08 Oktyabr 2024, Çərşənbə axşamı

Sentyabrın 6-da “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Şahbuz rayonunda yeni filialı istifadəyə verilib.
Bu münasibətlə keçirilən tədbirdə “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin Müşahidə Şurasının sədri Əsədulla İsgəndərov çıxış edərək deyib ki, “Naxçıvanbank” ASC Azərbaycan Respublikasının ilk regional bankıdır və Mərkəzi bank tərəfindən 4 avqust 2008-ci il tarixdə verilən lisenziya əsasında 11 sentyabr 2008-ci il tarixdən fəaliyyətə başlayıb. Bank əhaliyə, sahibkarlıq subyektlərinə universal bank və maliyyə xidmətini kompleks şəkildə göstərməkdədir. Bankın Naxçıvan, Şərur, Kəngərli, Culfa, Ordubad, Bakı şəhərlərində filial və şöbələri fəaliyyət göstərir. Baş idarə, 7 filial, bir şöbə, 2 valyutadəyişmə məntəqəsi, 44 bankomat, 72 ödəniş terminalı, 1021 POS-terminal və 61 mindən çox ödəniş kartı ilə müştərilərinə xidmət edən bankın cari ildə 14 mindən çox aktiv kredit müştərisi olub ki, onun 529 nəfəri Şahbuz rayonunda yaşayan əhalidir. Müştəri məmnuniyyətini, şəffaflığı və peşəkar xidməti əsas prinsip seçən “Naxçıvanbank” ASC artıq Şahbuz rayonunda da fəaliyyətə başlayır.

Əsədulla İsgəndərov göstərilən yüksək diqqət və qayğıya görə kollektiv adından dövlətimizə minnətdarlığını bildirib, bundan sonra da əhaliyə keyfiyyətli bank xidmətləri göstərəcəklərinə söz verib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Səbuhi Məmmədov “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyətinin yeni filialının istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib.
Qeyd olunub ki, “Naxçıvanbank” tərəfindən muxtar respublika sakinlərinə kənd təsərrüfatı istiqamətində, eyni zamanda iqtisadiyyatın aparıcı sahələrində kreditlər verilir. “Naxçıvanbank” ASC-nin yeni rayon filialının yaradılması sakinlərin bankın xidmətlərindən rahat şəkildə istifadəsinə imkan verəcək. Şahbuz rayon sakinlərinə bütün kredit növləri daxil olmaqla, 3 milyon manata kimi maliyyə-kredit xidməti göstərilib. Bankın filialının açılması imkan verəcək ki, burada artıq kreditlərin əhatə dairəsi də genişlənsin və vətəndaşların kredit götürməsi daha asan, əlçatan olsun.
Baş nazir bildirib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müxtəlif dövrlərdə imzaladığı sərəncamlarla muxtar respublikada elektron ödəniş sistemlərinin inkişafı, rəqəmsal iqtisadiyyata keçidlə əlaqədar Dövlət proqramları qəbul olunub və uğurla icra edilir. Əsas məqsəd dağlıq rayonlarda, kənd yerlərində yaşayan əhali üçün elektron ödəniş sistemlərini, bank xidmətlərini daha əlçatan etməkdir. Bu gün Şahbuz rayonunda “Naxçıvanbank” ASC-nin yeni filialının yaradılması da artıq imkan verəcək ki, rayon sakinləri Naxçıvan şəhərinə getmədən “Naxçıvanbank”ın göstərdiyi bütün xidmətlərdən faydalansınlar. “Naxçıvanbank” ASC bu gün ölkə üzrə müştərilərinə ən aşağı faiz dərəcələri ilə xidmət göstərir.
Şahbuz Rayon İcra Hakimiyyətinin başçısı Rəfael Babayev bildirib ki, “Naxçıvanbank” ASC-nin Şahbuz rayon filialının istifadəyə verilməsi rayonda müxtəlif sahələrin daha da inkişaf etməsinə şərait yaradacaq. Bu isə həm bankın inkişafında, həm də rayon sakinlərinin təsərrüfatlarını genişləndirməsində əhəmiyyətli rol oynayacaq.
Binaya baxış zamanı bildirilib ki, 2 mərtəbəli binanın birinci mərtəbəsində müştəri zalı, təhlükəsizlik, əməliyyat, kassa, qiymətlilərin saxlanma və server otaqları yerləşir. İkinci mərtəbədə isə müdir, kredit, arxiv və mütəxəssis otaqları, iclas zalı, qarderob və mətbəx vardır. Filialda biznes, kənd təsərrüfatı, ailə təsərrüfatı, istehlak və ipoteka kreditlərinin verilməsi, eyni zamanda kassa əməliyyatları və pul köçürmələri kimi bütün maliyyə əməliyyatları həyata keçiriləcəkdir.
Bina istiliklə təchiz olunub, həyət abadlaşdırılıb, işıqlandırma və suvarma sistemləri çəkilib.

Xəbərlər şöbəsi

ARXİV

Oktyabr 2021
Be Ça Ç Ca C Ş B
27 28 29 30 1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31

MÜƏLLİFLƏR

KEÇİDLƏR