Ölkəmizdə həyata keçirilən islahatlar nəticəsində sığorta-pensiya sistemində davamlı inkişafa nail olunmuş, sistemin beynəlxalq standartlara uyğun formalaşdırılması təmin edilmiş, həmçinin sosial sığorta prinsiplərinin daha da gücləndirilməsi və bu zəmində vətəndaşların pensiya təminatının daha da təkmilləşdirilməsi xüsusi diqqət mərkəzində saxlanılmışdır. Sığorta-pensiya sisteminin maliyyə təminatının əsasını isə məcburi dövlət sosial sığorta haqları təşkil edir.
Məcburi dövlət sosial sığortası "Sosial sığorta haqqında" Azərbaycan Respublikası Qanununa görə bütün əmək müqaviləsi üzrə işləyənlər barəsində həyata keçirilən sosial təminat formasıdır. Belə ki, işəgötürən tərəfindən əmək müqaviləsi ilə işə qəbul olunan hər bir işçi məcburi dövlət sosial sığortası ilə əhatə olunmaqla sığorta iştirakçısına çevrilir. Barəsində məcburi dövlət sosial sığortası həyata keçirilən əmək müqaviləsi üzrə çalışan işçilər sığortaolunan hesab olunur. Məcburi dövlət sosial sığorta haqqı əmək ödənişinə nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. Məcburi dövlət sosial sığorta haqqına cəlb olunan sığortaolunanlar Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən dövlət sosial sığorta sistemində uçota alınır və ödənilən məcburi dövlət sosial sığorta haqları həmin vətəndaşların fərdi şəxsi hesablarına işlənilir. Fərdi şəxsi hesablarda olan pensiya kapitalının miqdarı və ödəmə müddəti vətəndaşın sığorta stajını və pensiyasının məbləğini müəyyənləşdirməklə yanaşı, onlara sosial sığorta ödəmələrindən yararlanmaq hüququ yaratmış olur. Yəni, sosial sığorta hadisəsi baş verdikdə sığortaolunanlar itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya etmək, həmçinin itirilməsinin qarşısını almaq məqsədilə sığorta ödəməsi almaq hüququ əldə edirlər. Belə ki, fondda qeydiyyatda olan işləyən sığortaolunanlar pensiya yaşına çatdıqda, əlil olduqda, ailə başçısını itirdikdə, əmək qabiliyyətini müvəqqəti itirdikdə, hamiləlik və doğum zamanı, uşaq anadan olduqda və s. bu kimi sosial sığorta hadisələri baş verdikdə fond tərəfindən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, hamiləliyə və doğuma görə, uşağın anadan olmasına görə müavinət, ən əsası pensiya yaşına çatdıqda əmək pensiyası almaq hüququ əldə etmiş olur.
Hazırda fondda qeydiyyatda olan sığortaolunanların pensiyaları "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə, məcburi dövlət sosial sığortası üzrə ödəmələr isə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 sentyabr 1998-ci il tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş "Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə"yə uyğun müəyyən edilir.
Qeyd etmək lazımdır ki, xeyrinə məcburi dövlət sosial sığorta fəaliyyəti həyata keçirilməyən şəxslərin sosial sığorta ödəmələrini almaq hüququ yoxdur. Yalnız məcburi dövlət sosial sığortasına cəlb olunan şəxslər sosial sığorta ödəmələrini ala bilər. Bunu nəzərə alaraq hər bir vətəndaş yaşlı dövrünün maddi təminatının məsuliyyətini əmək fəaliyyəti göstərdiyi vaxtdan düşünməli, harada çalışmasından asılı olmayaraq işləməyə başlayarkən ilk növbədə əmək müqaviləsini imzalamalı, aldığı əməkhaqqının tam məbləğdə əməkhaqqı cədvəlində göstərilməsinə çalışmalı, işlədiyi dövrlər üçün işəgötürən tərəfindən məcburi dövlət sosial sığorta haqlarının tam miqdarda ödənilməsinə şəxsən maraqlı olmalıdır. Vətəndaşların bu prosesdə fəal iştirakı gələcəkdə onların sosial müdafiə hüquqlarının tam təmin olunması ilə nəticələnəcəkdir. Ona görə də təminatlı gələcəyimiz üçün sığorta haqlarını vaxtında ödəmək olduqca vacibdir.
Naxçıvan Muxtar Respublikası
Dövlət Sosial Müdafiə Fondunun
mətbuat xidməti