Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə həyata keçirilən sosial-ekoloji siyasət uğurla davam etdirilir.
Aprel ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 12 yoxlama-reyd keçirilmiş, 2 inzibati xəta qeydə alınaraq qanunauyğun tədbir görülmüşdür. Muxtar respublikamızın təbiətinin qorunması üçün inzibati tədbirlərlə yanaşı, əhali arasında ekoloji-hüquqi maarifləndirmə tədbirləri də icra edilmişdir. Bu məqsədlə Ordubad rayonunun Nəsirvaz və Bist kənd sakinləri arasında keçirilən maarifləndirmə tədbirlərində ətraf mühitin mühafizəsi, brokonyerlik hallarına qarşı birgə mübarizə, yaşıllıqların artırılması, çay vadilərinin, suların qorunması və ailə təsərrüfatlarının inkişaf etdirilməsində yabanı meyvə, dərman bitkilərindən səmərəli istifadə yolları və torpaqların münbitliyinin qorunması haqqında müzakirələr aparılmışdır.
Ay ərzində mühüm ekoloji tədbirlərdən biri kimi monitorinqlərin aparılması diqqətdə saxlanılmış, bu məqsədlə Naxçıvan şəhəri, Babək, Şahbuz, Kəngərli, Sədərək, Culfa, Ordubad və Şərur rayonlarının 31 yaşayış məntəqəsində monitorinqlər keçirilmiş, çatışmazlıqların aradan qaldırılması üçün tədbirlər görülmüşdür.
Sədərək Rayon Su Monitorinq Laboratoriyasında aprel ayı ərzində Araz çayının muxtar respublika ərazisinə daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən “Şir arxı”ndan hər birindən 9, Arpaçayın muxtar respublika ərazisinə daxil olan hissəsindən isə 4 olmaqla, ümumilikdə, 22 su nümunəsi götürülmüş və 208 analiz aparılmışdır.
Muxtar respublikada ekoloji tarazlığın mühafizəsi sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılmış, təsdiq olunmuş sxem-plan əsasında kənd təsərrüfatı əkinləri üçün yararsız olan torpaq sahələrində şoranlaşmış və eroziyaya uğramış torpaqların müəyyənləşdirilərək əkin dövriyyəsinə qaytarılması üçün yeni meyvə bağlarının salınması, bərpa aparılması, eləcə də toxumla əkin işləri davam etdirilmişdir.Yaşıllaşdırma tədbirləri zamanı, ümumilikdə, 15,5 hektar sahədə meyvə bağı salınmış, 9050 müxtəlif meyvə, 800 püstə tingi ilə əkin keçirilmişdir. 3,0 hektar sahədə bərpa aparılmış, bu məqsədlə 1350 müxtəlif növ meyvə və meşə tinglərindən istifadə olunmuşdur. Ümumilikdə, 47,7 hektar sahədə isə toxumla əkin aparılmış, 500 kiloqram müxtəlif toxumlardan istifadə olunmuşdur. Eyni zamanda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsindəki yaşıllıq zolaqlarında ziyanvericilərə qarşı mübarizə məqsədilə dərmanlama işləri həyata keçirilmişdir. Ərazilərdə cır meyvə ağaclarının məhsuldarlığının artırılması məqsədilə xüsusi mühafizə olunan təbiət əraziləri və meşə fondu sahələrində 573 müxtəlif meyvə ağaclarında alma, armud və alça şivləri ilə calaq işləri aparılmışdır. Ötən ay yeni toxmacarlıqlar yaradılmış, 2200 çinar, 120 ardıc, 950 üzüm, 60 heyva qələmi əkilmiş, ərazilərdə alaq otlarından təmizləmə və suvarma işləri davam etdirilmişdir. Həmçinin 3060 ərik, üzüm, badam və tut tinglərindən istifadə etməklə dibçəkdə ting yetişdirilmişdir.
22 aprel – Beynəlxalq Yer Kürəsi Günü ilə əlaqədar olaraq ekologiya könüllülərinin və digər gənclərin iştirakı ilə Heydər Əliyev Su Anbarının ətrafında “Gənclər ətraf mühitin çirklənməsinə yox deyir!” devizi altında təmizlik aksiyası keçirilmişdir. Gənclər, həmçinin “Könüllülər bağı”nda da aqrotexniki qulluq işləri aparmışlar. Eyni zamanda gənclərə ətraf mühitin mühafizəsinin əhəmiyyəti, bu sahədə həyata keçirilən tədbirlər haqqında ətraflı məlumat verilmişdir.
Naxçıvan Muxtar Respublikası
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidməti