22 Dekabr 2024, Bazar

Tariximizin ən şərəfli səhifəsi...

Ötən ilin payızının 27 sentyabrında, səhər saatlarında televizor qarşısına keçdiyimdə artıq nələr baş verdiyini anlamışdım. Ermənistan Silahlı Qüvvələri təxribat törədərək cəbhəboyu zonadayerləşən Azərbaycan ordusunun mövqelərini, yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlarvə müxtəlif çaplı artilleriyaqurğularından atəşə tutmağa başlamışdılar. Təxribatın qarşısını almaq və mülki əhalinin təhlükəsizliyinin təmin olunması məqsədilə Azərbaycan ordusu komandanlığıtərəfindən əks-hücum əməliyyatının başlanması haqqında qərar verilmişdi. Həmin gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirildi: “Bildiyiniz kimi, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri Azərbaycana qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribat nəticəsində itkilərimiz var, həm mülki əhali, həm də hərbçilər arasında. Mən Ermənistana xəbərdarlıq etmişdim. Tovuz hadisələrindən sonra bir neçə dəfə xəbərdarlıq etmişdim ki, əgər onlar öz çirkin əməllərindən əl çəkməsələr peşman olacaqlar. Əməliyyat uğurla keçirilir. Eyni zamanda, ordumuza könüllü yazılanların sayı on minlərlə insanı əhatə edir. Bu, xalqımızın öz dövlətinə sadiqliyini göstərir.” - ifadələrini dilə gətirmişdir. Elə ilk günlərdən düşmənin ön müdafiə xəttinin yarılması,bir neçə kənd və strateji yüksəkliklərinişğaldan azad edilməsi xalqımızı bayram ovqatı ilə kökləyirdi. Döyüşlərdə xeyli az itki ilə böyük irəliləyişlərə imza atırdıq. Bütün xalq yumruq olub Ali Baş Komandanın ətrafında sıx birləşmişdi. Müharibəyə könüllü olaraq yollanmaq istəyənlərin sayı saysız-hesabsız idi. Vətənimizin azadlığının bərpa olunacağı günü səbirsizlikləgözləyirdik.İlk əvvəldə Azərbaycan Silahlı Qüvvələri oktyabrın 22-də Qarabağın İranla cənub sərhədini azad etdi. 23 oktyabrda isə Laçın dəhlizinə doğru irəliləməyə başladı. Hər yeni gündə azadlığına qovuşduğumuz ərazilərin adlarını eşitdikcə sevinc gözyaşlarımızı tökürdük. Hücumların qarşısını almaq üçün artilleriya, minaatan raketlərlə düşmənə zərbələr endirilirdi. Davam edən müharibə ərzində Cəbrayıl, Qubadlı, Zəngilan, Füzuli rayonları, Xocavəndin böyük hissəsində, azad edilən hər bir torpaqlarımızdaüçrəngli bayrağımız dalğalandırıldı.

           Belə bir deyim var: İnsan birisinin həsrətini çəkməyincə, həsrətin nə olduğunu anlamaz. Bizlərinsə sinəsi Vətən həsrəti ilə göynəyirdi. İgid oğullarımız göynəyən yaramıza məlhəm oldu. 30 il düşmən əsarətində sızlayan torpaqlarımız 44 gün içərisində minlərimin sayəsində azadlığına qovuşdu.

Ötən ilin sentyabrına qayıdıram...Yarpaq əvəzinə qan töküldü,yağış əvəzinə göz yaşları töküldü, minlərlə evin çırağı söndü. Torpağımızın qəhrəman oğulları Vətən sevgisini, bütün sevgilərdən yüksək tutub irəli getdilər. Bizlər evlərimizdə rahat olaq deyə, minlərimiz canlarını fəda etdilər.Xocalı qurbanlarının, Gəncə, Bərdə, digər şəhər və rayonlarda soyqırımları zamanı həlak olan günahsız insanların qisası döyüş meydanında alındı. El oğullarımız qanları bahasına bu torpağın azadlığını yazanlardan oldular. Həmin minlərimizinövladlarından bu il kimisi məktəbə ilk qədəmlərini atasız qoymağa məcbur oldu.Analar övladından, körpə balalar ata sevgisindən məhrum oldu. Qız-gəlinlərimizin isə gözləri intizarda qaldı.Bir çox ana oğluna bu il toy etmək arzusunda olarkən, ildönümünə hazırlaşır. Lakin bunlara baxmayaraq, dağ vüqarı daşıyır analarımız... Hər biri “Təki Vətən sağ olsun, övladlarımız Vətənə qurban olsun” ifadəsini vüqarla səsləndirib başlarını dik tutdular.

Hər daşında igid qanı olan Vətən torpağım...

8 noyabr 2020-ci il tarixi: Qarabağa qovuşduğumuz gün... Kəlimələrlə ifadə edə bilməyəcəyim hisslərə hakim kəsilmişdim. Ürək döyüntülərimin də sürətləndiyini hiss edirdim həmingün…Yarı sevinc hissləri, yarı təlaş içərisində olduğumun səbəbini başa düşmürdüm. Budur artıq saat 11 radələrində Ali Baş Komandanımız İlham Əliyevin Şəhidlər Xiyabanından xalqımıza müraciəti oldu:“Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm! Bütün şuşalıları ürəkdən təbrik edirəm!

Əziz Şuşa, sən azadsan!

Əziz Şuşa, biz qayıtmışıq!

Əziz Şuşa, biz səni dirçəldəcəyik!

Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!”

Bu xəbəri eşidən zaman düşüncələrim donmuş vəziyyətdə idi. Nə yüksəkdən etdiyim hayqırtını kəsə bilir, nə də ki göz yaşlarıma hakim ola bilirdim. Hər kəs biri-birini təbrik edir, gözümüz aydın olsun kəliməsini sevgi yanğısı ilə deyirdilər. Hər bir kəs meydanlara axışır, bu müjdəli xəbərin sevincini doya-doya yaşayırdılar. Qarabağımızın tacı olan Şuşamızı azad etmək bir o qədər də asan olmadı. Qəhrəman oğullarımız meşələri, cığırları dağı-daşı yararaq əlbəyaxa döyüş taktikası ilə məhv etdi düşməni. Şuşamız hər birimizin yaddaşındasızlayan və dərin iz buraxan yara idi. Bu yara igid oğullarımız sayəsində sağaldı. Tarixi torpaqlarımız əsl sahiblərinə qaytarıldı. Elə həmin gün Xarı bülbül həsrətinə son qoyuldu. Boynu bükük qalmış, 30 ildir düşmən əsarətindən ləçəklərini aça bilməyən bülbülüm artıq bu yaz doğmalarının qoynunda bir başqa ahəngdə açmışdı. Torpaqlarımızınüzərində olan qara duman geri çəkildi, Cıdır düzü azadlıq sədasını eşidib, doğmalarının gəlişinə hazırlıq görürdü. Necə sevinməyərdi?Axı vaxtilə Cıdır düzünün sinəsində düşmən rəqs edirdi. Tanımırdı yad ayaqları, qulaqlarını tutub eşitmək istəmirdi düşmənin doğru düzgün ifa edə bilmədiyi alətlərin səsini.Xan Qızının şeiri, havamızın, suyumuzun adı, qazandığımızzəfərin zirvəsi olan Şuşamızın dönüşü bir başqa dönüş oldu. O dönüş ki, çox insanın sevmədiyi payız fəslinə təsadüf etdi. Artıq Şuşamız azad olduğu gündən, bu günə bir çox tədbirlərə ev sahibliyi edib. İlk ev sahibliyini Novruz Bayramında “Novruz” tonqalının çatılması ilə başladı.O torpağın əsl sahibləri Cıdır düzündə rəqs etdilər. Onun ardınca Şanlı zəfərimizin böyük sevincini Xarı Bülbül festivalında yaşadıq.“Qarabağ” şikəstəsinin sədaları ucaldıqca dağ da, daş da bayram edirdi həmin an. Sevinən təkcə dağ, daş deyildi. Sevinirdi Bülbülün, Üzeyirin, Natəvanın ruhu, sevinirdi Xan qızı Natəvanın bulağından axan hər damla su da, ot da, yenicə açan hər bir çiçək də…

Elə bu yaxınlarda Vaqif poeziya günlərinin keçirilməsi ilə yenidən canlandı Şuşam. Vaqifin nakam ruhu da, tədbirə yığışanların yanında idi. O müqəddəs ruh ki, 30 il məqbərəyə hər baxdığında dağıdıldığını, doğmalarını itirdiyini görürdü.

Qələbə günü iftixar və qürur mənbəyimizə çevrildi

10 noyabr 2020-ci il-Azərbaycantarixinə Qələbə günü kimi yazıldı. II Qarabağ müharibəsinin Azərbaycanın qələbəsi ilə bitdiyi xəbərini aldıq.Bayram-bayrama qarışdı, gözyaşlarımız sel olub axdı. Həmin gün gecə saatlarında Azərbaycan Prezidenti, Ermənistanın baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzaladılar. Bəyanata əsasən noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonları bir güllə atılmadan, heç bir şəhid verilmədən azad edildi. Bəyanatda həmçinin Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşasının təmin edilməsi elan edilmişdir. Nəhayət Azərbaycanın hərbi qələbəsi Ermənistanı kapitulyasiyaya məcbur etdi. Hər kəs zəfər sevincinin əvəzsiz sevincini yaşayırdı.Bu sevinci bizlərə yaşadan Ali Baş Komandanımıza minnətdarıq. Canını Vətən sevgisindən üstün tutan, qəhrəman oğulları böyüdən analar qarşısında baş əyirik.

Şəhid analarının yaşlı olur gözləri,

Dərddən taqəti qalmaz, ayaq tutmaz dizləri

Şəhid atalarının başı dikdir, əyilməz

Ürəyində çəkdiyi dost-tanışa deyilməz.

 Əziz qardaşlarım, nə zaman Qarabağımızın adı çəkilsə, bax həmin an sizlərin adı QÜRURLA, ƏZMLƏ,FƏXRLƏ çəkiləcək!

Nuray ƏSGƏROVA

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR