4 may 2021-ci il tarixdə Naxçıvan Dövlət Xalça Muzeyi ilə Zərdab Rayon Heydər Əliyev Mərkəzi arasında onlayn tədbir keçirilmişdir.
Onlayn tədbiri Naxçıvan Dövlət Xalça Muzeyinin direktoru Ulviyyə Məmmədova açaraq mzeyin yaranması tarixindən danışmışdır.
Qeyd olunmuşdur ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığına əsasən Naxçıvan Muxtar Respublika Nazirlər Kabinetinin 15 yanvar 1998-ci il tarixli qərarı ilə yaradılmışdır. 1998-ci il 26 yanvar tarixində 387 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 4000-ə yaxın eksponat mühafizə olunur ki, bunun da əsas hissəsini Naxçıvan qrupu xalçaları təşkil edir. Çıxışda həmçinin Naxçıvan qrupu xalçalarının yaranma tarixindən, bədii tərtibatından, özünə məxsus xarakter və keyfiyyətindən bəhs olunmuşdur.
Diqqətə çatdırılmışdır ki, 2010-cu ildə xalça sənəti YUNESKO-nun Bəşəriyyətin qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Azərbaycan Respublikasında “Xalçaçı günü” peşə bayramının təsis edilməsi haqqında” 2016-cı il 25 noyabr tarixli Sərəncamına əsasən, hər il mayın 5-i ölkəmizdə “Xalçaçı günü” peşə bayramı kimi qeyd edilir.
Vurğulanmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2018-ci il tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 9 aprel tarixli Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı”nın təsdiqi bu sahəyə göstərilən dövlət qayğısının bariz nümunələridir.
Zərdab Rayon Heydər Əliyev Mərkəzinin direktoru Könül Rəhimova tədbir iştirakçılarına Mərkəzin fəaliyyəti haqqında məlumat vermişdir.
Sonda tədbir iştirakçılarına Naxçıvan Dövlət Xalça Muzeyinin ekspozisiyasından və Zərdab Rayon Heydər Əliyev Mərkəzindən onlayn ekskursiyalar keçirilmişdir.
Naxçıvan Muxtar Respublikası Mədəniyyət
Nazirliyinin mətbuat xidməti