Sentyabrın 27-də muxtar respublikanın ümumtəhsil məktəbləri ilə Xatirə Muzeyi arasında 27 sentyabr – Anım Günü ilə bağlı interaktiv dərs keçirilib.
İnteraktiv dərsi Naxçıvan şəhər 5 nömrəli məktəbin tarix müəllimi Şəhla Əliyeva aparıb. Bildirilib ki, 2021-2022-ci tədris ilindən muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” tədris olunur. Şəhla Əliyeva qələbə qazandığımız 44 günlük vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verib.
Qeyd olunub ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənin layiqli cavabını vermişdir.
Şagirdlərə müasir hərb tarixində misli görünməmiş döyüş əməliyyatları haqqında məlumat verilərək qeyd edilmişdir ki, döyüşlərdə Azərbaycan xeyli az itki ilə qələbə qazanmışdır. Başlanğıcda bir sıra kəndləri və strateji körpüləri işğaldan azad etdikdən sonra Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini tamamilə azad etdi və 23 oktyabrda Laçın Dəhlizinə doğru irəliləməyə başladı. Davam edən müharibə ərzində 4 oktyabrda Cəbrayıl, 17 oktyabrda Füzuli, 20 oktyabrda Zəngilan, 25 oktyabrda Qubadlı və 8 noyabrda Şuşa şəhəri işğaldan azad edilmişdir.Noyabrın 10-da Azərbaycan Respublikasının Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları işğaldan azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir.
Vurğulanmışdır ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 2904 hərbi qulluqçusu həlak olmuş, hərbi qulluqçularımızdan itkin düşən və yaralanaraq sağlamlığını itirənlər olmuşdur. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Dərsdə rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhramanlığından bəhs olunaraq qeyd olunmuşdur ki, müharibənin əsas canlı qüvvələrindən biri də məhz Oğuz eli, qədim diyar Naxçıvandan olan hərbiçi-zabitlər idi. Müharibədə iştirak edən qəhrəmanlar xüsusi təlimlər almış, yüksək hərbi bacarıqlara malik, illərlə Vətənin bu günü üçün yetişdirilmiş zabitlər idi. Artıq heç kəsə sirr deyil ki, Vətən uğrunda ən çox şəhid verən regionlardan biri də Naxçıvan oldu. Buna görə də Azərbaycan Respublikasının Prezidenti 10 noyabr tarixində Qələbə xəbərini xalqa verərkən Naxçıvandan cəbhəyə yollanan igidlərimizin qəhrəmanlıqlarından xüsusi söz açdı. Ali Baş Komandan qeyd etdi ki, Naxçıvanlılar müharibədə qəhrəmanlıqla vuruşub və şəhidlər verib.
Bildirilmişdir ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən hər il 27 sentyabr “Anım Günü”, 8 noyabr isə “Zəfər Günü” kimi qeyd ediləcəkdir.
Dərs muxtar respublikanın 200-dən çox təhsil müəssisəsində izlənilib.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti