30 Dekabr 2024, Bazar ertəsi

Dünən Naxçıvan Şəhər İcra Hakimiyyətində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak etmiş, şəhid olmuş və xəsarət almış qəhrəmanlarımıza medal və vəsiqələrinin təqdim edilməsi məqsədilə tədbir keçirilib.


Tədbiri giriş sözü ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov açaraq bildirib ki, bu gün ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikamızda hər bir sahənin inkişafına dövlətimizin hərtərəfli diqqət və qayğısı vardır. Bu qayğının başlıca istiqamətini bizim milli ordumuz, əsgərlərimiz təşkil edir. Ordu quruculuğu sahəsində həyata keçirilən tədbirlər muxtar respublikamızda da uğurla davam etdirilir. Diyarımızın etibarlı müdafiəsinin təmin edilməsi məqsədilə müvafiq tədbirlər həyata keçirilir. Hərbi hissələrin maddi-texniki təminatı möhkəmləndirilir, hərbçi ailələrinin mənzil-məişət şəraiti yaxşılaşdırılır, şəxsi heyətin döyüş və mənəvi hazırlığı əhəmiyyətli dərəcədə artırılır.
Diqqətə çatdırılıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbovun müntəzəm olaraq sərhəd bölgələrində, hərbi hissələrdə olması, xidmətin vəziyyəti, əsgərlərin həyat şəraiti ilə maraqlanması şəxsi heyətə mənəvi-psixoloji dəstək verməklə, onlarda vətənpərvərlik hisslərini daha da gücləndirmişdir. Ali Baş Komandanın  ordu quruculuğu sahəsində gördüyü işlərin, həyata keçirdiyi tədbirlərin nəticəsidir ki, Vətən müharibəsində Azərbaycan Silahlı Qüvvələri tarixi ədaləti bərpa edərək torpaqlarımızı işğaldan azad etdi. Azərbaycan Ordusunun ən böyük gücü isə Vətənin mərd oğulları, cəsur qızları, vətənpərvər övladlarıdır. Bu mənada, Vətən uğrunda qəhrəmanlıqla vuruşaraq şəhid olan və döyüşdən qəhrəman kimi ayrılan, bizim hər birimizə qalib ölkənin vətəndaşı kimi qürur bəxş edən cəsur, igid, qorxmaz Azərbaycan oğullarına xalqımız daim minnətdar olacaqdır.
Qeyd olunub ki, Vətən müharibəsində böyük şücaət və qəhrəmanlıq göstərmiş mayor Həsənov Sadiq Əli oğlu, baş leytenant Zeynalov Elnur Elsevər oğlu, baş leytenant Əlizadə Fuad Nazim oğlu, baş leytenant Niftalıyev Arif Hüseyn oğlu, əsgər Məmmədzadə Pərviz Zahid oğlu, əsgər Məmmədov Araz Qəhrəman oğlu, əsgər Eyvazov İslam Həsən oğlu, əsgər İbrahimov İbrahim Etibar oğlu, əsgər Süleymanov Mövləddin Mehman oğlu, əsgər Əliyev Samir Məmməd oğlu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamları ilə “Xocavəndin azad olunmasına görə” və “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunublar.
Mirsənani Seyidov vurğulayıb ki, bizim qələbəmiz Qarabağı heç vaxt görməyən 19 yaşlı əsgərin torpaq sevgisi, Birinci Qarabağ müharibəsində silahdaşlarını itirən zabitin qisas yanğısı, xalqımızın azadlıq arzusu idi. Bu arzunu çin etmək uğrunda qan töküb, can verən igid oğullarımızın hər birini minnətdarlıqla yad edirik. Şəhid olanlara Allahdan rəhmət diləyirik.
Sonra Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəisi, mayor Anar Aqilov çıxış edərək bildirib ki, düşmənin 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında Vətən müharibəsinə başladı. Nəticədə, işğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, zabit və əsgərlərimizin, qazilərimizin qanı və canı bahasına azad olundu. Şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç zaman unutmayacağıq.
Sonda Vətən müharibəsində şəhid olmuş, iştirak etmiş və xəsarət almış şəxslərin valideynlərinə və özlərinə medallar təqdim edilib.

Məcid RƏŞADƏTOĞLU

 

 

 

ARXİV

Dekabr 2021
Be Ça Ç Ca C Ş B
29 30 1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31 1 2

MÜƏLLİFLƏR

KEÇİDLƏR