdətal məhəlləsindəki Qoç qəbiristanlığı, Ordubad şəhərindəki Came məscidi təmir edilərkən tapılan və üzərində hicri 111-ci il tarixi və “Harun” şəxs adı yazılmış kərpic haqqındakı fikri çox dəyərlidir. Müəllifin yazdığı kimi “indi harada olduğu bəlli olmayan” həmin kitabə Came məscidinin əsasının nə vaxt qoyulması haqqında fikir yürütməyə əsas verir. Belə ki, hicri-qəməri təqvimi ilə 111-ci il, miladi təqvimi ilə 729-cu ilə müvafiqdir. Bu məlumata əsasən Ordubad şəhərindəki Came məscidinin əsasının Harun adlı şəxs tərəfindən 729-cu ildə qoyulduğunu, XVII əsrdə indiki şəklə salındığını ehtimal etmək olar. Təəssüf ki, müəllifin məqalədə qeyd etdiyi kimi həmin yazılı kərpic itib-batmış, harada olduğu bəlli deyildir. Əgər həmin kərpic qalsaydı, Came məscidi, bütövlükdə, Ordubad şəhəri, onun tarixi haqqında çox sanballı elmi fikirlər söyləmək olardı.
Ərəb-fars dillərində yüksək savada malik olan Seyid Səbri tarix-memarlıq abidələri üzərində qalan kitabələri oxuya bilmiş və abidələr haqqında fikir söyləyərkən bu məlumatlara əsaslanmışdır. Məsələn, haqqında bəhs olunan məqalədə müəllif Ordubad şəhərindəki Came məscidinin Şərqdən giriş qapısının baş tərəfində qoyulan və məzmunu Səfəvi hökmdarı I şah Abbasın Ordubad şəhər əhalisinin xəzinəyə veriləcək bir sıra vergilərdən azad edilməsi haqqında 1604-cü il tarixli fərmanının mətnindən ibarət olan kitabə haqqında məlumat verir və qeyd edir ki, “həmin daşın üzərində olan yazılar Ordubadda olan Xacə Nəsir Tusi (Nəsirəddin Tusi ) tayfasının vergidən azad edilməsi haqqındadır”. Yaxud da Ordubad şəhər mədrəsəsinin Səfəvi hökmdarı Şah Sultan Hüseyn vaxtı inşa olunmasını təyin etməsi fikrimizi təsdiqləyir. Bu fikri Seyid Səbrinin Ordubad rayonunun Nüsnüs kəndindəki pir-məscidin qapısı üzərində həkk edilən kitabə, Ordubad rayonunun Vənənd kənd Came məscidinin kitabələri və sair haqqında söylədiyi fikirlər də təsdiq edir.
Seyid Səbrinin “Şərq qapısı” qəzetində dərc etdirdiyi bəzi məqalələr Naxçıvan bölgəsinin bir neçə tarix-mədəniyyət abidəsi haqqında ilk dəfə məlumat verən mənbə kimi böyük əhəmiyyət daşıyır. Məsələn, onun qəzetin 1926-cı ilin 7-ci sayında dərc etdirdiyi “Quyulu dağ” məqaləsi bu abidə haqqında məlumat verən ilk mənbə kimi çox əhəmiyyətlidir. Məqalə dərc olunarkən bu abidə haqqında yerli əhalidən başqa, heç kimin, o cümlədən tədqiqatçıların məlumatı olmamışdır. Ona görə də məqalə Quyulu dağ abidəsini elmi dövriyyəyə daxil edən ilk mənbə kimi xüsusi əhəmiyyət daşıyır.
Göründüyü kimi, Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin üzvləri çox vətənpərvər insanlar olmuş, bölgənin tarix və mədəniyyətinin öyrənilməsi ilə əlaqədar cəmiyyətin işini canlandırmaq, inkişaf etdirmək və bu sahədə uğurlar qazanmaq üçün səy göstərmiş, çalışmış, məqsədlərinə nail olmaq üçün bütün vasitələrdən istifadə etmişlər.
Məlum olduğu kimi, bütün dövrlərdə, o cümlədən XX yüzilliyin əvvəllərində bəzi məsuliyyətsiz adamlar, xüsusilə dəfinə hərisləri arxeoloji və memarlıq abidələrində icazəsiz qazıntılar aparır, bununla da abidələrin dağılmasına səbəb olurdular. Ona görə də Naxçıvanda yeganə mətbu orqanı olan “Şərq qapısı” qəzeti bu cür halların qarşısını almaq üçün tədbirlər görür, səhifələrində aid təşkilatların bununla əlaqədar elanlarına və xəbərdarlıqlarına yer ayırırdılar. Bu baxımdan Naxçıvanı Tədqiq və Tətəbbö Cəmiyyətinin sədri V.Həsənzadənin və cəmiyyətin elmi katibi M.Mirheydərzadənin adından “Şərq qapısı” qəzetinin 1 oktyabr 1925-ci ilin 49-cu sayında əhaliyə xəbərdarlıq şəklində verilən elan diqqəti cəlb edir. Göründüyü kimi, tarix-mədəniyyət abidələri ilə əlaqədar özbaşına tədqiqatların həyata keçirilməsi, xüsusilə arxeoloji qazıntılar aparılması məsələsi ilə əlaqədar əhaliyə edilən xəbərdarlıqlar “Şərq qapısı” qəzetinin səhifələrində də özünə yer almışdır. Bu qəbildən olan xəbərdarlıqlara qəzetin sonrakı vaxtlarda dərc olunan saylarında da rast gəlmək olur. Məsələn, qəzetin 8 iyul 1926-cı il tarixli 18-ci sayında işıq üzü görən yazıda bununla əlaqədar oxuyuruq: “... Bütün vətəndaşlara qadağan olunur ki, heç kəs Cümhuriyyət daxilində həfriyyat (qazıntı) işlərinə əl vurmayıb, asari-ətiqələri özlərində saxlamasınlar. Əks surətdə kim olursa-olsun, hökumət tərəfindən yaxalandıqda cərəyan edən qanunlar ilə onlar məsuliyyətə cəlb olunacaqlar”. Qəzetin səhifələrində əhaliyə çatdırılan bu kimi xəbərdarlıqlar öz müsbət nəticəsini vermiş, abidələrin dağıdılmasının qarşısı müəyyən qədər alınmışdır.
“Şərq qapısı” qəzetinin fəaliyyətə başladığı ilk illərdə ərəb qrafikası əsasında yaradılmış Azərbaycan əlifbası ilə nəşr olunan saylarında Naxçıvanın tarixi və tarix-mədəniyyət abidələri, onların qorunması, tədqiqi və təbliği ilə əlaqədar işıq üzü görən məqalələr bu gün də öz aktuallığını itirməmişlər. Onlar Azərbaycanın tərkib hissəsi olaraq Naxçıvan tarixinin mənbəyi kimi mühüm əhəmiyyət kəsb edirlər. Bu baxımdan xüsusilə dövrün qabaqcıl, savadlı insanları tərəfindən qələmə alınan həmin məqalələrdə haqqında bəhs olunan (məsələn, Ordubad şəhərindəki Came məscidində 1902-ci ildə tapılan hicri 111-ci il, miladi 729-cu il tarixli kitabə kimi), ancaq bu günə qədər gəlib çatmayan mənbələr barədə verilən məlumatlar tarixi baxımdan çox böyük əhəmiyyətə malikdirlər.
Nəzərdən keçirdiyimiz məqalələr əsasında deyə bilərik ki, keçən yüzilliyin 20-ci illərinin ortalarında “Şərq qapısı” qəzetinin səhifələrində tarix-mədəniyyət abidələrimizlə əlaqədar dərc etdirilən məqalələr artıq tarix və mədəniyyətimiz üçün sanballı qaynaqlara çevrilmişlər. Heç təsadüfi deyildir ki, Ali Məclis Sədrinin imzaladığı “Şərq qapısı” qəzetinin 100 illik yubileyinin qeyd olunması barədə” Sərəncamın preambula hissəsində “Şərq qapısı” qəzeti “Naxçıvanın tarixini və keçdiyi inkişaf yolunu gələcək nəsillərə çatdıran salnamə” kimi xarakterizə olunmuşdur.

Hacıfəxrəddin SƏFƏRLİ
AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya
və Arxeologiya İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR