1 iyun – Uşaqları Beynəlxalq Müdafiə Günü dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycan Respublikasında da qeyd edilir.
Ölkəmizdə dövlət uşaq siyasətinin formalaşması və inkişafı ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Müstəqil Azərbaycanın inkişafını uşaqların düzgün yetişdirilməsində görən ulu öndər deyirdi: “Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün haqqında yox, Azərbaycanın böyük gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi də Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Ulu öndərin ölkəmizə rəhbərliyinin hər iki dövründə uşaqlara xüsusi diqqət yetirilməsi, uşaqlarla bağlı sosial təsisatlar şəbəkəsinin qurulması, genişləndirilməsi uşaqların təhsilinə, dünyagörüşlərinin zənginləşdirilməsinə və sağlamlıqlarının qorunmasına öz müsbət təsirini göstərmişdir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu gün dövlət uşaq siyasətini uğurla davam etdirir. Ölkə başçısının rəhbərliyi ilə gənc nəslin təlim-tərbiyəsinin yüksəldilməsinə yönəlmiş çoxsaylı Dövlət proqramları qəbul edilib, uşaq hüquqlarının etibarlı təminat mexanizmləri yaradılıb, ölkənin sürətli inkişafı üçün uşaqların təhsili və intellektual inkişafı istiqamətində önəmli layihələr həyata keçirilir. Xalqın gələcəyi olan uşaqlara diqqət və qayğını yüksək qiymətləndirən ölkə Prezidenti cənab İlham Əliyev demişdir: “Uşaqlar cəmiyyətimizin sabahıdır. Onların qayğısız böyüməsi, yüksək standartlara cavab verən təlim-tərbiyə və tibbi xidmətlərlə təmin edilməsi, əlverişli sosial mühitdə fiziki və mənəvi baxımdan sağlam yetişməsi, habelə öz istedadlarını nümayiş etdirmələri üçün zəruri şəraitin yaradılması bizim əsas məqsədlərimizdəndir”.
Uşaqlarımızın hərtərəfli şəxsiyyət və ölkəmizin layiqli vətəndaşı olaraq formalaşmaları müstəqil Azərbaycan Respublikasının dövlət uşaq siyasətinin aparıcı istiqamətini təşkil edir. “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikası qanunlarının qəbul edilməsi, təhsil qanunvericiliyində, sağlamlıq imkanları məhdud, valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı qanunvericilik sistemində yeni təminatların təsbit edilməsi dövlətin uşaqlara olan diqqətinin göstəricisidir.
Naxçıvan Muxtar Respublikasında da uşaqlara hərtərəfli qayğı göstərilir, onların təhsili, sağlamlıqlarının qorunması, istedadlarının üzə çıxarılması, intellektual və mənəvi inkişafı, asudə vaxtının və tərbiyəsinin düzgün təşkili və cəmiyyətin ictimai-mədəni həyatındakı iştiraklarının təmin edilməsi diqqətdə saxlanılır. Bu gün muxtar respublika əhalisinin 36 faizi və ya 165 min 288 nəfəri uşaqlardır. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri cənab Vasif Talıbov demişdir: “O cəmiyyət möhkəmdir ki, o dövlət inkişaf edərək irəli gedir ki, o xalq xoşbəxt gələcəyə malikdir ki, orada uşaqlara qayğı var”.
Muxtar respublikada uşaqların təhsili daim diqqət mərkəzində saxlanılır, bir-birinin ardınca istifadəyə verilən müasir maddi-texniki bazaya malik təhsil ocaqları təhsilin keyfiyyətinin yüksəldilməsinə, yüksəkixtisaslı kadr potensialının artırılmasına şərait yaradır. Müstəqillik illərində muxtar respublikada 200-dən çox ümumtəhsil məktəbi tikilmiş və ya yenidən qurularaq istifadəyə verilmişdir. Hazırda ümumtəhsil məktəblərində 650-dən çox elektron lövhə quraşdırılmışdır ki, bu da uşaqların müasir təhsil sistemi əsasında biliklərə yiyələnməsinə şərait yaratmışdır. Yaradılan şəraitin nəticəsidir ki, ötən il ümumtəhsil məktəblərini bitirmiş şagirdlərdən 1516-sı ali təhsil müəssisələrinə, 683-ü orta ixtisas təhsili müəssisələrinə, Heydər Əliyev adına Hərbi Liseyin məzunlarından 182 nəfəri isə müxtəlif ali hərbi məktəblərə daxil olmuş, ali məktəblərə qəbul olunan 275 nəfər 500-700 arası bal toplamışdır. Bu gün uşaqların peşə təhsilinə cəlbi də qarşıda duran əsas vəzifələrdəndir. Təkcə 2020-2021-ci tədris ilində 149-dan çox uşaq bacarıqlarına uyğun peşə və ixtisaslara yönləndirilmişlər.
Uşaqların təhsili ilə yanaşı, onların sağlamlıqlarının qorunması, fiziki inkişaflarının təmin olunması istiqamətində də tədbirlər görülür. Muxtar respublikada müasir standartlara uyğun olimpiya idman kompleksləri, üzgüçülük və şahmat mərkəzləri, uşaq-gənclər şahmat məktəbləri, uşaq-gənclər idman məktəbləri, stadionlar, peyntbol meydançası, ümumtəhsil məktəblərində müasir idman zalları və digər idman avadanlıqları istifadəyə verilmişdir. Yaradılan şəraitin bəhrəsidir ki, hazırda muxtar respublikada 25 mindən çox uşaq idmanla məşğul olur.
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Naxçıvan Muxtar Respublikasında gənc istedadlara dövlət qayğısının artırılması haqqında” 2012-ci il 31 yanvar tarixli Fərmanına uyğun olaraq Naxçıvan Muxtar Respublikası Gənc İstedadların “Qızıl kitabı”nın yaradılması, istedadlı uşaqların adlarının bu kitaba yazılması və onlara xüsusi təqaüdlərin verilməsi də göstərilən qayğının daha bir ifadəsidir. Qeyd edək ki, ötən il ərzində 2 istedadlı uşaq olmaqla, ümumilikdə, 13 uşağın adı bu kitaba yazılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Oxunması zəruri olan kitablar haqqında” 2017-ci il 28 avqust tarixli Sərəncamı da gənc nəsildə vətənpərvərliyin, tarixə, milli kökə bağlılığın və dünyagörüşün formalaşdırılmasına xidmət edir.
Uşaqların sağlamlığının qorunması da diqqət mərkəzində saxlanılmışdır. Belə ki, uşaqlara tibbi yardım göstərən tibb müəssisələrinin maddi-texniki bazasının yaxşılaşdırılması, onların müasir tibbi texnika və avadanlıqlarla təchiz edilməsi, yeni tibbi texnologiyaların tətbiqi, tibbi kadrların peşə səviyyəsinin artırılması və əhali arasında geniş maarifləndirmə işinin aparılması istiqamətlərində mühüm addımlar atılmışdır. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 oktyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasında uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın qəbul olunması bu sahədə atılan mühüm addımlardan biridir. Həyata keçirilən tədbirlər nəticəsində uşaqlar arasında infeksion xəstəliklər və ölüm səviyyəsi nəzərəçarpacaq dərəcədə azalmışdır.
Uşaq hüquqlarının qorunması istiqamətində də ardıcıl tədbirlər görülmüşdür. Belə ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2012-ci il 24 may tarixli Fərmanı ilə “Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti Qaydası” təsdiq edilmiş, uşaq hüquqlarının müdafiəsi üçün dövlət qurumları arasında koordinasiya və nəzarət sistemi təkmilləşdirilmiş, monitorinq qrupu yaradılmışdır.
Muxtar respublikada valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar da xüsusi qayğı ilə əhatə olunur, himayə və qəyyumluğa verilən uşaqların evlərində mütəmadi olaraq monitorinqlər təşkil edilir, yaşayış şəraitləri öyrənilir, zəruri ehtiyacları üçün lazımi köməklik göstərilir. Bu kateqoriyadan olan uşaqlara dövlətin göstərdiyi diqqət və qayğının nəticəsidir ki, 2020-ci ildə ümumtəhsil məktəblərini bitirmiş uşaqlardan 2-si ali təhsil müəssisələrinə qəbul olmuşdur.
“Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması Qaydası”na uyğun olaraq Naxçıvan Muxtar Respublikasında uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankı təşkil edilmiş, indiyədək 35 mindən artıq uşaq haqqında fərdi məlumatlar banka daxil edilmişdir.
Sağlamlıq imkanları məhdud uşaqların sosial müdafiəsi, cəmiyyətə fəal inteqrasiyası məqsədilə bu gün muxtar respublikada müvafiq tədbirlər həyata keçirilir. Belə ki, “2021 -2025 ci illərdə Naxçıvan Muxtar Respublikasında sağlamlıq imkanları məhdud uşaqların təhsili və reabilitasiyası üzrə Dövlət Proqramı” qəbul edilmiş, hazırda bu proqramın icrası ilə bağlı müvafiq tədbirlər görülür.
Bu gün ümumtəhsil məktəblərində müvafiq kateqoriyadan olan 918, Gözdən Əlil Uşaqlar üçün Xüsusi İbtidai Məktəbdə 9, Distant Tədris Mərkəzində 18 uşaq təhsil alır. Bundan əlavə, həmin kateqoriyadan olan uşaqların təhsilinin təşkili sahəsində görülən işlərin nəticəsidir ki, 2020-2021-ci tədris ilində 6 uşaq Naxçıvan Şəhər Körpələr Evi və Ailələrə Dəstək Mərkəzinə, 21 uşaq ümumtəhsil məktəblərində fəaliyyət göstərən məktəbəqədər hazırlıq qruplarına, 17 uşaq uşaq bağçalarına cəlb edilmiş, yüzlərlə uşaq Məhdud Fiziki İmkanlılar üçün Naxçıvan Regional İnformasiya Mərkəzinin müxtəlif dərnəklərinə, şahmat məktəblərinə, məktəbdənkənar müəssisələrin dərnəklərinə, idman məktəblərinə cəlb olunmuşlar. 2020-ci il ərzində 620 sağlamlıq imkanları məhdud uşaqla əlaqə saxlanılmış, 63 uşaq məktəbəqədər, məktəb, məktəbdənkənar təlim-tərbiyə və müalicə-reabilitasiya müəssisələrinə yönləndirilmişdir. Görülən işlərin nəticəsidir ki, ümumtəhsil məktəblərini bitirən sağlamlıq imkanları məhdud uşaqlardan 11 nəfəri orta ixtisas təhsili müəssisələrinə, 18 nəfəri isə ali təhsil müəssisələrinə qəbul olunmuşdur.
Uşaqların vətənpərvərlik ruhunda böyüməsində, milli dəyərlərimizi mənimsəməsində və dünyagörüşlərinin formalaşmasında uşaq ədəbiyyatını mütaliə etmək mühüm əhəmiyyət kəsb edir. Buna görə də muxtar respublikada müasir ədəbiyyat bazasına malik olan elektron kitabxanalar istifadəyə verilir, uşaqlar üçün kitablar nəşr olunur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin himayəsi ilə “Uşaqlar və Günəş” almanaxı, “Gəncliyimiz-gələcəyimiz”, “Təmsillər”, “Şeir və hekayələr”, “Şeirlər”, “Poema və pyeslər”, “Naxçıvan bəstəkarlarının uşaq mahnıları”, “Sevimli dostlarım kitablar”, “İstedadlı şagirdlər”, “Göy qurşağı” adlı uşaq kitablarının nəşr olunması uşaqlarda mütaliə mədəniyyətinin formalaşmasına göstərilən diqqətin bariz nümunəsidir.
Muxtar respublikada uşaqlara göstərilən diqqət və qayğının nəticəsində dövlət uşaq müəssisələrində valideynləri tərəfindən tərk edilmiş, erkən nikaha və uşaq əməyinə cəlb olunmuş, məktəbdən yayınan, cinayət məsuliyyətinə cəlb olunmuş uşaq yoxdur.
Uşaqlar gələcəyimizin təməli, inkişafımızın qarantıdırlar. Onların xoşbəxt yaşamasına, sağlam böyüməsinə çalışmaq, müdafiəsinə hamılıqla qoşulmaq hər bir vətəndaşın borcudur. Çünki uşaqlara verilən dəyər ölkəmizin sabahına verilən dəyərdir.
Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq
Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidməti