Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən sentyabrın 21-də Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində təhsil müəssisələrində qurulan STEAM kabinələri üçün alınan avadanlıqların təqdimatı keçirilib.
Təqdimatda Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirib ki, muxtar respublikanın ümumtəhsil məktəblərində şagirdlərin dərin və hərtərəfli biliklərə yiyələnməsi üçün yaradılan yüksək təhsil şəraiti, eyni zamanda təhsilin beynəlxalq təcrübəyə uyğunlaşdırılması yolunda atılan uğurlu addımlar mütərəqqi təlim metodlarının tətbiqinə geniş imkanlar açmışdır.
Qeyd edilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə 2019-2020-ci tədris ilindən pilot layihə olaraq muxtar respublikanın 15 təhsil müəssisəsinin VI və VII siniflərində STEAM təhsil metodunun tətbiqinə başlanılmışdır. Aparılan təhlillər əsas verir ki, ötən müddət ərzində pilot məktəblərdə bu təhsil metodu özünü doğrultmuş, şagirdlərin layihə əsaslı biliklərə yiyələnmələrinə, eləcə də onlarda elmi təfəkkürün və mühəndislik bacarığının formalaşmasına böyük təsir göstərmişdir. Məhz bu amillər nəzərə alınaraq son bir ildə STEAM təhsil metodunun tətbiq edildiyi təhsil müəssisələrinin sayı 53-ə çatdırılmışdır. Hazırda Təhsil Nazirliyinin tabeliyində olan təhsil müəssisələrindən 1-i orta ixtisas, 3-ü lisey, 1-i xüsusi tipli internat, 3-ü məktəbdənkənar, 45-i isə ümumtəhsil məktəbi olmaqla, 53 təhsil müəssisəsində STEAM kabinəsi, Heydər Əliyev adına tam orta məktəbdə isə “STEAM Tədris Mərkəzi” fəaliyyət göstərir.
Bildirilib ki, layihənin əhəmiyyəti nəzərə alınaraq əhatə dairəsinin daha da genişləndirilməsi məqsədilə 2021-ci il 7 iyun tarixdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri “Naxçıvan Muxtar Respublikasında STEAM təhsil metodunun tətbiqi ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalamışdır. Sərəncamın icrası ilə bağlı hazırda Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi yaradılır, III mərhələ olaraq 50 ümumtəhsil məktəbində STEAM kabinələrinin yaradılması istiqamətində işlər davam etdirilir. Layihənin III mərhələsinin başa çatdırılması ilə 2021-2022-ci tədris ilindən etibarən 104 təhsil müəssisəsində 22 mindən çox şagird STEAM təhsilinə cəlb olunacaq, ümumtəhsil məktəblərində yaradılan STEAM kabinələrinin imkanlarından istifadə olunaraq hər il şagirdlərin müxtəlif STEAM layihələri əsasında “STEAM təhsil festivalı” keçiriləcəkdir.
STEAM dərslərinin tədris edilməsi üçün müəllim-mütəxəssislərin hazırlanması ilə bağlı görülən işlərdən bəhs edilərək vurğulanıb ki, ötən tədris ilində yerli və Azərbaycan Respublikası Təhsil Nazirliyinin əməkdaşları, eləcə də beynəlxalq təlimçilər tərəfindən ümumtəhsil məktəblərinin 200-dən çox müəlliminə və pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təlimlər keçirilmiş, təhsil metodunun sistemli tətbiqi üçün VI-VII siniflər üçün STEAM tədris proqramı və tədris vəsaiti hazırlanmışdır. Bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı ilə “Robotexnika”,“Arduino tətbiqetmə kitabı” və “Robot layihələri” kitabları xarici dildən tərcümə olunaraq nəşr edilmiş, ümumtəhsil məktəblərinin 60 şagirdi üçün “STEAM Yay Məktəbi” təşkil edilmişdir.
Çıxışda yeni tədris ilindən etibarən kadr hazırlığı məqsədilə müəllimlərə STEAM yönümlü təlimlərin davam etdiriləcəyini, həmçinin STEAM təhsil metoduna aid yeni xarici ədəbiyyatların Azərbaycan dilinə tərcümə olunmasının nəzərdə tutulduğunu bildirib, STEAM kabinələrin imkanlarından düzgün istifadə olunmasının, texnologiya dərslərinin STEAM kabinələrində tədrisini keyfiyyətinin diqqətdə saxlanılmasının, dərsləri tədris edən müəllimlərin mütəmadi olaraq öz üzərində işləmələrinin zəruriliyini vurğulanıb. Təhsil naziri STEAM təhsil metodunun tətbiqi üçün ümumtəhsil məktəblərində yaradılan şəraitə görə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədrinə minnətdarlığını bildirib.
Sonra təhsil müəssisələrinin STEAM kabinələri üçün alınmış avadanlıqlara baxış olub. Məlumat verilərək bildirilib ki, kabinələr müasir dizaynda mebel avadanlıqları və elektron lövhə ilə təchiz olunmaqla yanaşı, təhsil müəssisəsinin kabinələri üçün 38 ədəd 3D printer, 76 ədəd 3D çap materialı, 76 ədəd kompüter, 38 ədəd arduino proqramlama inkişaf dəsti, 38 ədəd grove alfa inkişaf dəsti, 228 ədəd günəş paneli, 38 ədəd arduino və 114 ədəd mikrobit dəsti, 228 ədəd servo mühərrik, 38 ədəd istilik sensorlu masa saatı, 38 ədəd rokokey kartı, 190 ədəd 3D qələm, 38 ədəd lafvin robot qol, 38 ədəd elektron dövriyyə dəsti, layihələrin hazırlanmasında istifadə olunacaq 2000-dən çox elektron komponent və digər STEAM qurğuları alınıb. Həmçinin 38 dəst emalatxana alətləri, layihələrin hazırlanması üçün xammal və tədris üçün lazımi materiallar da alınmışdır. STEAM üzrə tədrisin təşkili məqsədilə məktəblərin dərsliklərlə təminatı da diqqətdə saxlanılıb, nəşr olunan STEAM üzrə ədəbiyyatların tirajı artırılıb. Beləliklə, “Robotexnika”, “Arduino tətbiqetmə kitabı”, “Robot layihələri” və “Robotexnikanın əsasları” kitablarının hər birindən STEAM kabinələri olan məktəblər də daxil olmaqla bütün ümumtəhsil məktəblərinə, Uşaq-Gənclər Yaradıcılıq mərkəzlərinə ayrılıb.
Tədbirin sonunda təhsil müəssisəsinin kabinələri üçün alınan avadanlıqlar akt əsasında təhsil müəssisələrinin rəhbərlərinə paylanılıb.
Naxçıvan Muxtar Respublikası
Təhsil Nazirliyinin mətbuat xidməti