Avqust ayı ərzində nazirliyin əməkdaşları tərəfindən muxtar respublikada əkilmiş kartof məhsulunun yığımının qısa müddətdə başa çatdırılması, yığılmış məhsulların Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin və fəaliyyət göstərən sahibkarların soyuducu anbarlarına təhvil verilməsi, qəbul edilmiş Dövlət proqramlarının müvafiq bəndlərinin icrası ilə əlaqədar maarifləndirmə işləri aparılıb. Biçindən sonra təkrar əkin sahələrində aqrotexniki qulluğun düzgün və vaxtında aparılması, payızlıq taxıl əkinlərinə hazırlıqla əlaqədar növbəli əkin sisteminə əməl etməklə əkin sahələrinin seçilməsi, keyfiyyətli şumun qaldırılması, toxumun dərmanlanmasının əhəmiyyəti, meyvə və üzüm bağlarında məhsul yığımından sonra aparılacaq aqrotexniki tədbirlərlə bağlı torpaq mülkiyyətçiləri və ailə təsərrüfatı sahiblərinin iştirakı ilə tarla-seminar müşavirələri keçirilmişdir. Payızlıq şumun qaldırılmasında iştirak edəcək texnikaların texniki vəziyyəti nəzarətdə saxlanılıb. Eyni zamanda texnika və torpaq mülkiyyətçiləri ilə müasir texnologiyalar tətbiq edilməklə əkinlərin keçirilməsinin üstünlükləri, səmərəliliyi və məhsuldarlığa təsiri barədə ətraflı söhbətlər aparılıb.
Ay ərzində nazirliyə meyvə bağları və üzümlüklərdə zərərverici və xəstəliklərə qarşı mübarizə ilə bağlı 16, təkrar əkinlərin əlverişli üsullarla aparılması ilə bağlı 19 vətəndaş müraciət edib, mütəxəssislər tərəfindən vətəndaşlara lazımi tövsiyələr verib, köməkliklər göstərilib.
Akademik Həsən Əliyev adına “Araz” Elm-İstehsalat Birliyinin Aqrokimya, torpaqşünaslıq və torpaqların kütləvi analizləri şöbəsinin əməkdaşları Babək rayonunun Şıxmahmud, Aşağı Uzunoba və Yuxarı Uzunoba, Vayxır kəndlərindən və Cəhri qəsəbəsindən götürülmüş torpaq nümunələrini analiz edərək tərkibindəki qida maddələrinin miqdarını müəyyənləşdirib, torpaq kartoqramlarının hazırlanması üzrə işlər davam etdirilib. Birliyin Bitki sortlarının seleksiyası, sınağı, mühafizəsi və toxumçuluq şöbəsi tərəfindən seleksiya məqsədilə əkilmiş 56 payızlıq buğda və sort–sınağı üçün əkilmiş 32 payızlıq buğda və arpa sortları biçilib, dərzlər şəklində götürüb, döyücü aparatdan keçirilərək nəticələri araşdırılıb. Bununla yanaşı, Heyvandarlıq və yem bitkiləri şöbəsinin əməkdaşları tərəfindən sahibkar Heydərov Azər Əli oğluna məxsus 100 baş Balbas cinsli qoyunların üzərində elmi-tədqiqat işləri davam etdirilib. Toxumçuluq və Bitkilərin Mühafizəsi İdarəsinə gətirilmiş toxum nümunələri analiz olunaraq nəticələri haqqında təsərrüfat sahiblərinə məlumat verilib. İdarəyə müxtəlif əkin sahələrində xəstəlik və zərərvericilərin aşkarlanması məqsədilə müraciət etmiş 68 ailə təsərrüfatçısının sahələrinə baxılıb, onlara məsləhət və tövsiyələr verilib.
Mal-qaranın cins tərkibinin yaxşılaşdırılması üçün süni mayalanmanın tətbiqinin əhəmiyyəti, payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə bağlı, bal süzümünün mütəşəkkil təşkili, arı ailələrinin qışlamaya hazırlanması, xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılması, ev quşlarının gigiyenası, onların yemlənməsi, saxlanması və inkubasiya qaydaları, xəstəliklərdən qorunması məqsədilə fərdi qaydada maarifləndirici görüşlər keçirilib.
Naxçıvan Muxtar Respublikası
Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidməti